Rusiyanın Ukraynaya elan etdiyi müharibənin bu gün 1 ili tamamlanır...
Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla bildirir ki, əslində, bu müharibə 2014-cü ildən Krımı işğal etməsi ilə davam edir, amma Rusiya-Ukrayna müharibəsi indi ən aktiv fazadadır. Rusiya Prezidenti Vladimir Putin 2022-ci ilin 22 fevralında Donetsk və Luqanskın müstəqilliyini tanıdığını bəyan etdi... Elə bundan sonra- 24 fevralda Rusiya Ukraynaya hərbi müdaxilə etməyə başladı. Rusiya Prezidenti bunu "xüsusi hərbi əməliyyat" adı altında rəsmiləşdirdi.
Bunun ardınca Rusiya Belarus ərazisindən də istifadə etməklə Kiyevə hücuma başladı, lakin bir müddətdən sonra hərbi uğursuzluqlara düçar oldu. Rusiya Kiyev, Sum, Çerniqovu zəbt etsə də, orada möhkəmlənə bilmədi və qoşunlarını bu regionlardan geri çəkməli oldu.
Rusiya Ukraynanın dörd vilayətini - Donetsk, Luqansk, Xerson və Zaporejye vilayətlərini özünə birləşdirdiyini də elan etdi. Bununla belə ilhaq edilən ərazilərin dəqiq bir xəritəsi yoxdur və həmin ərazilərdə müharibə davam etməkdədir. Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və hərbi texnikasının sayı isə belədir: Rusiyanın 146 820 hərbçisi zərərsizləşdirilib. Rusiyanın digər döyüş itkiləri: 3 363 tank, 6 600 zirehli maşın, 2 363 artilleriya sistemi, 474 reaktiv yaylım atəşi sistemi, 247 hava hücumundan müdafiə sistemi, 299 təyyarə, 287 helikopter, 2 033 PUA, 873 qanadlı raket, 18 gəmi/qayıq, 5 224 avtomobil texnikası və avtosistern, 229 xüsusi texnika!.
Tezadlar.az xatırladır ki, ABŞ və Avropanın demək olar bütün ölkələri Rusiyaya qarşı inanılmaz sanksiyalar tətbiq edib. Eləcə də Ukraynaya yüz milyardlarla maddi və hərbi yardımlarını davam etdirirlər...
Neçə gün əvvəl isə NATO rəhbərliyi Rusiyanın 24 fevralda Ukraynaya irimiqyaslı hücum edəcəyi təhlükəsindən bəhs etmişdi. Bu gün isə müharibə cəbhəsində nisbi sakitlikdir.
A.Məmmədli