Belə çıxır ki, Saakaşvili həbsdədirsə, onun bütün beynəlxalq insan hüquqları əlindən alınıb?
Məsələn, ona mükafat da verilə bilməz... Norveçin müxalifət partiyasının Mixeil Saakaşviliyə mükafat verməsi ilə əlaqədar bu ölkənin səfiri Gürcüstan Xarici İşlər Nazirliyinə çağırılıb. Tezadlar.az 24News.ge-yə istinadla xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumata əsasən, Norveç Krallığının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Helen Sand Anderseni xarici işlər nazirinin müavini Laşa Darsalia qəbul edib. Görüşdə Norveç Mühafizəkarlar Partiyasının Mixeil Saakaşviliyə insan haqlarının təbliğinə görə mükafat təqdim etməsi və Norveç səfirinin bununla bağlı səsləndirdiyi fikirlər müzakirə olunub. Bildirilir ki, Gürcüstanın Xarici İşlər Nazirliyində səfirə qeydə alınmış faktla bağlı Gürcüstan tərəfinin mənfi münasibəti çatdırılıb. Norveç Krallığının səfiri isə qeyd edib ki, Mixeil Saakaşviliyə insan haqqları ilə bağlı aylıq mükafatın verilməsi Norveç hökumətinin mövqeyini ifadə etmir və bu, konkret siyasi partiyanın təşəbbüsüdür.
Norveçin Tbilisidəki səfirliyi önündə bu gün bir qrup vətəndaş da etiraz aksiyası keçirib. Onlar, əvvəlki hökumət dövründə həbs edilən şəxslərin yaxınları olaraq insan haqları və demokratiya uğrunda mübarizədə Mixeil Saakaşviliyə mükafatın verilməsinə etiraz ediblər.
Bütün hallarda, beynəlxalq hüquq üzrə ekspertlər hesab edirlər ki, Saakaşvilinin mükafatlandırılmasında heç bir qanun pozuntusu yoxdur.
ELÇİN