Ermənistanın baş naziri Rusiyanı sanksiyalardan yayındırması ilə bağlı and -aman edib ki, bunlar şayiədir...
Almaniya Ermənistandan Rusiya Federasiyasına paralel idxalın və bank köçürmələrinin qarşısını almağı tələb edib. Rəsmi İrəvan isə Qərbin sanksiyalarına əməl etmək niyyətindədir.
Erməni KİV-i yazır ki, Ermənistanın baş naziri Nikol Paşinyan Berlinə səfərindən sonra Mərkəzi Bankın sədrinə, hökumət üzvlərinə və Dövlət Gəlirləri Komitəsinin rəhbərinə Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara ciddi əməl etməyi tapşırıb. Beləliklə, məhdudiyyətlərdən yan keçərək pul qazanan şirkətlər əvvəlki gəlirlərini itiriblər. Bundan əlavə, rusiyalı müştərilərin bank əməliyyatlarına nəzarət gücləndirilib.
“Qərb kommersiya bankları, xüsusən də ABŞ hazırda Rusiya Federasiyasına qarşı sanksiyalarla əlaqədar əməliyyatlara nəzarət sistemini nəzərdən keçirir, bu sistem çərçivəsində regiondakı bütün bankların, o cümlədən Ermənistan banklarının xarici əməliyyatları üçün şərtlər əhəmiyyətli dərəcədə sərtləşdirilib. ”, - deyə Ermənistanın Mərkəzi Bankı qeyd edib.
Qeyd olunur ki, Paşinyan Almaniyada əmin edib ki, Ermənistan Rusiyaya sanksiyalardan yan keçməyə kömək etmir.
"Demək istəyirəm ki, Aİ-dən Ermənistana nəinki idxal artıb, hətta Ermənistandan Aİ ölkələrinə ixrac da artıb və bu, həm də onunla bağlıdır ki, biz Aİ ilə əlaqələr qurmaqda maraqlıyıq. Sanksiyalardan yayınma ilə bağlı şayiələrə gəlincə, qeyd etməliyəm ki, bunlar şayiələrdən başqa bir şey deyil. Reallıq isə bunun əksidir”, - deyə Ermənistanın baş naziri bildirib.
JASMİN