İsaxan VƏLIYEV, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Hüquq kafedrasının müdiri, hüquq elmləri doktoru, professor

Vətən müharibəsindən sonra regionda yaranmış yeni geosiyasi reallıqlar fonunda Azərbaycanın Türkiyə və Pakistanla həm ikitərəfli, həm də üçtərəfli təmasları güclənib. 2021-ci il iyulun 27-də hər üç ölkənin parlament sədrlərinin imzaladığı Bakı Bəyannaməsi yeni mərhələdə üçtərəfli əməkdaşlığın yeni konturlarının müəyyənləşdirilməsi baxımından əhəmiyyətlidir.

Respublikamız həm Türkiyə, həm də Pakistanla diplomatik əlaqələr qurulmasının 30-cu ildönümü ərəfəsindədir. Ötən müddətdə Azərbaycanın bu dövlətlərlə münasibətlərinin yüksələn xətlə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi üçtərəfli formatda yeni siyasi razılaşmasının əldə olunmasına zəmin yaradıb. Azərbaycan, Türkiyə və Pakistanın dövlət qurumları, o cümlədən, müdafiə və xarici işlər nazirlikləri arasında çevik və səmərəli münasibətlər qurulub. Üç ölkənin xarici işlər nazirlərinin 30 noyabr 2017-ci il tarixdə Bakıda keçirilmiş ilk görüşü zamanı siyasi, iqtisadi, sülh və təhlükəsizlik, elm və texnologiya, humanitar sahələr də daxil olmaqla, qarşılıqlı maraq doğuran istiqamətlərdə əməkdaşlığın dərinləşdirilməsi məramı ifadə olunub.

Üçtərəfli dialoq formatında Xarici İşlər nazirlərinin ikinci görüşü 13 yanvar 2021-ci il tarixdə İslamabad şəhərində baş tutub. Pakistan, Türkiyə və Azərbaycan yerləşdikləri bölgələrdə sülhün, sabitliyin, tərəqqinin təşviqi, üzləşdikləri qlobal təhdidlərə – terrorçuluğa, islamafobiyaya, müsəlman azlıqların təqibinə, kibercinayətkarlığa, hibrid müharibəyə qarşı, habelə COVID-19-la mübarizə sahələrində səylərini gücləndirəcəklərini bəyan ediblər. Xarici İşlər nazirlərinin İslamabad görüşündə, həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası və reabilitasiyası, eləcə də, regional konsensusun əldə olunması prosesinə Türkiyə və Pakistanın birmənalı siyasi dəstəyi ifadə olunub. XİN rəhbərlərinin üçüncü görüşünün 2022-ci ildə Türkiyədə keçirilməsi ilə bağlı razılıq əldə edilib.

Ümumiyyətlə, rəsmi Ankara və İslamabadın İkinci Qarabağ müharibəsi dövründə də Azərbaycanın haqlı mövqeyini birmənalı müdafiə etməsi, Ermənistanın işğalçılıq siyasətini pisləyən bəyanatlar verməsi, eləcə də qlobal informasiya dəstəyi rəsmi Bakı tərəfindən yüksək dəyərləndirilir. Türkiyə və Pakistanın ötən 30 ildə işğalçı Ermənistanı rəsmən tanımaması və bu ölkə ilə hansısa diplomatik əlaqələr qurmaması onların Azərbaycanla münasibətlərə necə mühüm dəyər verdiklərinin əyni sübutudur.

İslam Konfransı Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər nüfuzlu beynəlxalq təşkilatların üzvü olan Türkiyə və Pakistanın müsəlman dünyasında böyük nüfuzu var. Bu ölkələrlə üçtərəfli formatda əməkdaşlıq Azərbaycana müsəlman aləmində mənafelərini təmin etmək, daha çox müsəlman dövlətinin dəstəyini qazanmaq imkanı yaradır. Bakı Bəyannaməsi üç ölkənin xarici işlər nazirlikləri ilə yanaşı, parlametlərinin də fəaliyyətlərinin kordinasiyasına, onların beynəlxlaq təşkilatlarda bir-birilərinə fəal siyasi dəstək vermələrinə, qarşılıqlı maraq doğuran məsələlərdə vahid mövqedən çıxış etmələrinə zəmin formalaşdırıb.

Türkiyə və Pakistanın nüfuzlu orduya, müdafiə sənayesi potensialına malik olmaları Azərbaycanın bu strateji tərəfdaş ölkələrlə hərbitexniki əməkdaşlığına və təcrübə mübadiləsinə imkan yaradıb. Hər üç ölkənin müdafiə nazirlikləri arasında qarşılıqlı təcrübə mübadiləsinin və əməkdaşlığın dərinləşdirilməsi istiqamətində məsləhətləşmələr həyata keçirilir.

Pakistan parlament səviyyəsində Xocalı qətliamını soyqırımı aktı kimi tanıyan azsaylı ölkələrdən biridir. Azərbaycan, öz növbəsində, hər zaman Türkiyə və Pakistanla əməkdaşlığa, müttəfiqliyə böyük əhəmiyyət verib, bu strateji tərəfdaş ölkələrin problemlərinə həssas yanaşıb, Kəşmir və Kipr problemləri ilə bağlı dəstəyini əməli şəkildə ifadə edib. Pakistanın Türkiyə ilə strateji müttəfiqlik münasibətlərinin mövcudluğu üçtərəfli formatda siyasihərbi əməkdaşlıq üçün imkanlar açır. Hər üç ölkənin strateji müttəfiqlik əlaqələri, eyni zamanda, diplomatik sferada maraqların uzlaşdırılmasına imkanlar açır. Türkiyə, Pakistan və Azərbaycan fəaliyyətlərini kordinasiya edərək beynəlxlaq təşkilatlarda bir-birinə fəal siyasi dəstək verir.

Hər üç ölkə ən çətin və xoş günlərdə biri-birinin yanındadır. Qardaş Türkiyənin bölgələrində meşə yanğınlarının davam etdiyi bu ağır günlərdə Azərbaycan qardaş ölkənin yanında olduğunu sübut edərək oraya 500 nəfərlik yanğınsöndürən qrup, zəruri texnika və təyyarə göndərib.

Türkiyə və Pakistan şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində abadlıq və quruculuq işlərində yaxından iştirakının təmin edilməsi ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafına da təkan verəcək. Parlament sədrlərinin Bakı Bəyannaməsində mövcud əlaqələrin daha da dərinləşdirilməsi üçün parlamentar dialoqun və əməkdaşlığın gücləndirilməsi, ölkələrin yerləşdikləri bölgələrdə sülhün, sabitliyin, təhlükəsizliyin və inkişafın, qlobal təhdidlərə qarşı səmərəli mübarizənin təşviqi məsələləri əksini tapıb.

Bakı Bəyannaməsində hər üç dövlətin COVID-19 pandemiyası ilə qlobal mübarizəsinə, bu istiqamətdə beynəlxalq əməkdaşlıq və həmrəyliyin gücləndirilməsinə dair çağırışların yer alması sənədin aktuallığını və əhəmiyyətini daha da artırır.

Azərbaycan, Türkiyə və Pakistanın parlament sədrlərinin Bakı Bəyannaməsinin imzalanmasından dərhal sonra Şuşa şəhərinə səfər etmələri həm də Ermənistana ciddi mesaj kimi qəbul olunmalıdır. İstər Türkiyə ilə imzalanmış ikitərəfli Şuşa Bəyannaməsində, istərsə də üçtərəfli Bakı Bəyannaməsində ölkələrin ərazi bötüvlüyü və suverenliyinə yönələn təhdidlərə qarşı birgə mübarizənin təşkilinə dair fikirlər yer alıb.

Nəzərə almaq lazımdır ki, postmüharibə dövründə rəsmi Bakının qarşısında duran əsas vəzifələrdən biri də Ermənistanın və ermənipərəst dairələrin ölkəmizə qarşı apardıqları informasiya təxribatlarının qarşısının alınması, səmərəli əks-hücumun təşkilidir. Bu xüsusda ölkəmizə səfər edən rəsmi şəxslərin, parlament üzvlərinin, QHT nümayəndələrinin və s. işğaldan azad edilmiş ərazilərə səfərlərinin təşkili, onlara real vəziyyətlə əyani tanışlıq imkanlarının yaradılması Ermənistanın ifşası baxımından əhəmiyyətlidir. Pakistan və Türkiyənin parlament sədrlərinin, eləcə də deputatlarının şəfəri həm də Şuşanın tarixi Azərbaycan şəhəri və İslam mədəniyyəti incilərindən biri kimi qəbul olunduğunu dünyaya göstərməkdir.

Azərbaycan Ermənistanın Qarabağda törətdiyi vandalizm aktlarını həm də strateji müttəfiqləri olan Türkiyə və Pakistan dövlətlərinin parlamentarlarının dəstəyi ilə bütün dünyanın diqqətinə çatdırmağa nail olur. Bu səfər Şuşa şəhərinin İCESCO tərəfindən “İslam mədəniyyətinin paytaxtı” kimi qəbul olunması prosesini də sürətləndirəcək.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN