Yunus Oğuz: "Türkiyə vətəndaşlarında dövlətə və dövlət başçısına bir güvənlik var"
Müsahibimiz "Olaylar" qəzeti və "Olaylar" İnformasiya Agentliyinin baş redaktoru, yazıçı-publisist Yunus Oğuzdur:
-Yunus bəy, Türkiyədə keçirilən prezident və parlament seçkilərinin nəticələrini necə qiymətləndirirsiniz?
-Türkiyədə keçirilən prezident və parlament seçkiləri bir çox məsələlərə aydınlıq gətirdi. Bəzi qüvvələr arxayın idilər ki, seçkilərdə Kamal Kılıçdaroğlu 70 faiz səslə qələbə qazanacaq. Ona görə də ermənilər Rusiyanın dəstəyi ilə mayın 11-də Zod tərəfdən hücuma keçdilər, lakin burunları ovuldu. Fələstin və İsrail arasında problemlər ortaya çıxdı. Bu hadisələrin fonunda İran Fələstində düyməni basdı və orada yaratdığı terror təşkilatları fəaliyyətə keçdi. Çünki arxayın idilər ki, Ərdoğan uduzur, Kılıçdaroğlunun köməyilə Türkiyədə Orta Dəhliz yaradılacaq. Ardınca məsələlər bir az da qəlizləşdi. Artıq məlum idi ki, Kılıçdaroğlunun başında Avropanın durduğu dəstəsi elə də çox səs yığa bilməyəcək. Ona görə də Brüssel görüşünün keçirilməsi reallaşdı. Bu görüşdə isə heç bir rəsmi sənəd imzalanmadı. Sadəcə razılıq oldu ki, ərazilər 1991-ci il Alma-ata razılaşması əsasında tanınsın. Bir tərəfdən bu bizim qələbəmizdir ki, ən azından Ermənistan 88 min kvadrat kilometrlik ərazimizi tanıyır. Lakin, məlumduir ki, SSRİ vaxtında Ermənistanın ərazisi 9 min kvadrat kilometr olub. Sonradan Azərbaycanın əraziləri hesabına 20 min kvadrat kilometr əldə ediblər. Bu baxımdan görüşün nəticələri ürəkaçan olmasa da, nəzərə alaq ki, ərazilərimizi mərhələli şəkildə əldə edirik.
-Ərdoğanın prezident seçiləcəyi ilə bağlı hələ də təzadlı fikirlər var. Seçkilərin ikinci turundan nə gözləyirsiniz?
-Prezident seçkilərinin ikinci turunda da Ərdoğan qalib gələcək. Mən deyirəm ki, prezident Ərdoğandır. Çünki parlament onların əlindədir, Ərdoğandan başqa seçilən prezident hansı qərarı qəbul etsə parlamentdə baykot ediləcək. Bu isə sözün əsil mənasında xaos deməkdir. Hamı elə bilir ki, Sinan Oğan 5 faiz səsini verməsə Ərdoğan elə 49 faizdə qalacaq. Əslində elə deyil, Sinan Oğan səsini versə də, verməsə də Ərdoğan seçiləcək. Sinan Oğanın tərəfdarları bitərəf olsalar da millətçi kəsimdirlər, ona görə iki nəfər arasında seçimlərini etməlidirlər. Sinan desə ki, Kılıçdaroğluna tərəf gedir, o da düşəcək quyunun dibinə. Nəzərə almaq lazımdır ki, orda FETO- çu, PKK, terrorçular, dədəsini tanımayanlar var. Artıq Kılıçdaroğlu gəmisindən qaça-qaç düşüb. Belə getsə onlar ortada qalacaqlar, artıq məlumatlar gəlir ki, onlar "Cümhür İttifaqı"na tərəf gəlirlər. Onlar bayraqdırlar, qələbə haradadır, ora da gedəcəklər.
-Ərdoğan Avropanın planlarını puça çıxartdı, eynu zamanda, dünyaya göstərdi ki, demokratik seçkilər keçirmək iqtidarındadır. Belə bir şəraitdə Türkiyə dünyanın hegemon dövləti rolunu oynaya bilərmi?
-Əslində Türkiyə bu yolla gedir. Ərdoğan bəyan etdi ki, seçkilərin nəticəsini gözləmədən Türkiyənin yüz illik planını hazırlayırıq. Bu o deməkdir ki, yüz ilə Türkiyə hegemon dövlət olacaq. Bunu bir-iki ilə reallaşdırmaq olmur. Bir dəfə də demişdim ki, artıq dünyanın geosiyasəti dəyişib. Bax, bu həmin geosiyasətin tərkib hissəsidir. Avropa dövlətləri Brüssüldə də əmin oldular ki, Paşinyanın başından vurmaq lazımdır. Makron nə qədər çalışdı ki, üçtərəfli görüşdə iştirak etsin, lakin imkan vermədilər. Dedilər ki, sən ora gəlib aləmi bir-birinə vurursan, danışıqlar pozulur. Özü də bunu Rusiyanın fonunda edirlər. Brüsseldə danışıqlar elə bir vaxtda başladı ki, Rusiyanın 4 qırıcı təyyarəsi Bryanskda vuruldu. Rusiyanı oradan, Paşinyanı da buradan sıxırlar ki, Zəngəzur yolu açılmalıdır. Bu məsələdə iqtisadi potensialına, əhali sayına görə aparıcı dövlət Azərbaycandır.