Mərkəzi Asiyada yerləşən və 652 864 kv. км əraziyə sahib olan Əfqanıstanda “Taliban” qruplaşması ilə hökumət qüvvələri
arasında gedən müharibə, nəinki sərhədyanı ölkələr – Türkmənistan, Özbəkistan, Tacikistan, Pakistan, İran və Çin üçün narahatlıq yaradır, həmçinin Rusiya və Türkiyəni də ön hazırlıqlarını görməyə vadar edib.
Son günlər isə “Taliban” yaraqlılarının Əfqanıstanda, əsasən də Tacikistanla sərhədyanı əyalətlərdə nəzarəti öz əlinə alması Rusiyanı ciddi şəkildə narahat edib.
"KTMT üzv ölkələrin mümkün təxribatlara hazırlıqlı olmaları Rusiya üçün son dərəcə vacibdir "
Rusiyanın müdafiə naziri Sergey Şoyqu Əfqanıstandakı vəziyyəti belə şərh edib: “Əfqanıstanın Özbəkistan və Tacikistan sərhədi "Taliban"ın nəzarətinə keçib. "Taliban" Kunduz əyalətini ələ keçirib ki, bura olduqca böyük və ciddi bir mərkəzdir”.
O, Əfqanıstandan narkotik qaçaqçılarının və terrorçuların Tacikistan, Qırğızıstan və Özbəkistan üzərindən əvvəllər də Rusiyaya keçməsi kimi təhdidlərin olduğunu bildirib.
Şoyqu taliblərin bitişik ərazilərə hücum edərkən sərhədi keçməyə cəhd etməyəcəkləri barədə söz verdiklərini, lakin buna baxmayaraq, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin mümkün təxribatlara hazırlıqlı olmalarının Rusiya üçün son dərəcə vacib olduğunu da vurğulayıb.
Qeyd edək ki, son günlər Rusiya Tacikistanın Əfqanıstanla sərhədində Tacikistan və Özbəkistanla kütləvi hərbi təlimlər keçirib.
"Həm İran qapısından, həm də İraqdan ciddi şəkildə divarlarımızı yüksəldirik."
KİV-in məlumatına görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da qatıldığı canlı yayımda bu məsələyə münasibət bildirib.
"Taliban"la bəzi danışıqlar keçirilənə qədər hazırda müvafiq qurumlarımız fəaliyyətlərini davam etdirir. Hətta bəlkə mənim belə onların liderini qəbul etməyim mümkün ola bilər" deyib.
Ərdoğan ABŞ əsgərlərinin Əfqanıstandan çıxmağa başladıqdan sonra "Taliban"ın irəliləyişinin sürətləndiyini söyləyib ki, əgər onları (Taliban) yüksək səviyyədə idarə edə bilməsək, Əfqanıstanda sülhü qorumağımız mümkün olmayacaq: ”Ona görə də yüksək səviyyəli səlahiyyətlilərimizi xaricə göndərdik. Eyni zamanda, bununla əlaqdar bu gün Qətərlə rəsmi danışıqlarımız oldu. "Taliban"ın atdığı addımları harada dayandıra bilərik, harada sülh istiqamətində bir addım atarıq, bunu diplomatik yolla həll etməliyik", - deyə bildirib.
Prezident Ərdoğan "Taliban"ın irəliləyişindən qaçaraq Türkiyəyə gələn əfqanlarla əlaqədar olaraq isə deyib ki, həm İran qapısından, həm də İraqdan ciddi şəkildə divarlarımızı yüksəldirik. Burada yüksələn divarlar bu nizamsız köçün ölkəmizə girməsinin qarşısını almaq üçündür. Yaxalanan qanunsuz əfqan miqrantların əhəmiyyətli hissəsi səlahiyyətli qurumlar tərəfindən Əfqanıstana geri göndərildi.
Qeyd edək ki, Reuters AB-nin yüksək rütbəli məmuruna istinadən xəbər verib ki, hal-hazırda Əfqanıstan ərazisinin 65% -ə qədəri "Taliban"ın nəzarətindədir.
Son məlumatlara görə, Taliban hərəkatının nümayəndəsi Zabiulla Mücahid Əfqanıstanın Qəndəhar şəhərində yerləşən həbsxananı ələ keçirdiklərini açıqlayıb. Bu barədə o, Tvitter hesabında yazıb. “Taliban”ın məlumatına görə, yüzlərlə məhbus sərbəst buraxılıb, islah müəssisəsinin işçiləri isə təslim olub.Taliblər Şiberqan və Farahdakı hava limanlarını da ələ keçirdiklərini açıqayıblar.
"Tolo News" telekanalı da yerli sakinlərə istinadən xəbər verib ki, “Taliban”çılar yenidən Qəndəhar və qonşu Oruzqan əyalətinə hücuma keçiblər.
JASMİN