Gürcüstanın baş naziri İrakli Qaribaşvili istefa verir.
Tezadlar.az Gürcüstan mediasına istinadla xəbər verir ki, bu barədə baş nazir İrakli Qaribaşvili hökumət administrasiyasında keçirdiyi brifinqdə bildirib. O bildirib ki, Siyasi Şuradan partiyanın sədri vəzifəsini tutmaq təklifi alıb: “Komanda ilə müzakirə etdiyimiz qərar barədə ictimaiyyəti məlumatlandırmaq istərdim. Bu gün mən baş nazir postunu tərk edirəm. Bu qərarın səbəblərini qısa, lakin aydın şəkildə izah edim. Ötən ilin sonunda üç illik fəaliyyətimlə bağlı geniş hesabatı ictimaiyyətə təqdim etdim. Bildiyiniz kimi, mən ən çətin dövrdə, daxili və beynəlxalq siyasi, iqtisadi və sosial böhranlar şəraitində ikinci müddətə hökumət başçısı vəzifəsində işləməyə başladım. Mən ölkəmizə açıq-aşkar xidmət etdim, ölkəmizin, xalqımızın mənafeyini barışmaz müdafiə etdim və bu müddət ərzində birlikdə əldə etdiyimiz nəticələrlə fəxr edirəm. “Gürcü arzusu”nun idarəçilik dövründə bu ən yüksək vəzifədə iki dəfə işləməli oldum, ümumilikdə 5 il baş nazir oldum. Siyasi komandamızın gücünü göstərən əsas amillərdən biri daxili demokratiyadır ki, bunun ən bariz təzahürü rotasiya prinsipidir. Komandada çoxlu uğurlu liderlər var və başqalarına da imkan vermək lazımdır. Üstəlik, indi qarşımızda yeni vəzifələr durur, biz payızda yeni parlament seçəcəyik və “Gürcü arzusu” seçkilərdə inamlı qələbə çalmağa hazırlaşmalıdır ki, biz daha böyük məqsədlərə nail olmaq üçün irəliləməyə davam edək”.
Qaribaşvili Bidzina İvanişviliyə, dövlət strukturlarına və dövlət qulluqçularına, eləcə də ailəsinə göstərilən dəstəyə görə təşəkkür edib. Qeyri rəsmi məlumatlara görə, yaxın vaxtlarda İrakli Kobaxidze baş nazir postunda İrakli Qaribaşvilini əvəz edəcək. Məlumat üçün bildirək ki, İrakli Qaribaşvili ilk dəfə 2013-cü ildə Gürcüstanın baş naziri vəzifəsini tutub. O, bu vəzifədə “Gürcü arzusu”nun yaradıcısı Bidzina İvanişvilini əvəz edib, lakin 2015-ci il dekabrın 30-da istefa verib. Daha sonra Giorgi Kvirikaşvili Gürcüstanın baş naziri postunda İrakli Qaribaşvilini əvəzləyib. İrakli Qaribaşvili ikinci dəfə Gürcüstan hökumətinin başçısı vəzifəsinə gəlməzdən əvvəl ölkənin müdafiə departamentinə rəhbərlik edib və o, 2021-ci il fevralın 22-də Giorgi Qaxariyanı əvəzləyərək ikinci dəfə baş nazir vəzifəsini tutub.