Dörd il əvvəl Mərkəzi Asiya ölkələri kənarda idi və indi Avropa İttifaqı onlarla tərəfdaşlıq əlaqələrini inkişaf etdirmək niyyətindədir.
TEZADLAR.AZ xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrell investisiya nəqliyyatı forumunda çıxışı zamanı deyib.
“Mövcud mürəkkəb geosiyasi şəraitdə Mərkəzi Asiya Aİ üçün əsas tərəfdaşa çevrilir. Mən əvvəllər demişdim ki, dörd il əvvəl Brüsseldə işə başlayanda Mərkəzi Asiya bir qədər kənarda idi, amma indi siz bütün hadisələrin mərkəzindəsiniz”, – Josep Borrell bildirib.
O, anti-Rusiya sanksiyalarının effektivliyinə nail olmaq üçün Avropa İttifaqı ilə region dövlətləri arasında əlaqələrin gücləndirilməsinin vacibliyini qeyd edib.
“Biz Mərkəzi Asiyadakı tərəfdaşlarımızla Rusiya arasında ticarəti diqqətlə izləyirik, hansı mexanizmlərin sanksiyalardan yan keçməsinə imkan verdiyini təhlil edirik”, - Avropa diplomatiyasının rəhbəri vurğulayıb.
O, etiraf edib ki, Avropanın regiona investisiyası siyasi xarakter daşıyır və “ortaq dəyərləri qorumaq” üçün nəzərdə tutulub.
Qeyd edək ki, yanvarın 29-dan 30-dək Brüsseldə Aİ və Mərkəzi Asiya Nəqliyyat İnvestisiya Forumu keçirilir. Burada Qırğızıstan, Tacikistan, Özbəkistan, Türkmənistan və Qazaxıstandan nümayəndələr iştirak edir.
JASMİN