Dünən Birləşmiş Ştatlar sülh sazişi üzrə danışıqları irəli sürmək üçün mayın 10-da Almatıda Azərbaycan və Ermənistan xarici işlər nazirlərini qəbul etmək təklifini alqışlayıb.
Tezadlar.az xatırladır ki, Dövlət Departamentinin sözçüsü TURAN-ın sorğusuna cavab olaraq bildirib ki, “Almatı mühüm, simvolik yerdir”. “Biz Qazaxıstanın görüşə ev sahibliyi etmək təklifini alqışlayırıq”.
Xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan fevralın sonunda Berlində keçirilən danışıqlardan sonra ilk dəfə cümə günü görüşəcəklər. Dövlət Departamentinin sözçüsü daha sonra deyib: “Dəfələrlə qeyd etdiyimiz kimi, biz Ermənistan və Azərbaycan arasında bu günə qədər əldə edilmiş tərəqqidən ruhlanırıq və hər iki ölkə bütün regionun rifahı naminə sülh sazişinə doğru irəlilədiklərini dəstəkləyirik”.
Dövlət Departamenti keçən ay hər iki ölkənin 1991-ci il Alma-Ata Bəyannaməsini sərhədin delimitasiyası üçün əsas kimi qəbul etməyə razılıq verməsi barədə bəyanatı alqışlayıb. Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel aprelin 25-də jurnalistlərə deyib: “Bu, uzunmüddətli və şərəfli sülh sazişinin əldə edilməsi istiqamətində mühüm addımdır”.
Ermənistanda isə araqarışdıran müxaliflər bu danışıqlara və sülh sazişinə mane olmaq istəyir. Lakin Paşinyan bütün bunlara baxmayaraq, məsələyə soyuq başla yanaşır və bölgədə sülh vı mehriban qonşuluq siyasətinin alternativinin olmadığını düşünür, uyğun addımlar atmaqda davam edir.
A.Məmmədli