Asif Mərzili: «Qəzetin rəsmi saytının ən müasir proqram təminatı ilə istənilən yazı dünyanın 37 dilinə avtomatik tərcümə edilir»
«Təzadlar» qəzetinin Medianın İnkişafı Agentliyinin layihələrində qalib olması qəzetin rəsmi saytının da proqram təminatının ən müasir səviyyədə olmasını diqtə edib. Belə ki, Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə bu ilin iyul ayından bir sıra yeniliklərə imza atılmışdır. Qəzetin və saytın rəhbəri, Avropa Jurnalistlər Federasiyasının üzvü, TRTAJANS Media Holdinqi İdarə Heyətinin sədr müavini Asif Mərzili bu barədə danışdı:
- Çap mediası gələcəyimizə daşınan güvənli, pozulmaz arxiv olaraq bütün dünyanın informasiya məkanında öz çəkisini qoruyub saxlamaqdadır. Lakin informasiyanın operativliyi baxımından, təbii ki, elektron və sosial media öndədir, elmin-texnikanın müasirliyinə həmahəng olaraq sürətlə irəliləyir. Prezident yanında Medianın İnkişafı Agentliyinin bu ilin yayında ADA-da keçirdiyi təlimlərdə də qeyd olunurdu ki, çap mediası ilə elektron medianın paralel olaraq informasiya daşıyıcılığı inkişaf etdirilməlidir. Agentliyin rəhbərliyinə minnətdarlıq hissi ilə deməliyəm ki, həqiqətən də son bir ildə bu sahədə olduqca müsbət irəliləyişlər vardır, qurumun həm ölkəmizdə, həm də xaricdə həyata keçirdiyi layihələr təqdirəlayiqdir. Bildiyiniz kimi, «Təzadlar» qəzetinin saytı da bu il Agentliyin medianı dəstəkləmə layihəsinə qoşulmuşdur. Əsas şərtlərdən biri saytın ən müasir proqram təminatı ilə gələcəyə doğru inkişafı, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasıdır. Biz də bu siyasəti dəstəkləyən media olaraq saytımızı Türkiyənin tanınmış media mütəxəssislərindən olan, Türkiyə Qəzetçilər Assosiasiyasının Prezidenti, TRTAJANS İdarə Heyətinin sədri Salih KURTun köməkliyi ilə yeni formada qurduq. Onu da deyim ki, qəzetimizin Trtajans Media Holdinqi ilə rəsmi əməkdaşlıq müqaviləsi də vardır. Məqsəd türk dünyasının maraqlarını dünyada qorumaq, Azərbaycan və Türkiyə həqiqətlərini dünyaya yaymaq, erməni yalanlarını ifşa etməkdir… Bunün üçün isə, təbii ki, saytın məlumat və yazılarının xarici dillərdə dünya oxucusu üçün əlçatan edilməsidir. Odur ki, qəzetin rəsmi tezadlar.az saytının ən müasir yeni proqram təminatı sayəsində hazırda istənilən yazını dünyanın 37 dilinə avtomatik tərcümə edib oxumaq mümkündür. Azərbaycan milli saytlarında ilk olaraq bu proqram tezadlar.az saytında tətbiq edilmişdir. Düzdür, yerli saytlarımızda (eləcə də rəsmi və müstəqil informasiya agentliklərində) 3 və ya 4 dildə-Azərbaycan, rus, ingilis və fransız dillərində yazılar yerləşdirilir. Lakin bizim saytda Azərbaycan dilində olan istənilən xəbəri və ya məlumatı, yazını eyni zamanda dünyanın 37 dilində oxumaq mümkündür. Hətta biz erməni dilini də buraya daxil etmişik. Çünki həmişə erməni siyasətçilərin və tarixçilərin yalanları ilə aldadılmış sadə erməni ictimaiyyətinin indi Azərbaycan həqiqətlərinin nədən ibarət olduğunu bilməsi çox vacibdir… Hətta son günlər fb-də erməni oxucular tərəfindən mənə dostluq təklifləri göndərənlər də vardır…
-Bəs əcnəbi oxucular saytdakı yazını öz dillərində necə oxuya bilərlər?
-Çox sadə… Saytdakı istənilən yazı-informasiya açılır, sonra ana səhifənin üst hissəsinin sağ yuxarı küncündəki «Axtarış» bölümünün solunda olan «ramka»nı tıklayır və orada dünyanın 37 dilində alqoritm görünür. Hər bir ölkənin oxucusu öz ölkəsinin dilini seçib tıklayır. Xəbər avtomatik olaraq bir neçə saniyə ərzində həmin dilə tərcümə edilir… Təkrar edirəm, bu Azərbaycan mediasında hələki ilkdir, inanıram ki, bu proqram, baha olsa da, digər saytlarımızda da tətbiqini tapacaq. Çünki indi hər bir medianın, siyasətçilərin, ölkə vətəndaşlarının ümdə vəzifəsi Azərbaycan gerçəkliklərini dünyaya çatdırmaqdır…
JASMİN