“Prezident İlham Əliyev növbəti dəfə Ermənistanı Azərbaycanın ərazi bütövlüyünü tanımağa, müharibə səhifəsini bağlamağa çağırdı“

 Bu sözləri millət vəkili Könül Nurullayeva “Təzadlar”a açıqlamasında bildirdi. Millət vəkili qeyd etdi ki, “Prezident İlham Əliyev İspaniyanın EFE informasiya agentliyinə müsahibəsində postmüharibə dövründə Azərbaycanın mövqeyini bir daha dünya ictimaiyyətinə çatdırdı. Dövlət başçımıza ünvanlanan suallara gəlincə, BMT Baş Assambleyasının sessiyası çərçivəsində Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşünün müharibə bitəndən sonra birinci dəfə baş verməsi, Azərbaycanın sülh sazişi üzərində Ermənistanla işləməyə başlamağa hazır olması və qarşı tərəfdən uzun müddətdir ki, buna cavab gözlənilməsi İspan KİV-i vasitəsilə beynəlxalq ictimaiyyətə bəyan olundu”.

“Prezident İlham Əliyev Ermənistanı Azərbaycanın ərazi bütövlüyünü tanımağa, müharibə səhifəsini bağlamağa çağırdı və bunun Ermənistanın yeganə xilası olduğu bir daha diqqətə çatdırıldı. Agentliyin sualına cavab olaraq, status məsələsinə də aydınlıq gətirildi. Rəsmi Bakının bu məsələ ilə bağlı mövqeyi kifayət qədər prinsipial və aydındır-status tarixdə qaldı və bu mövzunun məqsədli şəkildə olsa belə gündəmə gətirilməsinin heç bir perspektivi yoxdur. Dövlət başçısının da söylədiyi kimi, çünki Dağlıq Qarabağ mövcud deyil. Bizim ərazimizdə belə inzibati vahid yoxdur”., -deyən K.Nurullayeva əlavə etdi: “...Azad olunmuş ərazilərin hazırki vəziyyətinə gəlincə, dövlət başçımız növbəti dəfə mina probleminə diqqət çəkdi və Ermənistanın mina xəritələrini təqdim etməməklə, prosesə ziyan vurduğunu xatırlatdı. Bu azmış kimi, bəzi beynəlxalq təşkilatların azad olunmuş ərazilərin bərpasında maraqlı görünməməsi təəssüf doğurur. Bu mənada Prezidentin Avropa İttifaqının Ermənistan üçün 2.6 milyard avro həcmində iqtisadi yardım etməyə hazırlaşmasını qeyd etməsi təsadüfi deyildi. Bakı haqlı olaraq həmin həcmdə məbləğin eyni şərtlərlə işğaldan əziyyət çəkmiş tərəfə - Azərbaycana da təklif edilməsini tələb edir. Yəni, İttifaq özünü dürüst aparmalıdır. Bizim 10 min kvadratkilometr sahəyə malik olan, tamamilə dağıdılmış ərazimiz, yüzlərlə şəhər və kəndlərimiz var.  Rəsmi Bakı Avropa İttifaqına dürüst vasitəçi kimi etibar edir. Bərpa prosesinə gəlincə, Azərbaycan öz gücü hesabına quruculuq işlərini davam etdirir.  Azad olunmuş ərazilərin yenidən qurulmasına yalnız bu il üçün 1 milyard 300 milyon dollar həcmində vəsaitin ayrıldığını xatırlatmaq kifayət edir... Münaqişənin həllindən sonra bölgədə yaranmış yeni əməkdaşlıq mühitinə gəlincə, Ermənistanın “3+3” regional əməkdaşlıq platformasına dair Türkiyə Prezidentinin təklifinə hələ də cavab verməməsi yeni mərhələdə kimin pozucu, kimin konstruktiv mövqedən çıxış etməsini anlamağa imkan yaradır. Prezident İlham Əliyev EFE agentliyinə müsabəsində bir daha xatırlatdı ki, əslində biz bu il ərzində daha çox irəliləyişə nail ola bilərdik. Bununla belə, Azərbaycan Ermənistanla hər iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında normal münasibətlər qurmaq istəyir. Dərhal sərhədlərimizin delimitasiyası və əlbəttə ki, bu proses bitəndən sonra demarkasiyasına başlamağa hazırıq. Həmçinin biz gələcək sülh sazişi üzərində Ermənistanla işləməyə başlamağa hazır olduğumuzu bildirmişik...”.

Təqdim etdi: A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN