Bakıda Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələr arasında “Üzgüçülük hamı üçün” layihəsinin final mərhələsinə start verilib.
Qurumdan Tezadlar.az-a verilən məlumata görə, yarışın açılış mərasimində çıxış edən gənclər və idman naziri Fərid Qayıbov turnir iştirakçılarına uğurlar arzulayıb və yarışı açıq elan edib.
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyasının birgə əməkdaşlığı ilə Bakı Su İdmanı Sarayında iki gün davam edəcək turnirdə 15 müxtəlif yaş kateqoriyası üzrə (9 yaşdan aşağı, 9-10 yaş, 11-12 yaş, 13-14 yaş, 15-16 yaş, 17-19 yaş, 20-24 yaş, 25-29 yaş, 30-34 yaş, 35-39 yaş, 40-44 yaş, 45-49 yaş, 50-54 yaş, 55-59 yaş və 60 yaşdan yuxarı) iştirakçılar üzürlər.
İlk günün nəticələrinə görə 30-34 yaş kateqoriyasında qadınlar arasında Kaba Yurdanur birinci, Tubu Əbdülzadə ikinci yerlərə layiq görülüblər. Kişilər arasında Bugra Karahan birinci olub. Darya Özkök yarışı ikinci, Kemal İsmaloğlu üçüncü pillədə başa vurublar.
35-39 yaşlı qadınlar arasında Sanem Tanlı fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Duyğu Gizem Çelikçeken ikinci, Tububa Aktaş və Gül Yaman üçüncü yerlərə layiq görülüblər. Kişilər arasında Yahya Vural Kaya, Emil İbrahimov və Elçin Bəkirov fərqləniblər.
40-44 yaşlı qadınlar arasında Nataliya Mordasova, Günay Hacıyeva, Olqa Maynitskaya fərqləniblər. Kişilər arasında Ramil Məmmədov və Mehdi Qafarov birinci yeri tutublar.
50-54 yaşlı qadınlar arasında Alyona Süleymanova birinci olub. Kişilər arasında Bora Babaoğlu yarışı birinci pillədə başa vurub. Rüfət Ələmdarov və İlqar İsmaylov ilk üçlüyü tamamlayıblar.
55-59 yaşlı qadınlar arasında Eser Ayşe Öncer birinci olub. Kişilər arasında Azər Babayev və Nazim Məmmədov müvafiq olaraq birinci və ikinci yerlərə layiq görülüblər.
60 yaşdan yuxarı qadınlar arasında Alyona Tumçenko və Nesrin Arslan fərqləniblər. Kişilər arasında Pyotr Kuvşinov, Mehmet Yucebilgic, Elşən Məmmədov ilk üçlükdə qərarlaşıblar.
R.XUDATQIZI