...Ötən il İsveçrədə baş tutan Bazel - Qarabağ oyununu  müxtəlif səbəblərdən stadiondan seyr edə bilməmişdim.

Bu il isə Sürix - Qarabağ oyununu mütləq canlı –istadionda zləmək istəyirdim. Bu fikri  Arauda yaşayan digər həmyerlilərimiz– ağdamlı (Şelli kəndi) Nurlana söyləyəndə dərhal şərik oldu. Beləliklə,  birlikdə doğma komandanı iyulun 27 - ində Sürixdə keçırıləcək Sürix - Qarabağ matçında stadionda dəstəkləmək planını cızdıq. 

 Sürix İsveçrənin ən böyük şəhəridir. Bu, İsveçrənin yeganə şəhəridir ki, 1 milyondan çox əhalisi var və əgər ölkənin bütün əhalisinin  8.5 mılyon olduğunu nəzərə alsaq, Sürixin mahiyyətini bir az daha anlamış olarıq. Əhali sayının Azərbaycana yaxın olmasına baxmayaraq, ölkənin ərazisi Azərbaycan ərazisinin yarısına bərabərdir. 

  Yaşadığımız şəhərdən Sürixə qatarla 1 saatlıq yoldur, ancaq iki qatar dəyişməlisən. Sürixə rahat gedib - qayıtmaq üçün, günlük bilet aldıq.

İsveçrədə "yarım bilet"  deyilən 1  illik bilet var. Sən o bileti aldığında, bütün  ölkə boyu 1 il  hara getsən, bilet pulunun yarısını ödəyirsən. İsveçrədə  qatar bileti  həm də avtobus  üçün keçərlidir. Nə isə, adambaşına 25 frank  (fr.=$)  verib günlük bilet aldıq. Dəyişərək mindiyimiz  iki qatar 1  saata bizi  Sürixə çatdırdı. Sürixə  oyundan 6 saat öncə gəlməyimizin iki səbəbi var idi. Birinci səbəb matça bilet almaq, ikinci isə, bu özünəməxsus şəhəri gəzmək idi.

 Vaxtımızın çoxluğundan və həm də günorta olduğundan Nurlanın yaxşı  tanışları olan türk restoranına getdik. Burada türk qardaşlar bizi çox səmimi qarşıladılar, yaxşıca qonaq etdilər, yediyimiz yeməklərin hesabını da almamaqla  bizi əməllicə "utandırdılar". Türk arkadaşlar hətta, oyuna bilet almaq üçün yardım etmək imkanlarının olduğunu da bildirdilər. Biz isə, hər şeyə – sayğıya, qayğıya görə təşəkkür edib, şəhəri gəzməyə çıxdıq. Avropada türk qardaşlarımızdan gördüyümüz növbəti mehribanlıq isə, bizi duyğulandırdı. Sürix hündür binaları, göydələnləri olmayan tipik bir Avropa – İsveçrə şəhəridir.

  Axşam üstü saat 5-ə  qədər şəhəri dolaşıb, bilet almaq üçün yenidən oyunun keçiriləcəyi  "lestegrud"  stadionuna  qayıtdıq. Stadionun yaxınlığında oyunu izləmək üçün Isveçrənin fransız əyalətlərindən gəlmiş  azərbaycanlılarla qarşılaşdıq, bu həmvətənlimiz – ziyalı  Samir Sədəqətoğlunun qrupu idi. Oyuna bilet almaq üçün gözlədiyimiz 1 saat çox maraqlı keçdi. Avropanın müxtəlif ölkələrindən  "Qarabağı" dəstəkləmək üçün gəlmiş həmvətənlərimizlə görüşdük, tanış olduq, dərdləşdik.

 

Onların arasında qadınların, uşaqların olması da ayrıca maraqlı idi. Əlbəttə ki, türk  qardaş və bacılarımız da öz yerində: əllərində də qardaş ölkənin bayraqları. Təbii ki, oyunu izləməyə gələn  həmyerlilərimizin içində Almaniyadan gələn soydaşlarımız üstünlük təşkil edirdi. "Qarabağ"ı seyr etmək, dəstəkləmək üçün bura toplanmış soydaşlarımız müxtəlif yaşda, fərqli əqidədə olsalar da, onları bu gün qürbətdə bir  amal birləşdirirdi – vətən, millət  sevgisi. Kassadan matça bilet alarkən, stadion işçilərinin  bizə – qonaqlara olan münasibəti bizi bir az dilxor etsə də, əhval - ruhiyyəmiz yüksək idi. Bizim üçün  ayrılmış tribunada yerlərimizi titduq və 2 saatdan  ( əlavə vaxtla birgə)  artıq davam edən gərgin, maraqlı oyunu izlədik. Sayımız yerli azarkeşlərin sayından dəfələrlə az olsa da, səsimiz, hayqırtımız, atəşfəşanlığımız heç də zəif deyildi və doğma komandanı yetərincə dəstəklədik. Bu dəstəkdə hər şey vardı: bayraqlar, nağaralar, "Qarabağın"  atributları, şüarlar, "can Qarabağ"  mahnısı...

 Gərgin keçən oyun, nəhayət  "Qarabağ"a  sərf edən  nəticə ilə bitdi: 2:2. Qeyd edim ki, bu həm də mənim oyun öncəsi   verdiyim  proqnoz nəticə idi. Və budur, komandamız növbəti  mərhələdədir. Bu münasibətlə  xalqımızı təbrik edirəm. 

Möhtəşəm oyun, möhtəşəm dəstək və layiqli nəticə! Komandaya  inanırıq, "Qarabağ"  nöbəti  mərhələni keçməyə qadirdir. Hələ Sürixlə Bakıda  baş tutan  birinci oyundan sonra mən qeyd eləmişdim ki,  əgər "Qarabağ"  Polşa  çempionunu keçməyi bacardısa, İsveçrə çempionunu da keçə bilər. Indi isə, deyirəm ki,   Macarıstan  çempionatı  heç də,  İsveçrə və ya Polşa çempionatından səviyyəli, güclü deyil.

  Uğurlar Qarabağ!

İlham Rəsul – Sürix

"Təzadlar"ın xüsusi müxbiri



Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN