Azərbaycan sevdalı, ürəyi Odlar yurdunun odu ilə alışıb-yanan Səhra Rizayi bu gün «Təzadlar»ın qonağı oldu...
Peşəkar jurnalistika və tərcüməçiliklə məşğul olan Səhra xanımın, sən demə, uzun illər əvvəl «Təzadlar»da məqaləsi çap olunubmuş. «Qismət elə gətirdi ki, Sizin redaksiyanı ziyarət etmək mənə qismət oldu və sevinirəm ki, bu, Şuşa ilində, Azad Qarabağlı günlərdə mənim nəsibim oldu…», -deyir Səhra xanım.
İranda tanınan ictimai-siyasi fəallardan olan Səhrə Rizayinin indiyədək 12 kitabı nəşr olunub. Maraqlıdır ki, bu kitabların bir qismi Azərbaycanda ərsəyə gətirilib. Onun tərcümə sahəsində də böyük uğurları var. Ən qədim daş kitabələrin ərəb dilində olan versiyalarını da oxuyub tərcümə edir. Eləcə də Azərbaycanın dili, mədəniyyəti və dövlətçilik tarixinə dair olduqca maraqlı araşdırmaları və rəyləri var Səhra xanımın. O, Azərbaycanın bir çox tanınmış alimlərinin kitablarını ərəb və fars dilinə çevirib.
Səhra xanım «Təzadlar»la müntəzəm və əhatəli əməkdaşlıq etmək barədə arzusunu bildirdi, məmuniyyətlə razılaşdıq.
«Mən Azərbaycana əvvəllər gələndə kədərli olardım, çünki Qarabağımız ermənilərin işğalında idi… Amma indi üzüm gülərdir, şadam ki, igid oğullarımız düşməni yerində oturtdu. Prezident İlham Əliyevi Cənubi Azərbaycanda həm də hamımızın prezidenti kimi sevirlər… Azərbaycanın bayrağı həmişə ucalıqda durar, İnşəllah!», -deyən Səhra xanım həyəcanından gözləri yaşarmış halda iş yerimizdə olan Azərbaycan bayrağını qucaqlayıb doyunca öpdü… Bizi də həyacanlandırdı, kövrəltdi…
A.Məmmədli