Rusiyanın Ukraynaya hərbi təcavüzünün yeni mərhələyə daxil olduğu bir vaxtda Belarus müxalifətinin lideri Svetlana Tixanovskaya Avropa İttifaqının Brüsseldəki mənzil-qərargahına səfər edib.
Tezadlar.az CNN-ə istinadla bildirir ki, bu səfərin məqsədi Aİ liderlərinin diqqətini Ukraynadakı müharibə fonunda Belarusda yaranmış vəziyyətə cəlb etməkdir. Tixanovskaya deyib ki, bu gün Belarus ərazisindən Rusiya üçün hərbi dayaq kimi istifadə edilməsi üçün mühüm ilkin şərtlər var. Onun fikrincə, Belarusun hazırkı prezidenti Aleksandr Lukaşenko Kremlin təsiri altındadır.
Müxalifət lideri Belarus ordusunun Rusiyanın Ukraynaya qarşı müharibəsində Rusiya qüvvələrinə qoşula biləcəyindən narahatlığını ifadə edib. Onun sözlərinə görə, Putin və Lukaşenko dəfələrlə “Rusiya qoşunlarının Belarus ərazisində daimi yerləşdirilməsini artırmağa və qanuniləşdirməyə çalışıblar”. Sitat: "Bu, işğaldır... Bizim aydın mövqeyimiz var: Belarus Rusiya müharibəsində iştirakdan rəsmən imtina etməli və rus əsgərləri mütləq qaydada Belarusu tərk etməlidir... Ukraynanın taleyi ilə Belarusun taleyi bir-birinə bağlıdır və biz Belarusda başa düşürük ki, Lukaşenko hakimiyyətdə olduğu müddətdə Putin ondan həmişə istifadə edəcək. Onun müttəfiqidir, ona sadiq olmalıdır, qonşularımız üçün təhlükə daimi olacaq...".
Belarusun siyasi hakimiyyətinin ölkə müxalifətinin lideri olan Svetlana Tixanovskayanın bu səfərinə sərt reaksiyası vardır.
A.Məmmədli