Tanınmış məmurlardan birinə məxsus olan iaşə obyektində aparılan qanunsuz təmir-quraşdırma işləri bina sakinlərini ayağa qaldırdı…

Vasif Məhərrəmov: “Özünüz də evimdəki çatları gördünüz və bu çatlar 2019-cu ildə  əsas dayaq divarları söküləndən sonra yaranıb”

“Təzadlar” qəzetinin və tezadlar.az saytının 7 mart 2023-cü il buraxılışında “Eldar Əzizov uçmaqda olan tarixi binanı niyə görmür?” başlıqlı yazı dərc olunmuşdur. Yazıda Bakı şəhəri, Yasamal rayonu, Həzi Aslanov küçəsi, 32 saylı binanın 1-ci mərtəbəsində yaşayan Afət Mütəllibovanın problemləri əksini tapmışdır. Daha doğrusu, Mədəniyyət Nazirliyi tərəfindən mədəni irs kimi qorunan tarixi binanın zirzəmisində sahəni bir az da genişləndirmək üçün əsas dayaq divarlarının sökülməsi nəticəsində evlərdə yaranan iri çatlardan söhbət gedirdi. Bu da tarixi binanın uçma təhlükəsi ilə üzləşməsi deməkdir. Yazıda bu barədə ətraflı şəkildə məlumat verilmişdir…

 «Təzadlar» yazdı, aidiyyəti dövlət qurumları hərəkətə keçdi…

 Yazı işıq üzü görən gün adları günahkarlar siyahısında çəkilən Yasamal Rayon İcra Hakimiyyətinin və Bakı Şəhər İcra Hakimiyyətinin başbilənləri dərhal hadisə yerinə gəldilər. Faktın doğru olduğu təsdiq edildi. Hansı ki, şikayətçi 2 il idi yazmadığı yer qalmamışdı… Bu barədə növbəti saylarımızda daha geniş məlumat verəcəyik. Amma maraqlısı odur ki, şəhərdə belə uçma təhlükəsi ilə üz-üzə qalan başqa tarixi binalar da var. Amma bu binaların dili olmadığından səsi uzaqlarda-məmurların qulağında eşidilmir…

 Yasamalda daha bir bina uçma təhlükəsi ilə üz-üzə-məmur gücü qanunları tapdayır…

 Adı çəkilən yazını oxuyan Yasamal rayonu, Hüseyn Cavid prospekti, 520-ci kvartal, ev 19, mənzil 31-də yaşayan Vasif Məhərrəmov və həmin binanın digər sakinləri redaksiyamıza zəng etdilər. Bizimlə telefon söhbətində V.Məhərrəmov bildirdi ki, «…binamız və evlərimiz yazdığınız o binanın günündədir. Bizim binada da bir iş adamının əsas divarları sökməsi nəticəsində evlərdə çat yaranıb və bina təhlükəli vəziyyətə düşüb. Görəsən, bu insanlar sizin yazdığınız kimi, qardaş Türkiyədə baş vermiş zəlzələ nəticəsində yaranan faciəni görmürlər? Bina sakinləri adından xahiş edirəm, bütün bu təhlükəni görmək üçün binamıza gələsiniz və hər şeyi öz gözlərinizlə görəsiniz. İstəyirəm bizim dərdimizi yuxarı qurumların rəhbərlərinə çatdırasınız. Biz nə qədər yazırıqsa, heç bir xeyri yoxdur. Ona görə də istəyirik sizin qəzet və sayt vasitəsilə problemlərimizi dövlət başçısına, həmçinin digər dövlət qurumlarının rəhbərlərinə çatdıraq”.

yas-1

 Dəvəti qəbul edib “Space” telekanalı ilə üzbəüzdə, “Ağ çiçəyim” gül mağazasının yanında və «Azərpoçt» MMC-nin Yasamal rayon şöbəsinin üstündə yerləşən binada olduq. Əvvəlcə binaya problem yaradan birinci mərtəbənin qapısına yaxınlaşdıq, amma qapı blok tərəfdən bağlı idi. V.Məhərrəmov bildirdi ki, həmin evə Hüseyn Cavid prospekti tərəfdən də keçmək olar. Amma hələlik biz V.Məhərrəmovun həmin evin 2-ci mərtəbəsində yerləşən 31 saylı mənzilinə baxış keçirmək istədik. Giriş qapısının üst tərəfində, mətbəxə gedən yolun yuxarıda yerləşən dayaq divarında, hamamda, sanitar qovşağında divarları çatlamış vəziyyətdə gördük. Bunlar video və foto görüntülərlə qeydə aldıq. O cümlədən yataq otağında divarda və tavanda xeyli çatlar var idi.  V.Məhərrəmov bizimlə söhbətində bildirdi ki, "...2019-cu ilə qədər sakinlərlə bu iş adamının heç bir problemi olmayıb. Həmin ilə qədər görülən təmir işləri və sənədlərin hamısı qaydasındadır. Bir məqamı diqqətə çatdıraq ki, həyət tərəfdən birinci mərtəbə sayılan bina, Hüseyn Cavid prospekti tərəfdən ikinci mərtəbə sayılır. İş adamı da “Sirr” şirniyyat evi kimi tanınan obyektin ərazisini bir az da genişləndirmək qərarına gəlib. Elə birinci mərtəbədəki binanın sahibi də İlham adlı şəxs olub ki, o da pandemiya dövründə koronavirusdan dünyasını dəyişib. Ondan sonra rəhbərliyi İlhamın qohumları həyata keçirir. Amma 2019-cu ildən sonra bu iş adamları sahəni daha da genişləndirmək qərarına gəliblər. Bunun üçün Hüseyn Cavid prospektinə tərəf heç bir çıxışı olmayan birotaqlı mənzilin əsas dayaq divarlarını söküb, şirniyyat evinə birləşdirmək istəyiblər. Ona görə də birotaqlı mənzilin tam bağlı olan divarların bir neçə yerini sökərək iki ədəd qapı yeri qoyublar. Əlavə olaraq “Sirr” şirniyyat evindən ikinci mərtəbəyə qalxmaq üçün sivrivari pilləkənlər də quraşdırılıb. Deməli, Hüseyn Cavid prospektindən şirniyyat evinə, oradan da pilləkən vasitəsilə qalxıb həmin birotaqlı mənzilə girmək olur. Artıq ora mənzil yox, demək olar obyektdir. Yataq otağının yerində stol və stullar qoyularaq şirniyyat, çay və kofe verilir. Mətbəx hissəsi də yenə də əsas divarların sökülməsi ilə genişləndirilib. Yəni, hamam və sanitar qovşağının əsas divarları sökülüb, hamısı mətbəxə calaq edilib. Nəticədə geniş bir ərazi yaranıb…".

yas-2

Həqiqətən də biz ora daxil olarkən bir neçə gənc müştərilər həmən yerdə şirniyyatla çay içirdilər. Çox səliqə-sahmanlı yer düzəldiblər.

 Özünü menecer kimi təqdim edən orta yaşlı Nigar xanım bizi də şirniyyata və çaya dəvət etdi. Lakin bizim məqsədimiz qanunsuz söküntünü görmək idi və gördük də. Mövcud qanunvericiliyə görə tarixi binalarda hər hansı bir restavrasiya, bərpa və təmir işləri görmək üçün mütləq Mədəniyyət Nazirliyi ilə müqavilə bağlanmalıdır. Təbii ki, belə bir müqavilə bağlanmayıb və nəticədə tarixi bina qəzalı vəziyyətə düşüb.

***

 Şikayətçi V.Məhərrəmovun sözlərindən aydın oldu ki, bu barədə bir çox dövlət qurumlarına və TV-lərə məlumat veriblər. Elə martın 9-da biz hadisə yerinə baxış keçirərkən məlum oldu ki, “Space” telekanalı da bizdən əvvəl həmin ünvanda olub və çəkilişlər aparıb. Amma şikayət olunan ünvanlardan gələnlər nədənsə yaranan təhlükəni görmək «istəməyiblər». O cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) rəhbərliyi, Yasamal Rayon İcra Hakimiyyətinin və rayonun Mənzil Komunal Təsərrüfat Birliyinin vəzifəli şəxsləri də məsələyə çox soyuq yanaşıblar. Yəqin, Allah eləməmiş, binanın uçmasını, dağıntı altından adamların xilas edilməsini gözləyirlər! Biz yuxarıda adını çəkdiyimiz ötən yazımızda da qeyd etmişdik, qardaş Türkiyədə baş verən faciənin miqyası ona görə çox geniş olub ki, binalar keyfiyyətsiz tikilib və ya qəzalı vəziyyətdə olsa da əhəmiyyət verməyiblər. Nəticədə də 50 minə yaxın insan həyatını itirib və yüz minlərlə insanlar ağır yaralanıb və s.

 Bəs Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov niyə bu təhlükədən xəbərsizdir?

  Görünür BŞİH-in və Yasamal RİH-in rəhbərliyi bu faciədən dərs götürmək istəmirlər. Əvvəlki yazıda göstərdiyimiz Yasamal rayonu, Həzi Aslanov küçəsi, 32 ünvandakı, indi isə Yasamal rayonu, Hüseyn Cavid prospekti, 520-ci kvartal, ev 19-dakı tarixi binalar ayrı-ayrı iş adamlarının tamahı nəticəsində qəzalı vəziyyətə düşüb, lakin əraziyə cavabdeh şəxslər bu təhlükəni görmək istəmirlər. Biz öz tərəfimizdən müəyyən araşdırma apardıq ki, nəyə görə Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Eldar Əzizov və Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov belə bir təhlükəli vəziyyətə biganə yanaşırlar? Nəyə görə bu insanlar gələcəkdə baş verə biləcək ağır faciənin qarşısını almaq üçün indidən ciddi tədbir görmürlər? Niyə bu binalardakı insanlar daim həyəcan içində yaşamalıdırlar? Ona görə ki, kimsə obyektini genişləndirib daha çox pul qazanmaq istəyir? Başqalarının faciəsi üzərindənmi?!

 Bu suallara cavab tapmaq üçün bir az araşdırma aparmalı olduq. Məlum oldu ki, həmin obyekt bir keçmiş Komitə sədrinin  yaxın adamlarınındır. Binadakı qonşular danışdılar ki, həmin “Sirr” şirniyyat evinin sahibi əvvəllər həmin sabiq komitə sədrinin kürəkəni, mərhum İlham bəyə məxsus olub. İlham bəy pandemiya dövründə koronavirusdan dünyasını dəyişib. Allah rəhmət eləsin! İndi həmin obyekti onun yaxınları idarə edir. Daha doğrusu, idarə edənin adı İnar bəydir. Biz obyektdə olub, qeydlər götürüb, şəkillər çəkərkən obyektin şəhər telefonuna zəng gəldi. Bizi telefona dəvət etdilər. Əvvəlcə əməkdaşımız-reportyor Xəyyam bəy danışıb müəyyən izah vermək istədi, sonra dəstəyi Vasif Məhərrəmov alıb müəyyən fikirlərə etirazını bildirmək istəyirdi. Bu zaman mübahisə yarandığını görüb, mən dəstəyi aldım və özümü təqdim edərək İnar bəylə xeyli söhbət etdik.

yas-4

Aramızda İnar bəylə belə söhbət alındı. Əslində, o, şikayətçi Vasif Məhərrəmovun evindəki çatların yarandığını etiraf etməklə dedi:

 -Vasif Məhərrəmov istəyir ki, biz onun evini təmir etdirək. Ancaq bu alınmayacaq. Çünki biz heç bir qanunsuz iş görməmişik… Aidiyyəti qurumlar mövqeyini bildirib… 

-İnar bəy, axı biz gözümüzlə gördük ki, binanı saxlayan əsas dayaq divarları sökülüb və yerində iki qapı açılıb. Mətbəx divarı isə tamamilə götürülüb. Bunlar da təbii ki, çatların yaranmasına səbəb olub.

-Elçin müəllim, siz yəqin dövlət qurumlarına inanırsınız.

-Mən dövlət qurumlarına inanıram, amma bu qurumların rəhbərlərinin obyektivliyinə inanmaq bəzən mümkünsüzdür...

-Vasif Məhərrəmovun şikayəti əsasında bir çox dövlət qurumlarından, Fövqaladə Hallar Nazirliyindən, Bakı Şəhər İcra Hakimiyyətindən, Yasamal Rayon İcra Hakimiyyətindən, Mədəniyyət Nazirliyindən ekspertlər gəliblər, baxıblar və heç bir qanun pozuntusu aşkar etməyiblər. Bizdə bütün sənədlər tam qanuni və qaydasındadır.

-İnar bəy, sizin sənədlər qaydasında ola bilər. Çünki sizin sənədlər 2019-cu ildən sonra olanlardır və həmin vaxta qədər də V.Məhərrəmovun heç bir şikayəti olmayıb. Amma siz 2019-cu ildən sonra obyekti genişləndirmək üçün küçədən ikinci mərtəbəyə yol açmısınız. Bunun üçün isə bir neçə əsas dayaq divlarlarını götürmüsünüz. Biz bunu öz gözlərimizlə gördük, video və fotoşəkillər çəkilib. Elə V.Məhərrəmovun evində də çatlar o vaxtdan sonra yaranıb. Bəs niyə V.Məhərrəmov 2019-cu ilə qədər heç yerə şikayət etmiyib və 2019-cu ildən, yəni siz əsas divarları sökəndən sonra aidiyyəti qurumlara şikayətlər göndərməyə başlayıb??? Bu faktın özü sizə heç nə demir? Siz sübut edə bilərsinizmi ki, 2019-cu ildən sonra elədiyiniz dəyişikliklər 2019-cu ildən əvvəlki sənədlərlə eynidirmi? Bizə o sənədləri təqdim edə bilərsinizmi? Aldığımız məlumata görə, siz gələn yoxlamalara 2019-cu ilə qədər olan sənədləri göstərirsiniz. Əlimizdə bu barədə yetərincə məlumatlar var…

-Bu, yanlış məlumatdır. Sənədlər hamısı qaydasındadır. Təmir gedərkən orada bütün bərkimə işləri görülüb və binaya heç bir təhlükə yoxdur. Bunu V.Məhərrəmovun şikayəti əsasında gələn ekspertlər də təsdiq ediblər. Sadəcə V.Məhərrəmov evini bizim əlimizlə təmir etdirmək istəyir. Biz buna gedən deyilik. Mən indi Bakıda deyiləm, ona görə də obyektə gələ bilmirəm. Yoxsa gəlib əyani surətdə sizə hər şeyi göstərərdim ki, biz qanundan kənar heç bir iş görməmişik.    

-İnar bəy, hazırda mövcud olan qanuna görə, tarixi binada hər hansı bir təmir- bərpa işləri aparılanda mütləq Mədəniyyət Nazirliyinə, Bakı şəhər İH-nə  məlumat verilir və bundan sonra müqavilə bağlanılır. Sizdə Mədəniyyət Nazirliyi ilə bağlanmış belə bir müqavilə varmı?

-Yox, bizdə belə bir müqavilə yoxdur. Çünki biz binaya zərər vura biləcək heç bir iş görməmişik…

 “Mən o qədər aciz adam deyiləm ki, evimi kiməsə təmir etdirim…»

 Vasif Məhərrəmovun cavabı da özünü çox gözlətmədi. Belə ki, evinin təmir olunması məsələsinə V.Məhərrəmovdan aydınlıq gətirilməsini istədik və o bunları dedi: “Mən o qədər aciz adam deyiləm ki, evimi kiməsə təmir etdirim. Özünüz də, evimdəki çatları gördünüz. Bu çatlar 2019-cu ildə əsas dayaq divarları söküləndən sonra yaranıb. Mən evimin təmirinə günü bu gün başlaya bilərəm. Amma bu obyektin sahibi mənə zəmanət versin ki, evimdə bundan sonra heç bir çat olmayacaq. Bu zəmanəti heç kim verə bilmir. Ona görə də evimi təmir edə bilmirəm ki, yenə də çatlar baş verəcək. Çünki çatlar getdikcə böyüyür. Mənim tələbim evimin təmir edilməsi yox, təmirdən sonra bir daha çat verməyəcəyi ilə bağlıdır. Bir də nəzərinizə bir məqamı da çatdırmaq istəyirəm. Bu qanunsuz təmirə, söküntüyə icazə verən Mədəniyyət Nazirliyinin məsul işçisi Zakir müəllim elə həmin il, yəni 2019-cu ildə həbs olunub və hazırda yol verdiyi qanunsuzluğa görə həbsxana həyatı yaşayır…”

***

 Təbii ki, bu da maraqlı faktdır. Bəli, bizimlə telefon danışığında İnar bəy öz gözümüzlə gördüyümüz faktı təsdiq etmək istəmədi. Elə dönə-dönə təkrar etdi ki, ekspertlər gəlib heç bir qanun pozuntusu aşkar etməyiblər. İndi sual olunur, həmin gələn ekspertlər adını təkrar etmək istəmədiyimiz keçmiş komitə sədri, nüfuzlu bir şəxsin kürəkəninin obyektində qanun pozuntusu aşkar edə bilərdimi? Bu, Azərbaycan reallığıdır, cənab İnar bəy! Biz hər şeyi başa düşürük. Amma sabah bu bina uçub, qardaş Türkiyədəki kimi, ağır faciələrə səbəb olsa, onda gec olacaq. Bu dəfə həmin məmurun nə telefon zəngi, nə də başqa vasitələri… sizə kömək edə bilməyəcək.

***

Bəs görəsən, Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Eldar Əzizov, Yasamal Rayon İcra Hakimiyyətinin rəhbəri Elşad Həsənov və FHN-nin Tikintidə Təhlükəsizliyə  Nəzarət Dövlət Agentliyinin rəsmiləri nə vaxt real təhlükəni görəcəklər? Onu gözləyirlər ki, faciə baş versin, sonra hərəkətə keçsinlər? Olmazmı ki, nə qədər faciə baş verməyib hansısa iş adamının tamahını azaldasınız və tarixi bina, həmçinin oradakı sakinlər təhlükədən qorunsunlar, səksəkədən xilas olsunlar?

Güman edirik, bu məsələdə tikinti qaydalarının pozulması cinayəti var və Baş Prokurorluq da bu məsələdə araşdırmalara başlamalıdır.

Mövzunu diqqətdə saxlayacağıq.

Elçin MƏMMƏDLİ  

yas-3

yas-5

yas-6

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN