Prezident yanında Ali Attestasiya Komissiyasının (AAK) İqtisadiyyat üzrə Ekspert Şurasının 6 professoru AAK-ın sədri vəzifəsini icra edən Vəli Hüseynovun qanunsuz tələblərini yerinə yetirməkdən imtina etdikləri üçün işdən çıxarılıblar.
Elm ictimaiyyəti arasında böyük nüfuzu olan professorların Prezident İlham Əliyevə, Azərbaycanın 1-ci vitse-prezidenti Mehriban xanım Əliyevaya və Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə müraciətlərində Vəli Hüseynovun qanunsuz yolla elmlər doktoru və ya professor diplomları verməsindən və s. digər nöqsanlardan yazılıb.
Professorların müraciətində qeyd olunur ki, biliyi ilə elmi iş yazan alimləri illərlə süründürən, Prezident yanında AAK-ın keçmiş sədrləri - Azad Mirzəcanzadədən, Arif Mehdiyevdən miras qalmış imici məhv edən Vəli Hüseynov hətta özünün elmlər namizədi və professor diplomlarını da qanunsuz yolla əldə edib:
"- Çox hörmətli cənab Prezident!
Öz alın təri və biliyi ilə elmi iş yazan alimləri illərlə süründürən, Prezident yanında AAK-ın keçmiş sədrləri - Azad Mirzəcanzadədən, Arif Mehdiyevdən miras qalmış imici məhv edən Vəli Hüseynovun özünün elmlər namizədi və professor diplomlarını qanunsuz yolla əldə etməsi sübut olunub.
Bildiririk ki, AAK-ın Rəyasət Heyətinin "Azərbaycan Respublikasının vətəndaşı olan iddiaçıların xarici ölkələrdə dissertasiya müdafiəsi qaydaları haqqında” 25.05.1996-cı il (protokol №15-r) Qərarına əsasən 01.02.1994-cü ildən sonra Azərbaycan Respublikasından kənarda müdafiə olunmuş fəlsəfə doktoru və elmlər doktoru dissertasiyaları AAK-da təkrar attestasiyadan keçməlidir. Yəni, həmin diplomlar respublikamızın ərazisində tanınması üçün müvafiq prosedurlardan keçirilməli və müsbət qərar verildiyi halda, iddiaçılar Azərbaycan AAK-nın diplomunu ala bilərlər. AAK-ın sədri vəzifəsini müvəqqəti icra edən Vəli Hüseynov isə fəlsəfə doktoru dissertasiyasını "Neytrin-leptonnıe proüessı vo vneşnom maqnitnom pole” mövzusunda 21 aprel 1994 -cü ildə Rusiya Federasiyasında müdafiə edərək həmin ilin dekabrında təsdiqini alıb. AAK-ın Rəyasət Heyətinin yuxarıda qeyd olunan məlum qərarına əsasən Vəli Hüseynovun da Rusiya Federasiyasında aldığı elmlər namizədi diplomu təkrar attestasiyadan keçməli idi. Ancaq bu prosedur olmayıb və Vəli Hüseynovun elmlər namizədi diplomunu AAK-da təkrar attestasiyadan keçirməməsi bir yana, hətta o, birbaşa doktorluq dissertasiyasını müdafiə edərək təsdiqini alıb”.
Professorlar yazır ki, V. Hüseynovun doktorluq dissertasiyasının müdafiəsində və təsdiqində ciddi qanun pozuntularına yol verilib və onun doktorluq dissertasiyası legitim deyildir.
AAK-ın rəsmi saytının "Bülletenlər” bölümündəki səhifə 125 və 126-da yazılır:
"AAK Rəyasət Heyətinin "Azərbaycan Respublikasının vətəndaşı olan iddiaçıların xarici ölkələrdə dissertasiya müdafiəsi qaydaları haqqında” 07.01.2003-cü il tarixli (protokol No 15-R) və 25.05.1996-cı il (protokol No 15-R) qərarları:
Azərbaycan Respublikasının vətəndaşı olan iddiaçılar 02.01.2004-cü il tarixdən etibarən yalnız Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası rəyasət heyətinin və ya kollegiyasının icazəsi ilə xarici ölkələrdə dissertasiya müdafiə edə bilərlər.
01.02.1994-cü ildən sonra Azərbaycan Respublikasından kənarda müdafiə olunmuş fəlsəfə doktoru və elmlər doktoru dissertasiyaları AAK-da təkrar attestasiyadan keçirilməlidir.
İşdən çıxarılan professorlar qeyd edir ki, Vəli Hüseynov 2003-cü ilin sentyabrında fizika-riyaziyyat elmləri üzrə doktorluq dissertasiyasını müdafiə edib. "Elmi dərəcələrin və elmi adların verilməsi qaydaları haqqında Əsasnamənin 3-cü bəndinin 14-cü maddəsinə görə, iddiaçıların elmlər doktoru dissertasiyalarının nəticələrinə dair ən azı 20 elmi məqaləsi dərc edilməlidir. Bunlar AAK-ın rəsmi saytında da öz əksini tapıb.
Biz Vəli Hüseynovun avtoreferatına mütəxəssislərlə birgə nəzər yetirdikdə məlum oldu ki, onun cəmi-cümlətanı 10 məqaləsi olub. Bura eləcə də 3 tezis, 1 konfrans materialı da əlavə edilib. Lakin V. Hüseynovun istifadə etdiyi və AMEA-nın Fizika İnstitutunun 3 preprint materialını (tezis) heç cürə AAK-ın tələb etdiyi məqalə saymaq olmaz.
Ən pisi budur ki, Vəli Hüseynov namizədlik dissertasiyasının avtoreferatında da göstərdiyi 1 məqalə və 1 preprint materialını həm də doktorluq dissertasiyasının avtoreferatında göstərib. Bu, AAK tarixində ən rüsvayçı faktdır, yolverilməzdir, qanunsuzluqdur, istintaq orqanları bunu araşdırmalıdır.
Cənab Prezident!
V. Hüseynov rəhbəri olduğu qurumun Prezident yanında dövlət təşkilatı olmasını əsas gətirib özbaşınalıq edir. Hesab edirik ki, komissiya yaradılmalı, AAK-da ciddi yoxlama aparılmalıdır. Doktorluq dissertasiyası qanunsuz olduğu, AAK-ın heç bir texniki ekspertizasının tələblərinə cavab vermədiyi, uyğun gəlmədiyi halda, Vəli Hüseynov vəzifəsindən sui-istifadə edərək həm prosedur pozuntuları ilə (namizədlik dissertasiyasının nostrifikasiyası olmadan), həm də AAK-ın ən vacib tələbləri pozulmaqla diplom almağa nail olub. Bu, qanunsuzluq və özbaşınalığın son həddidir.
İnanırıq ki, Sizin göstərişinizlə AAK-da ciddi yoxlama aparılacaq və Vəli Hüseynovun gənc alimlərə, xaricdə müdafiə etmiş tanınmış alimlərə qarşı təhdid və süründürməçiliyinə son qoyulacaq”.
Şikayətçilərin yazdığına görə, hətta iş o yerə çatıb ki, Rusiyanın məşhur "Komsomolskaya pravda” qəzeti də Prezident yanında AAK-ın sədri vəzifəsini müvəqqəti icra edən Vəli Hüseynovun quruma rəhbərlik etdiyi dövrdən bəri buradakı "kolxoz bazarı”ından yazıb...
(15-08-2018, 12:35)