...Bəlkə də Ermənistan KİV-ləri informasiya fırıldaqçılığı ilə məşğul olur, amma faktır yazırlar ki, Qarabağda su elektrik stansiyası tikməyi planlaşdırırlar. Daha doğrusu, guya qondarma “Arsax respubikası”nın qondarma prezidenti Araik Arutyunyan Kəlbəcərin Qozlu (Getavan) kəndində Tərtər çayı üzərində su elektrik stansiyası tikməyi qərara alıb və s.
Təbii ki, bu erməni mətbuatının yalanlarından biri də ola bilər, istəyirlər ki, bizim reaksiyamızı bilsinlər. Ki, biz bu təxribata necə münasibət bəsləyirik. Amma maraqlı bu deyil. Maraqlı olan budur ki, həmin deyilən ərazi Azərbaycanındır, hazırda Rusiya sülhməramlıların nəzarətindədir. Təsəvvür edin, Araik 25 milyon dollar dəyərində və 17.6 Mvt gücündə olan “Getavan-1” SES-ni tikməklə Xankəndi və ətraf ərazilərin enerji təminatını həyata keçirməyi nəzərdə tutur. Ermənistan KİV-ləri onu da əlavə edib ki, bu kapital Araik Arutyunyanın müşahidə şurasının sədri olduğu “Arsax İnvestisiya Fondu” tərəfindən qoyulacaq.
***
Suallar çoxdur, biri də budur ki, Qarabağ Azərbaycanın suveren ərazisidir və Rusiya sülhməramlıların müvəqqəti də olsa, nəzarət etdiyi ərazilərimizdə istənilən belə strateji layihənin həyata keçirilməsi Azərbaycan hökumətinin razılığı olmadan mümkünsüzdür. Qısası, Araikdə belə bir ideyanın olması problem deyil, ermənidir, nə qədər istəyir arzulaya bilər. Amma bizim də vəzifəmiz bu arzuların reallığa nə dərəcə uyğun olduğu aydınlaşdırmaqdır. Yoxsa, bu gün SES tikən sabah qəsəbə tikəcək, hərbi zavod açacaq və s. Hüquqi və siyasi məntiqlə, ora Azərbaycan ərazisidir və istənilən obyekt inşa oluna bilər, amma əvvəlcə Araik Azərbaycan vətəndaşlığını qəbul edib, sonra bu işlərlə bir investor kimi məşğul ola bilər. Dünya bilir ki, Azərbaycanda iş adamlarına yaşıl işıqdır!
Bütün hallarda, Azərbaycan hökuməti Rusiya sülhməramlılara ultimatum verməlidir ki, Azərbaycanın icazəsi olmadan belə bir SES inşa edilə bilməz, dronların gözü aşağıda, qulağı səsdədir, havadan zərbə endirməklə dağıdılacaq. Sadə dildə desək, dronlar dördgözdür və bu işləri yaxşı görür... Belə məsələdə güzəşt ola bilməz, hava limanı üçün də eyni mövqe bildirilməlidir. Ermənilərin Qarabağda aeroport tikmək fikirləri də ortadadır. Belə təxribatlara cavab bəyanatları verilməlidir. Yəni, ermənisən, get erməniliyini elə! Azərbaycan ərazisində sudan istifadə qaydalarını biz müəyyən edirik. Bununla bağlı Rusiya Xarici İşlər Nazirliyinə rəsmi nota da verilməli, belə təxribatlara cavab olaraq lazımi anda lazımi də tədbir görüləcək.
İnanaq ki, bütün bu tip proseslər təxribat xarakterlidir, Ermənistan hakimiyyəti tarixi məğlubiyyəti belə təxribatlarla və başqatmalarla yola vermək istəyir. Amma Azərbaycanın isə bir yolu var: bu ərazilərdə Azərbaycan bayrağı dalğalanır və gəlin əvvəlcə bu bayrağın altından keçin, sonrasına baxarıq!
Asif Mərzili