...Dünyada hər bir dövlətin qüdrəti, inkişafı və dayanıqlığı onun mənsub olduğu xalqın siyasi liderinin adı ilə bağlıdır.

Güclü təməllər üzərində dayanan müasir Azərbaycan dövləti Ümumilli lider Heydər Əliyevin zəngin biliyi, siyasi təcrübəsi və nüfuzlu şəxsiyyətinin bəhrəsidir. Xalqımız Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyini yüksək səviyyədə qeyd edir və əziz xatirəsini ehtiramla anır. Dahi Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının dövlət quruluşunun konstitusion əsaslarını yaratmışdır. Azərbaycanın demokratik dəyərlərə sadiq müstəqil dövlət kimi formalaşması Ümummilli liderin böyük xidmətləri sayəsində mümkün olmuşdur. Bu baxımdan, 1993-cü ildə Heydər Əliyevin xalqın tələbi və çağırışı ilə hakimiyyətə qayıdışı Azərbaycan dövlət idarəçiliyinin yaradılması istiqamətində yeni mərhələnin əsasını qoymuşdur. Azərbaycan Respublikasında demokratik, hüquqi dövlətin qurulmasına nail olmaq, bu yolda öz tarixi, milli ənənələrindən bəhrələnərək ümumbəşəri dəyərlərdən səmərəli istifadə edilməsi Heydər Əliyev strategiyasının əsasını təşkil etmişdir.

Müstəqil Azərbaycan dövlətinin bütün sahələrində olduğu kimi, məhkəmə-hüquq sisteminin demokratik prinsiplər əsasında bərqərar edilməsi də məhz Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanın məhkəmə sisteminə innovativ hüquqi islahatları məhz Ulu öndər gətirmişdir. Böyük dövlət xadiminin rəhbərliyi ilə yeni Konstitusiya layihəsinin hazırlanması Azərbaycanda suveren məhkəmə hakimiyyətinin yaradılması istiqamətində mütərəqqi addım oldu. 1995-ci ilin noyabrında isə ümumxalq səsverməsi yolu ilə Azərbaycan Konstitusiyasının qəbul edilməsi məhkəmə-hüquq sisteminin inkişafı üçün dahi liderin özünün dediyi kimi, çox böyük bir sənəd idi. Yeni Konstitusiyanın qəbulu ölkədə hüquqi dövlətin qurulması istiqamətində geniş və hərfətərfli islahatların aparılmasına təkan verdi. Bu baxımdan, Azərbaycanda hakimiyyət bölgüsünün yeni əsaslarla təşkili, məhkəmə hakimiyyətinin yaradılması xüsusi qeyd edilməlidir. 1995-ci ildə ilk dəfə Azərbaycanda müstəqil məhkəmə hakimiyyəti Konstitusiyada təsbit edilmişdir. Ulu öndərin Azərbaycan xalqına bəxş etdiyi böyük töhfələrdən biri də Azərbaycanda Konstitusiya Məhkəməsinin yaradılmasıdır. Ölkəmizin Ali qanununun bir sıra maddələri 1998-ci ildə Konstitusiya Məhkəməsinin təşkili üçün zəruri olan mühüm hüquqi bazanı formalaşdırıb.

İctimai həyatın bütün sahələrində konstitusiya qanunlarının aliliyi, insanların və vətəndaşların hüquq və azadlıqlarının həyata keçirilməsinin təmin edilməsi, dövlətin konstitusiya və qanunlar çərçivəsində fəaliyyət göstərməsi, beynəlxalq hüququn hamılıqla tanınmış prinsiplərinin və normalarının üstünlüyü, dövlət tərəfindən insan və vətəndaş hüquqlarının və azadlıqlarının tanınması və müdafiə edilməsi, dövlətlə şəxsiyyət arasında qarşılıqlı məsuliyyətin olması, məhkəmənin müstəqilliyi, hakimiyyət üzərində və konstitusiyaya əməl olunması üzərində məhkəmə nəzarəti, qanunçuluğun, şəxsi təhlükəsizliyin, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi müdrik Heydər Əliyevin Azərbaycanda demokratik, hüquqi dövlət quruculuğu siyasətinin əsas fəlsəfəsini təşkil edir.

Ümummilli liderin təşəbbüsü ilə 1997-ci ildə "Məhkəmələr və hakimlər haqqında" Qanun qəbul edildi. Qanunun tətbiq edilməsi və məhkəmə islahatlarının həyata keçirilməsinə dair Fərman imzalandı. Adıçəkilən qanun ədalət mühakiməsini həyata keçirərkən Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş insan və vətəndaş hüquqlarının və azadlıqların, mülkiyyət formasından və ictimai mövqeyindən asılı olmayaraq digər şəxslərin hüquqlarının və qanuni mənafelərinin müdafiəsini nəzərdə tutur. Eyni zamanda, hər kəs qanun və məhkəmə qarşısında bərabərdir. Qeyd edilən müddəalar Heydər Əliyev şəxsiyyətinin böyük humanizm prinsiplərinə yüksək dəyər verdiyini təsdiq etməklə bərabər, Azərbaycan məhkəmə orqanlarının və hakimlərin vəzifə məsuliyyətini müəyyən edir. Qərəzsizlik, obyektvlik, ədalət, qanunun aliliyi və hakimlərin müstəqilliyinin təmin edilməsi Azərbaycan məhkəmə sisteminin fəaliyyətinin konstituson norma və prinsiplərini təşkil edir. Dahi liderin məhkəmə orqanları və hakimlər üçün təqdim etdiyi və müasir çağırışlara əsaslanan bu iş üsulu hal-hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında, beynəlxalq hüquqi standartlara uyğun həyata keçirilən məhkəmə islahatları vasitəsilə özünün mütərəqqi inkişaf mərhələsini yaşayır.

Ümummilli lider Azərbaycanda məhkəmə-hüquq sistemində aparılan geniş quruculuq işlərini və islahatları dəyərləndirərək demişdir: "Biz Azərbaycanın məhkəmə sistemini tamamilə yeni səviyyəyə qaldırdıq və demokratik prinsiplər əsasında yaratdıq".

Ulu öndər xalq və dövlət qarşısında böyük xidmətlər göstərərək Azərbaycanda üç instansiyadan ibarət müstəqil məhkəmə hakimiyyətinin yaranmasına uğurla nail olmuşdur. 1998-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında məhkəmələrin təşkil edilməsi, hakim vəzifəsinə namizədlərin seçilməsi, habelə məhkəmələr və hakimlərlə bağlı digər məsələləri öz səlahiyyətləri dairəsində həyata keçirmək məqsədilə Məhkəmə-Hüquq Şurasını təsis edən Dahi Heydər Əliyev Azərbaycan ədliyyə sisteminə özünün növbəti töhfəsini verdi. Ulu öndərin ardıcıl, məqsədyönlü və uğurla həyata keçirdiyi hüquqi islahatlar beynəlxalq səviyyədə Azərbaycana şöhrət gətirdi. 2001-ci ildə Azərbaycan Avropa Şurasının üzvlüyünə qəbul edildi.

Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev məhkəmələrin inkişafına daim diqqət yetirmişdir. Ulu öndərin təşəbbüsü ilə ədalət mühakiməsi zamanı işlərin prosessual baxımdan, düzgün və obyektiv həllinə şərait yaradılması, hakimlərin bilik və peşəkarlığının artırılması məqsədilə inkişaf etmiş ölkələrin təcrübəsinin öyrənilməsi, məhkəmə orqanlarının fəaliyyətinin beynəlxalq konvensiyaların və müqavilələrin tələblərinə uyğunlaşdırılması istiqamətində zəruri tədbirlər həyata keçirilmişdir.

Azərbaycan Konstitusiyasının 8.4-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının Prezidenti məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısıdır. Bu, Azərbaycan məhkəmə sistemi üçün müdrik Heydər Əliyev tərəfindən müəyyən edilmiş fəaliyyət strategiyası deməkdir. Qeyd edilən maddə müstəqil məhkəmə hakimiyyətinin Ümummilli liderin banisi olduğu müasir Azərbaycan dövlətinin vacib, mühüm və dayanıqlı strukturu olduğunu bir daha təsdiq edir.

Kərim Xudayev

Yasamal Rayon Məhkəməsinin hakimi

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
Min aya dəyən ömür
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN