Tikinti ilə bağlı yeni qaydalarıa görə, RİH başçıları tərəfindən qanunsuz tikintilərin qarşısının alınması məqsədilə məsul şəxslər təyin olunacaq.
***
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzalayıb.
Yenə sənədlə bu il iyunun 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış və dayanıqlılıq və möhkəmlik baxımından müayinə nəticələri müsbət olan qeyri-yaşayış təyinatlı binaların istismarına sadələşdirilmiş qaydada icazə verilməsi nəzərdə tutulur. Təsdiq olunmuş qaydalara əsasən, yükdaşıyan konstruksiyaların etibarlılıq baxımından istismara yararlılığı, yəni dayanıqlı, möhkəm və seysmik cəhətdən davamlı olan, yanğın təhlükəsizliyi tələblərinə cavab verən, liftlərin və mühəndis-kommunikasiya təminatı sistemlərinin istismara hazırlığı olan, torpaq sahəsi üzərində sifarişçinin (sahibin) mülkiyyət və ya icarə hüququ təsbit edilən və qeyri-yaşayış binasının mühafizə zonalarından kənarda yerləşən obyektərə sadələşdirilmiş icazə rejimi tətbiq olunacaq.
Bunu Milli Məclisin deputatı, iqisadçı ekspert Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, ilkin qiymətləndirmələrə əsasən 40 mindən çox sənədsiz əmlak sadələşdirilmiş formada çıxarış (kupça) ala biləcəklər.
Vüqar Bayramov izah edib ki, sənədə əsasən, səmərəliliyin və şəffaflığın artırılması məqsədilə 2024-cü ilin yanvar ayından etibarən fiziki və ya hüquqi şəxslər tikintiyə və ya istismara icazəni elektron portal üzərindən ala biləcəklər.
“Bu proseduraların şəffaflaşmasın və asanlaşdırılmasına ciddi töhvə verəcək. Qanunvericiliyə edilən digər dəyişikliyə əsasən, yerli icra hakimiyyətinin başçıları tərəfindən yerli səviyyədə dövlət şəhərsalma nəzarətini həyata keçirilməsi və qanunsuz tikintilərin qarşısının alınması məqsədilə məsul şəxslər təyin olunacaq. Məqsəd dövlət şəhərsalma nəzarəti çərçivəsində yerli icra hakimiyyəti orqanlarının məsuliyyətinin artırılması, özbaşına tikililəri aşkar etməli olan şəxslərin səlahiyyətlərinin konkretləşdirilməsidir. Bundan sonra, özbaşına tikilmiş bütün tikinti obyektlərinin mühəndis-kommunikasiya sistemlərinə qoşulması qadağan edilir”, -deyə bildirib.
Y.MƏMMƏDLİ