Yaxud, Suraxanı İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun tort qalmaqalı və əlibıçaqlı şəhid anası…
…Qarabağ müharibəsində şəhid olmuş leytenant Samir Əliyevin avqustun 9-da ad günü idi. Ailənin yeganə övladı olan şəhidin adına tikilmiş bulağın və parkın açılışında gözlənilməz hadisə baş verir. Belə ki, Suraxanı RİH başçısı Əziz Əzizovun iştirakı ilə baş tutan mərasimdə ortaya üzərinə şəhid leytenantın rəsmi həkk olunmuş tort gətirilir. Tortu kəsmək isə şəhidin anasına həvalə olunur. İcra başçısı isə sakitcə bu dəhşətli mənzərəni seyr edir. Söhbət ananın şəhid oğlunun rəsmi həkk olunmuş tortu öz əlləri ilə kəsməsindən gedir. Hamı baxır, ananın göz yaşları yanağından düz tortun üzərinə süzülür. Ana bıçağı üzərinə oğlunun rəngli fotosu həkk olunmuş tortun harasından saplasın, necə kəssin??? Axı həmin oğulun ömrü düşmən gülləsi ilə onsuz da yarıda kəsilib!
Maraqlıdır ki, bu acı və dəhşətli mənzərəni seyr edənlərin heç biri bu təşəbbüsü ortaya atanların heç birinə söyləmir ki, tortu bəlkə də evdə kəsmək olar. Amma üzərinə şəhidin rəsmi həkk olunmuş tortu kim düzəltdiribsə, yalnışlıq edib, əksinə, bu tortun üzərinə başqa bir foto çəkdirmək olardı. Və üzərinə şəhid fotosu təsvir edilən tortu kimsə yeyə bilərmi və yaxud belə tortu necə yemək, udmaq və həzm etmək olar? Heç olmasa, qonşu ölkələrin KİV-lərinə baxın… Orada da ölən əsgər və ya zabitlərin ad günü keçirilir. Belə bir mənasız və gerizəkalılığı ifadə edən əməl varmı, rastınıza çıxırmı???
Nə isə… Dünəndən Suraxanı RİH-nin bu hərəkəti qınanılır. Amma görün nə baş verir: «Sözügedən tort ailə tərəfindən hazırlanıb və icra hakimiyyətinə heç bir aidiyyəti yoxdur», -deyə bəraətedici çıxış ortaya atılıb. Saytların biri ilə əlaqə saxlayan (???) şəhid Samir Əliyevin nənəsi Cəmilə Əlizadə bildirib ki, sözügedən tort ailə tərəfindən hazırlanıb və icra hakimiyyətinə heç bir aidiyyəti yoxdur: "Bunu müzakirə edənlərə istəsələr, tortu sifariş verdiyimiz yerin əlaqə nömrəsini də verə bilərəm. Yaxşı olardı ki, gəlib şəhid nəvəmin adına salınmış parka baxsınlar. Əziz müəllim digər şəhid ailələrinə olduğu kimi, bizə də həm mənəvi, həm də maddi cəhətdən köməklik edir".
Məsələ ilə bağlı rayon icra başçısı Əziz Əzizovla da əlaqə saxlanılıb. Rayon rəhbəri açıqlamasında müzakirələrə səbəb olan tortun şəhidin ailəsi tərəfindən hazırlandığını bildirib: "Tortu ailə özü sifariş verib. Bizim işimiz Suraxanı RİH tərəfindən şəhidin adının əbədiləşdirilməsi məqsədilə parkın salınmasıdır. Ümumilikdə Suraxanı rayonunda 53 şəhid var, Əliyevlər ailəsi də dəstək olduğumuz şəhid ailələrindən biridir. Ancaq təəssüflər olsun ki, bəzi şəxslər görülən işləri müsbət qiymətləndirmək əvəzinə, tənqid etmək üçün başqa məqamlar axtarırlar. Bəlkə də indiyədək bu ailədə 20 dəfə olmuşam. Samir anasının, nənəsinin yeganə övladı idi. Bizim məqsədimiz də bu ailələrə dəstək olmaq, onların yanında olduğumuzu bildirməkdir".
İndi o boyda icra başçısının söylədiklərini analiz edin görək bu izahda məntiq varmı? «Sözügedən tort ailə tərəfindən hazırlanıb və icra hakimiyyətinə heç bir aidiyyəti yoxdur», -fikri nə deməkdir?! Necə yəni İcra hakimiyyətinə aidiyyəti yoxdur! Bəs İH-nə nəyin aidiyyəti var? Hər bir belə ictimai xarakterli tədbir ən azı bir ay əvvəldən hazırlanır, plan tutulur, kimlər çıxış edəcək, müəyyənləşdirilir… Məgər Əziz Əzizova məruzə edilməyib ki, orda belə bir tort kəsiləcək? Təbii ki, deyilib… İH başçısının isə vəzifəsi bu idi ki, həmin tort «əməliyyatına» rəhbərlik edənlərə məsləhət versin ki, belə olmaz! Tort kəsmək lazımdırsa, üzərinə şəhidin fotosunu həkk edib, sonra da anasının əlinə bıçaq verib onu belə ağır addımı atmağa təhrik etməyin!!! Deməyib. Niyə? İndi ictimai qınağa tuş gələn əməlinə bəraət qazandırmaq üçün yollar axtarmağa dəyməz!
Yeri gəlmişkən, məsləhət vermək də pulla deyil ki! RİH başçısının bir neçə müşaviri, məsləhətçisi var. Onların da ağlına gəlmədi ki, belə bir tortkəsmə ritualı yolverilməzdir, şəhidin ruhuna və adına hörmətsizlikdir, cəmiyyət üçün olduqca pis nümunədir!!!
Asif Mərzili