Ermənistan öz büdcəsindən də xeyli çox, Azərbaycan büdcəsinin isə beşdə biri qədər yardım alacaq. 44 günlük müharibədə «mozqotryoseniye» alan Ermənistan bu vəsaiti haralara və necə xərcləyəcək?
Tanınmış QHT rəhbəri Osman Gündüz bu suala belə cavab verdi:
-Ötən ay məlum oldu ki, Avropa İttifaqı Ermənistana 2.6 milyard avroluq yardım paketi ayıracaq. Hansı ki, bunun müqabilində Azərbaycana cəmi 150 milyon avroluq yardım nəzərdə tutulub. Ermənistana ayrılan vəsaitin siyasi tərəflərini bir tərəfə qoyaq. Diqqət yetirdikdə görmək olar ki, Aİ bu vəsaiti Ermənistanda konkret istiqamətlər üzrə xərclənməsini nəzərdə tutub. Maraqlıdır ki, Aİ-nin və Ermənistanın nəzərdə tutduğu əsas istiqamətlər içərisində rəqəmsal transformasiya, kiçik və orta biznes, yaşıl enerji sahəsi prioritet istiqamətlərdi.
Təxminən 1.6 milyard avro vəsaitin məhz bu istiqamətlər üzrə xərclənəcəyi planlaşdırılır. Ermənistan üçün bu rəqəmlər hədsiz böyük məbləğlərdir. Bütövlükdə 5 milyard manatdan artıq vəsaitin ən azı 3 milyardı rəqəmsallaşma, innovasiya və ekosistem qarışıq kiçik və orta biznesin inkişafına yönələcək. Açıq -aşkar görünür ki, onlar ekosistemdən və innovasiyalardan böyük gəlirlər əldə etməyi nəzərdə tuturlar. Bəzən biz düşünürük ki, məğlub ölkə 44 günlük Vətən müharibəsindən sonra uzun müddət özünə gələ biməyəcək. Amma diqqət yetirdikdə görmək olar ki, məğlub ölkənin toparlanması düşündüyümüzdən tez başa çata bilər. Son zamanlar erməni diasporası və erməni milyaderlərinin də Ermənistan startaplarına və bu ölkənin ekosisteminə yalnız bir ildə yüz milyonlarla vəsait ayırdığını nəzərə alsaq düşünmək olar ki, Ermənistanın yenidən toparlanması elə də uzun çəkməyə bilər.
Qondarma rejimin "prezidenti" Arutyunyanın müşahidə şurasının sədri olduğu "Artsax İnvestisiya Fondunun" Tərtər çayı üzərində Getavan-1 SES tikməsi üçün bir anda 25 milyon dollar tapa bilməsi də düşündürücüdür. Aİ-nin adı çəkilən yardımları, erməni diasporasının son illərdəki yatırımları, ermənilərin xarici havadarlarının maliyyə dəstəyi əsasında proqnozlaşdırmaq olar ki, qısa müddətdən sonra Ermənistan büdcəsi üçün də yeni, böyük maliyyə vəsaitləri, yeni imkanlar yaranacaq. Fkrimcə bu cür nəhəng maliyyə resurslarının məğlub ölkənin qısa zamanda əldə etməsi düşündürücü və milli maraqlarımız baxımından çox təhlükəlidir.
***
Bəli, qonşuluğumuzda düşmənimizin dirçəltmə proqramı həyata keçirilir. Bu düşünülmüş və planlı proqrama da bənzəyir. Nədən bu vəsaitlər əvvəllər yatırılmırdı? Əsas sual da budur… Cavabına hazır olmalıyıq…
A.Məmmədli