11 avqust 2021-ci il tarixində İran İslam Respublikasının ölkəmizdəki səfiri XİN-ə dəvət olunub.
Xarici İşlər Nazirliyinin məlumatına görə, görüşdə səfirin diqqəti İran İslam Respublikasına məxsus yük avtomobillərinin Qarabağa qanunsuz səfər etməsi ilə bağlı aşkar edilmiş arzuolunmaz faktlara cəlb edilib və bununla bağlı qarşı tərəfə nota təqdim edilib.
Notada son dövrlər dost İran İslam Respublikasına məxsus müxtəlif təyinatlı avtomobillərinin davamlı olaraq rəsmi Bakının icazəsi olmadan Azərbaycanın Qarabağ bölgəsinə giriş-çıxış etməsi ilə bağlı narazılığımız ifadə olunub.
Bir müddət öncə İran tərəfinə şifahi şəkildə çatdırılmış narazılığımız, görüş zamanı bir daha İran səfirinin qarşısında qaldırılıb.
Görüş zamanı, bu kimi narahatlıq doğuran və iki ölkə arasında mövcud yaxın dostluq və tərəfdaşlıq münasibətlərinin ruhuna uyğun gəlməyən hallara son qoyulması istiqamətində İranın yeni administrasiyası tərəfindən əməli addımların atılacağı qeyd olunub.
***
Qeyd edək ki, bir müddət öncə də sosial şəbəkələrdə İrandan Ermənistandan keçməklə Qarabağa “yardımlar” aparan yük avtomobillərinin videogörüntüləri yayılmışdı.
Görüntülər İranın “Azad İran” “telegram” kanalında paylaşılmışdı. Bildirilirdi ki, “yüklər” Ermənistandan keçməklə, Laçın dəhlizi vasitəsilə Rusiya sülhməramlılarının nəzarətində olan Azərbaycan ərazilərinə aparılır. Qeyd edilirdi ki, İrandan Azərbaycan ərazilərinə qanunsuz olaraq qaz, benzin, tikinti materialları, qida, geyim məhsulları daşınır. Bundan başqa, həmin avtomobillərlə külli miqdarda narkotik daşındığı da iddia olunurdu. O zaman səfirliyinin mətbuat xidmətindən bildirilmişdi ki, yayılan videolar və məlumatları araşdırmaq məqsədilə Tehranla danışmışıq: "Müraciət etmişik ki, bu video və məlumatlar yayılandan sonra Azərbaycanda narahatlıq yaranıb, məsələ müvafiq qaydada araşdırılıb, rəsmi cavab verilsin. Yəqin yaxın günlərdə Tehrandan bizə cavab veriləcək, biz də məsələni Azərbaycan ictimaiyyətinin diqqətinə çatdıracağıq.”
Daha sonra İran səfirliyindən bildirilmişdi ki, İran rəsmilərinin apardıqları araşdırmalara əsasən sosial şəbəkədə yayılan kadrlar həqiqəti əks etdirmir və iki dost və qardaş ölkənin münasibətlərinin inkişaf etdiyi bir vaxtda, belə əsassız və yalan məlumatlar iki ölkə münasibətlərinin inkişaf etməsini istəməyən qruplar tərəfindən yayımlanır...
***
...Yəqin ki, bu dəfə İranın yeni administrasiyası məsələni tez bir zamanda araşdırar və bu narahatlıq birdəfəlik öz həllini tapar. Çünki özləri də vurğuladıqları kimi İran və Azərbaycan iki dost və qardaş ölkədir.
JASMİN