Ala qancığın tayadan düşməkliyi...

Ənnağı Hacıbəyli
Hüquqşünas
Hər şey ondan başlandı... Əgər o çər dəymiş yatıb yuxuya dalsaydı, heç bu vaqeə də baş verməzdi.
Ala qancığın tayada nələr çevirdiyi ilə işimiz yox. Onsuz da hamı bilir ki, qancıqlar tayaya niyə çıxırlar. Bunun bir ziyanı da yoxdur, əksinə, çox zaman bəhəri olur. İş tayadan düşəndən sonra baş verənlərdədir...
Əslində, tayadan düşən kimi ölkə gündəmini bir neçə gün zəbt eləmək də hər kəsin işi deyil. Başı üçüncü binadan (da) mənzil güdməyə qarışmış yazarları ayrı mövzuya döndərmək asan işdir bəyəm?!
Bəs bu ala qancıq bunu nə təhər bacardı? "Feysbuk” əhli - siyasətçilər, zəhmətkeşlər və bekarlar, evdar və heç cür evə gəlib çıxa bilməyən arvadlar nədən onun toruna düşüb bütün dərd-sərlərini unudub yığıldılar tayanın dibinə?
Anlamaq çox zordur, amma bəzi ehtimallar var...
Birinci ehtimal: yazılanlardan bəlli oldu ki, deputatın xalq qarşısında öhdəliyi yoxmuş və ya deputatı tənqid edən seçicilər ondan nəinki hesabat tələb edə, heç onun adını çəkə bilməzlər, ta ki ala qancıq tayadan enənədək... 
İkinci ehtimal: ala qancıq tayadan düşməsə, deputata dərs keçmək olmaz.
Üçüncü ehtimal: yox, bunu deməyə dilim gəlmir. Qoyun bir az nəfəsimi dərim...
Bu arada deputatın xalq qarşısında öhdəliyi məsələsinin ala qancıqla əlaqəsi ən çətin anlaşılan tezis oldu. Hətta bu məsələ seçicilərin də yaralı yerinə toxundu və daha çox dartışıldı. Biri dedi ki, deputatı kim seçirsə, o da onun qarşısında öhdəlik götürür. Başqa birisi dedi ki, iki namizədin vuruşması üçüncünün işinə yaradı.
 
Biri lap yaxşı dedi: Ay camaat, siz deputat seçmisiniz ki, onun boynuna öhdəlik də qoyasınız? Ağıllı və obyektiv olun, deputatın xalq qarşısında deyil, mandat verənin qarşısında öhdəliyi var.
 
Deputata kimlər və nə vaxt dərs keçə bilər? 
Bu sualın ikinci yarısının cavabı artıq bəllidir. Bunun işarəsi verilib, yəni dərsin başlaması üçün ala qancıq tayadan düşməlidir. 
Kimlər məsələsinə də, əslində, aydınlıq gətirilib – bunun üçün ağıl və əxlaq tələb olunur. İnsafən, dərs deyənə irəli sürülən tələblər normal sayıla bilər. Sadəcə, bu tələblərin dərs keçilənlərə də aid olub-olmadığı bir az qaranlıq qalır. 
Deputatın folklordan gətirdiyi misal və dərs deyənlərin hamısının ağıl və əxlaqına "optom” qiymət verilməsi göstərir ki, dərs alanların dərs almaq niyyəti yoxdur və onlar hər cür ağıl və əxlaqın üstündə bardaş qurub oturublar, hətta kəmali-ədəblə...
Hə, qaldı o mübhəm üçüncü məsələ.
Adətən, adam xoruz buraxdığını başa düşəndə və ya kimsə ona sübut edəndə ki, xoruz buraxıb, başlayır səhvini malalamağa. Dərd orasındadır ki, belə adam malaladıqca da batır. Batırır da demək olar. Üst-başını və ətrafını nəzərdə tuturam, ağlınıza ayrı şey gəlməsin...
Bu dəfə də belə oldu: izah və bəraət çabalamaları... 
"Bunlar nadandır, əxlaqsızdır, tərbiyəsizdir” və ən maraqlısı isə odur ki, "bunların məqsədi ali qanunverici orqanı nüfuzdan salmaqdır” kimi özünümüdafiə cəhdləri... 
Allah-allah, bu nə vəhşət, bu nə dəhşət!
Əslində, bu üçüncü məsələyə kimsə vedrə bağlaya bilməz. Orada yanlış axtarmaq da əbəsdir. Birincisi, seçicisini deputatdan yaxşı kimsə tanıya bilməz. İkincisi, hər kəsin seçimi onun mahiyyətidir. Nadan, əxlaqsız və tərbiyəsiz adamın seçdiyi deputat necə ola bilərdi ki?!
Deyəsən, mənim də xoruzumun quyruğu görsənməyə başladı. Biri o yandan başını qovzayıb elə bir köndələn sual verdi ki, məəttəl qaldım. Ha əlləşirəm, cavab tapa bilmirəm. 
Bilirsiniz nə soruşdu? Deyim siz də papağınızı gec də olsa, qabağınıza qoyub fikirləşin, bəlkə, cavab tapdıq: 
- Onu kimsə seçmişdi ki? 
P.S. Az qala yadımdan çıxmışdı. Öz aramızdır, seçicilərimizin "söyüş arsenalı”na hətta Müdafiə Nazirliyi də həsəd apara bilər...  
Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN