Prezident İlham Əliyevin möhtəşəm Qarabağ siyasəti və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Saleh Məmmədovun əzmkarlığı yolumuzun müqəddəs yurd yerlərimizdən keçib dünyaya ünvanlanmasına hesablanıb…
…Qarabağa- 30 ildən çox müddətdə bağlı qalmış ünvanlara, ermənilərin mənfur işğalçılıq siyasəti nəticəsində darmadağın edilmiş yurd yerlərimizə nəinki asfalt yollar çəkilir, həm də dünya standartlarına cavab verən magistral yollar çəkilir. Bu yollar Prezident İlham Əliyevin möhtəşəm Vətən Müharibəsi Qələbəsindən sonra möhkəm təməl üzərində qurulur, düzəlir, çəkilir və Qarabağdan keçərək tarixi torpağımız olan Zəngəzura, İrəvana… uzanıb gedir. Çünki bu yolların tarixi-siyasi müəllifi Ali Baş Komandandır, iqtisadi təməli-tikinti müəllifi isə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyidir!
***
Bu barədə ötən yazılarımızda geniş bəhs etmişdik. Lakin bir daha vurğulamaq istərdik ki, mürəkkəb coğrafi relyefə, erməni təxribat və maneçiliklərinə, düşmənin mina təhlükələrinə baxmayaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin kollektivi bu tarixi məsuliyyət yükünün ağırlığını qiymətləndirərək qarşıda duran vəzifələri əzmkarlıqla yerinə yetirir. Elə buna görədir ki, təkcə Qarabağ iqtisadi rayonunda deyil, həm də digər bölgələrdə yol infrastrukturları yenilənir, yeni yollar çəkilir. Ən vacibi, düşmən də bilir ki, bu yolların hamısı Qarabağdan keçir, Qarabağa gedir…
***
Onu da deyək ki, AAYDA-nın kollektivi digər bölgələrdə də qarşıda duran yol tikintisi işlərini məsuliyyətlə yerinə yetirməkdədir. Məsələn, hazırda Ağdam-Ağcabədi avtomobil yolunun 21-ci km-lik hissəsində torpaq işləri artıq yekunlaşıb. Belə ki, xüsusi texnikalardan istifadə olunmaqla yararsız qrunt qazılaraq çıxarılıb, hissə üzrə suötürücü boruların quraşdırılması həyata keçirilib. Hazırda bu hissədə hamarlayıcı layın tikintisi işləri görülür. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatında da qeyd olunub. Bildirilir ki, yeni inşa edilən yolboyu layihəyə uyğun suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif diametrlərə malik dairəvi boru, düzbucaqlı su keçidlərinin və alt keçidlərin, həmçinin 3 avtomobil körpüsünün inşaası aparılacaq. Və bu yolun 0-8-ci kilometrləri arasında tikinti ərazisinə cəlb olunmuş xüsusi texnikaların çevik hərəkətinin təmin olunması məqsədilə yolun minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi işləri də yerinə yetirilir.
Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə uyğun Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilir. Tikintinin tərtib olunmuş qrafikə uyğun zamanda yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb edilib. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş ərazilərimizin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri olan Ağdam-Hindarx-Ağcabədi avtomobil yolu Ağdam və Ağcabədi rayonlarını birləşdirməklə həmin rayonların 20-dən artıq yaşayış məntəqəsini əhatə edir.
***
Masallı rayonunda da respublika əhəmiyyətli Masallı dəmir yolu stansiyası avtomobil yolunun 4-cü km-dən ayrılan Ləngan, Əhmədli, Təklə-Viləş, Təklə-Mollahəsənli, Həsənli-Köçəkli, Bala-Təklə-Şərəfə, Qədirli-Xallıcalı, Hüseynhacılı-Öncəqala avtomobil yollarının əsaslı şəkildə yenidən qurulması işləri davam edir. Ümumi uzunluğu 38 km olan avtomobil yollarının eni 10 metrə qədər genişləndirilir. Sözügedən yollarda işlər texnoloji ardıcıllığa riayət olunmaqla və keyfiyyətlə aparılır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən tikinti ərazilərinə kifayət qədər canlı qüvvə və texnika cəlb olunmaqla aparılan yenidənqurma işləri çərçivəsində əsasən torpaq əsaslı və çınqıl örtüklü olan yollar 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilir. Layihə üzrə yolun Ləngan (1.4 km), Əhmədli (1.4 km), Təklə-Mollahəsənli (2 km), Qədirli-Xallıcalı (3 km), Həsənli-Köçəkli (6.9) və Hüseynhacılı-Öncəqala (9 km) hissələri üzrə torpaq işləri, suötürücü boruların quraşdırlıması, yol əsasının tikintisi və ikiqat yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunaraq yekunlaşdırılıb. Hazırda sözügedən hissələrdə yol çiyinlərinin bərkidilməsi işləri aparılır. Aparılan işlər çərçivəsində layihənin Təklə-Viləş hissəsində Viləş, Taxta və Ağqobu çayları üzərində yerləşən mövcud avtomobil körpülərinin cari təmiri də həyata keçirilib. Yolun Təklə-Viləş (9 km) hissəsində də sadalanan işlər yerinə yetirilib, artıq yolun 3.8 km-lik hissəsinə ikiqat asfalt örtüyü döşənib. Qeyd edək ki, layihənin bu hissəsi III və IV texniki dərəcəyə uyğun olaraq tikilir. Layihənin Bala-Təklə-Şərəfə (5.3 km) hissəsində isə hazırda yararsız asfalt örtüyün frezlənməsi işləri aparılır. “İnşaat Norma və Qaydaları”na əsasən layihənin sonuncu mərhələsində avtobus dayanacaqlarının, yol nişanlarının quraşdırılması və yolun üfüqi nişanlanma xətlərinin çəkilişi aparılmaqla yol müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək. Uzun müddət əsaslı şəkildə təmir olunmayan yolların yenidən qurulmasında məqsəd yolboyu 27 yaşayış məntəqəsində yaşayan 51 min nəfər əhalinin gediş-gəlişini təmin etmək, rayon mərkəzinə, həmçinin Bakı-Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə olunmaqla yük və sərnişin daşımasını asanlaşdırmaqdır.
YOLUNUZ AÇIQ OLSUN...
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin saytının digər bir məlumatında isə bildirilir ki, hazırda Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi yeni magistral yolunun İranla dövlət sərhədinədək olan hissəsinin tikintisi yekunlaşmaq üzrədir. Layihə Ələt–Astara–İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 204 –cü kilometrlik hissəsindən başlayaraq 3.05 km-lik hissəsini əhatə edir. I texniki dərəcəyə uyğun olaraq inşa edilən, eni 26.5 metr, ayrıcı zolağın eni 4 metr, hər birinin eni 3.75 metr olmaqla 4 hərəkət zolaqlı olan yolun çiyinlərinin eni 3.75 m təşkil edir. İnşaat işləri ərazinin mürəkkəb geoloji şəraiti nəzərə alınmaqla aparılıb. Yeni magistral yolun keçdiyi bəzi ərazilərdə vaxtilə çəltik becərildiyinə görə bataqlıq ərazi hesab olunduğu üçün əvvəlcə bu hissədə 25 sm dərinlikdə bitki qatı çıxarılıb, daha sonra 1 m dərinlikdə qazılıb və dörd mərhələ üzrə ələnmiş çaydaşı tökülərək kipləşdirilib. Yolboyu 12 yerdə ümumi uzunluğu – 667 p/m təşkil edən dəmir-beton suötürücü qurğuların, mal-qara üçün uzunluğu – 44,7 p/m olan 1 dəmir-beton keçidin, həmçinin uzunluğu 30 metr, eni isə 19,5 metr təşkil edən tunel tipli yolötürücüsünün tikintisi aparılıb. Ardıcıllığa uyğun olaraq avtomobil yolunun torpaq yatağı, yol əsasının alt və üst laylarının tikintisi yerinə yetirilib və aşınma qatı istisna olmaqla asfalt-beton işləri yekunlaşıb. Sonuncu mərhələdə aşınma qatının döşənməsi, zəruri yol nişanları və məlumatverici lövhələrin quraşdırılması, həmçinin normal hərəkətin təşkili üçün yolcizqi və yolgöstərici xətlərin çəkilişi işləri icra olunacaq. Yeni magistral yolun sözügedən hissəsi İran İslam Respublikası ilə dövlət sərhədində tikilən yeni avtomobil körpüsünə birləşir. Sözügedən 3 aşırımlı körpüdə inşaat işləri yekunlaşsa da, hazırda suyun körpünün dayaqlarına ziyan vurmaması üçün körpü requlyasiyalarının inşası davam etdirilr. Yeni körpünün uzunluğu 97,5 metr, eni isə 30,6 metr təşkil edir. 4 hərəkət zolaqlı körpüdə əlavə olaraq ehtiyat hərəkət üçün daha 2 zolaq yaradılıb, həmçinin hər birinin eni 2,5 metr olan 2 piyada keçidi tikilib. Eləcə də İran tərəfindən körpüyə yanaşma yolunun inşası davam etdirilir. "İnşaat Norma və Qaydaları"na əsasən birbaşa Agentliyin rəhbərliyinin nəzarəti altında aparılan yolun və körpünün tikintisi Şimal-Cənub nəqliyyat dəhlizi üzrə qonşu ölkəyə, o cümlədən əks istiqamətdə gedən avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətini təmin edəcək. Bundan başqa avtonəqliyyat vasitələrinin Astara şəhər mərkəzinə daxil olmadan hərəkətini təmin edəcək ki, bu da həm əhalinin, həm də yoldan istifadə edən sürücülərin rahatlığı və təhlükəsizliyi baxımından önəmlidir.
***
Bəli, qarşıda daha möhtəşəm layihələrin icrası durur. Külli Azərbaycan bilir, dünyanın isə bilməsi vacibdir ki, bu yolların bazası təkcə magistral yollara vurulan asfaltdan, qum-çınqıldan ibarət deyil… Bu yolların mayasında və mahiyyətində həm də Azərbaycanın dünyaya yayılan iqtisadi və siyasi əzmi vardır. Hələlik vacib olan budur ki, bütün yollar Qarabağa gedir, Qarabağdan keçir…
A.Məmmədli