Bakı Slavyan Universitetinin qiyabi təhsil şöbəsinin keçmiş müdiri Dürdanə Əliyeva 8 il müddətinə həbs oluna bilər.
Tezadlar.az bildirir ki, bu cəzanı avqustun 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində həmin universitetdə rüşvətxorluq işi üzrə prosesdə dövlət ittihamçısı istəyib. Prokuror məhkəmədən Əliyevanı irəli sürülən ittihamlarla təqsirli bilərək 8 il müddətinə azadlıqdan məhrum etməyi və məhkəmə zalında həbs etməyi xahiş edib. Müdafiə tərəfi çıxışa hazırlaşmaq üçün vaxt istəyib və proses 8 sentyabra təxirə salınıb. Əliyeva ittihamları qəbul etməyib və bildirib ki, tələbələrdən aldığı pulu universitetin o vaxtkı rektoru Nurlanə Əliyevaya verib. Lakin o da öz növbəsində Dürdanə Əliyevanı ittiham edir.
İttiham aktına görə, Əliyeva 2018-2021-ci illərdə şöbə müdiri olduğu vaxtda ümumilikdə 123 tələbədən təhsil haqqı ödənişi adı altında 226 min manat pul alıb. O, Azərbaycan Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 311.1 (rüşvət alma) maddələrilə təqsirləndirilir.
Amma məsələ ondadır ki, sabiq rektor istintaqa cəlb edilməyib. Niyə? "Təzadlar" hesab edir ki, ola bilsin sabiq şöbə müdiri bu ittihamları istintaq zamanı deməyib, indi məcbur olaraq söyləyir. Və həmin dövrdə bu ittihamlar ifadələrində səsləndirilsəydi, müstəntiq mütləq qaydada bu məsələni diqqətdə saxlayardı...
"Təzadlar"