Bu gün Azərbaycanda Aşura günüdür.
Məhərrəm ayının 1-i Miladi təqvimlə avqust ayının 10-da başladığından, Məhərrəm ayının 10-u, yəni Aşura günü avqustun 19-na təsadüf edir.
Məhərrəm ayının Aşura günü İmam Hüseyn əleyhissəlamın ailəsi və səhabələri ilə birlikdə Haqq uğrunda şəhadətə yetişdiyi gün kimi İslam tarixinə faciəvi, eyni zamanda, qürurverici hadisə kimi daxil olub.
Məhərrəmlik bu il də dünyada davam edən koronavirus bəlası ilə əlaqədar müvəqqəti məhdudiyyətlər şəraitində keçirilir.
Məhərrəm ayı və aşura günü nə deməkdir?
Məhərrəm “haram olan, qadağan edilən, müqəddəs və hörmət edilən” deməkdir. Məhərrəm ayı haram sayılan dörd hicri aydan birincisidir. Quranda məhərrəm sözü ay adı olaraq keçmir. Lakin dolayı olaraq döyüşün haram olduğu aylardan bəhs olunur və bu aylara hörmət göstərmək əmr edilir.[1] Peyğəmbərimiz (s.ə.s) ayədəki haram ayların Zilqədə, Zilhiccə, Məhərrəm və Rəcəb ayı olduğunu bildirmişdir.[2]
Məhərrəm ayının özünəxas xüsusiyyətlərindən biri bu ayda Aşura gününün olmasıdır. Aşura “onuncu gün” deməkdir. Hicri təqviminin ilk ayı olan Məhhərəm ayının onuncu günüdür. Bu günə “aşura” deyilməyinin səbəbi Allahın məhz həmin gün on peyğəmbərinə etdiyi lütflərə bağlıdır.
Aşura günü hansı hadisələr baş verib?
- Aşura günü Allah-Təalanın bəxş etdiyi möcüzə ilə dəniz yarılmış, Hz. Musa (ə.s) Firon və ordusunun təqibindən xilas olmuşdur. Firon və ordusu sulara qərq olmuşdur.
- Hz. Nuhun (ə.s) gəmisi Cudi dağının üstünə aşura günü çıxmışdır.
- Hz. Yunus (ə.s) balığın qarından bu gün xilas olmuşdur.
- Hz. Adəmin (ə.s) tövbəsi həmin gün qəbul edilmişdir.
- Hz. Yusuf (ə.s) qardaşlarının atdığı quyudan aşura günü xilas olmuşdur.
- Hz. İsa (ə.s) aşura günündə dünyaya gəlmiş və yenə həmin gün səməya yüksəldilmişdir.
- Hz. Davudun (ə.s) tövbəsi həmin gün qəbul edilmişdir.
- Hz. İbrahimin (ə.s) oğlu Hz. İsmail (ə.s) aşura günü dünyaya gəlmişdir.
- Hz. Yaqubun (ə.s) oğlu Hz. Yusifin (ə.s) həsrəti ilə görmə qabiliyyətini itirən gözləri aşura günü işığına qovuşmuşdur.
- Hz. Əyyub (ə.s) bu gün xəstəliyindən şəfa tapmışdır. (Təbərani)
Rəsulullahın (s.ə.s) nəvəsi Hz. Hüseyn (r.a) və onun ailə üzvləri, yaxınları hicrətin 61-ci ilində Aşura günü Kərbəlada şəhid edilmişdir.
Məhərrəmlik dönəmində QMİ-nin təşəbbüsü ilə gerçəkləşən və xalqımız tərəfindən təqdir edilən tibbi ehtiyaclar üçün Kərbəla şəhidlərinin xatirəsinə qan verilməsi ən münasib əzadarlıq nümunəsidir: "Ümidvarıq ki, inşAllah, dindarlarımız bu il də humanist ənənəni davam etdirərək, pandemiya səbəbindən qan bankının paytaxtda və bölgələrdəki filiallarında, habelə digər səhiyyə ocaqlarında İmam Hüseyn xatirinə ehsan niyyəti ilə qan verəcəklər”, - deyə müraciətdə bildirilir.
Aşura günü ilə əlaqədar qanvermə aksiyaları paytaxt Bakı ilə yanaşı, bölgələrdə də keçiriləcək.