Bu mübarizədə Banklar və güc strukturları bir yerdə hərəkət etməlidirlər...

Son illər müasir texnologiyalar cəmiyyətdə özünə yer etdikcə, cinayətkarlar da  bu texnologoyalardan məharətlə bəhrələnirlər. Cinayətkarlar, müasir dillə desək xakerlər, bu kiber cinayətkarlığı əksər vaxtlar bankların adından istifadə etməklə törədirlər.  Bankların əhalinin başına açdıqları oyunları onsuz da hamı bilir və onun yenidən xırdalıqlarına varmağa ehtiyac görmürəm. Azərbaycanda fəaliyyət göstərən bankların yüksək faizindən tutmuş, faizləri əsas borc kimi sıramağa qədər halların hamısı ilə rastlaşmışıq. Amma, bilmirəm bankların öz fırıldağıdır, yoxsa yaxasını kənara çəkmək üçün kiməsə göz eləməyinin nəticəsidir, hər nədirsə, yeni bir fırıldaq artıq cəmiyyətdə ayaq açıb yeriyir.

İndi bankların hamısı onlayn vasitəsilə kredit vermək üçün bütün sosial şəbəkələrdə reklam verirlər. Mən şəxsən müasir bu texnologiyanı o qədər də bilmirəm. Ona görə də bu onlayn kreditin nə qədər xeyirli və xeyirsiz olduğunu deyə bilmərəm. Amma 18.10.2023-cü ildə  artıq bunun xeyirsizliyinin acısını yaşadıq.

Oğlum Tural, həmin tarixdə “KapitalBank”ın internetdə verdiyi “200 manat bonus əldə et” elanına aldanıb.Elə bilib ki, KapitalBank soradan qaytarmaq şərti ilə alış-veriş üçün bu pulu təklif edir. Oğlum da  onlayn yolu ilə bonus kimi təklif edilən 200 manat pulu götürmək istəyib. Bu zaman oradan gələn yazılı sualların hamısına cavab verib və yazılı tələbləri yerinə yetirib. Nəticədə öz “KapitalBank”dan olan kartın rəqəmlərini və arxasındakı 3 rəqəmli kodu da ora göndərib. Bundan sonra nə baş verib? Belə yerdə deyiblər ki, “getmişdi bığ dalınca, saqqalı da qoyub gəldi”. Bəli, oğlum, bankdan 200 manat pul almaq istədiyi halda, bir də görüb ki, kartında təzə aldığı əmək haqqı olan 470 manat puldan 444 manat yoxa çıxıb. Yəqin bir az insafları olub deyə qalan 26 manatı da oğlum üçün yol pulu saxlayıblar. Oğlum Tural dərhal bu barədə bankla əlaqə saxlayıb, oradan bildiriblər ki, bu məsələ onlarlıq deyil. Yəni, oğlumun kartından 444 manatın yoxa çıxması “KapitalBank”ın əməli deyil.

Araşdırma nəticəsində məlum olub ki, bu, bir qrup xakerin işidir və onlar “KapitalBank”ın saxta profilini yaradıblar. Bu yolla da insanları tələyə salırlar.

Elə Daxili İşlər Nazirliyi də, 19.10.2023-cü ildə, əhalini bu barədə xəbərdarlıq edən informasiya yayıb. Həmin informasiyada deyilir: “Sürətli və aşağı faizli kredit imkanı” kimi başlıqlı bankların adlarından və loqolarından istifadə etməklə fişinq məqsədilə göndərilən mesajlara (keçidlərə) diqqət edin. Belə saxta və imitasiyalı linklərə daxil olmayın və şəxsi və kart məlumatlarınızı paylaşmayın”.

Amma çox çox təəssüf ki, oğlum bu tələyə düşüb. Artıq aldandığını başa düşən Tural bu barədə Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə məlumat verib. Oradan da ərazi üzrə Qaradağ Rayonu Lökbatan ərazisində yerləşən 10-cu Polis Bölməsinə yönləndiriblər ki, yazılı şəkildə şikayətini rəsmiləşdirsin. Orada isə müstəntiq cənabları bildirib ki, bunun heç bir xeyiri olmayacaq. Hətta yüksək çinli bir polis məmurunun qızının kartından 4 min manat pul çıxardıblar. Həmin polis məmuru nə qədər əlləşsə də xakerlər tapılmadı.

Bura qədər olanları hörmətli oxucuların diqqətinə çatdırdım. İndi isə mən öz mövqeyimi bildirmək istəyirəm. Əvvəla, ilk növbədə “KapitalBank” və yaxud digər saxta profili yaradılmış bankların özləri həmin xakerlərin tapılmasında maraqlı olmalıdırlar. Çünki, bu, kiber cinayətkarlar birinci növbədə bankın adına və nüfuzuna zərbə vururlar. Belə olan surətdə həmin banklara inam ola bilərmi? Kim zəmanət verə bilər ki, mənim hər hansı bankda olan əmanətimi həmin xakerlər çıxartmayacaq. Deməli, banklar çox ciddi şəkildə öz ad və nüfuzlarını qorumaq üçün, bütün resurslarını işə salmalı və bu cinayətkarlığın qarşısını almalıdırlar. Əgər bunu etməyib, yaxalarını kənara çəkirlərsə ki, bizlik deyil, onda həmin xakerlərlə bankların iş birliyində olması barədə məndə şübhələr yaranır. Belə şübhələri müştərilərdə aradan qaldırmaq üçün banklar bu yöndə mütləq hərəkətə keçməlidirlər. Əks təqdirdə banklara olan inam və onların müştəriləri azalacaq.

Məsələnin ikinci tərəfinə diqqət yetirək. Polis məmuru oğluma bildirib ki, bu işin perspektivi yoxdur. Nümunə kimi də yüksək çinli polis məmurunun qızının başına gələnləri göstərib ki, xakerlərlə bacarmaq mümkün deyil. Mən belə versiyanı və bu kimi yanaşmanı qəbul etmirəm.

Xakerlərin bankdakı müştərilərin hesabına müdaxilə etməsi və oradan külli miqdarda pulların oğurlanması barədə Avropa ölkələrindən kifayət qədər məlumatlar oxuyuruq. Amma Avropanın yüksək inkişaf etmiş texnologiyası ilə təmin edilmiş bankları və polis orqanları bu işin izinə tez düşürlər, nəticədə kiber cinayətkarları tezliklə məsuliyyətə cəlb edə bilirlər. Çünki polisin özündə də həmin xakerlərə yüksək əmək haqqı verməklə, onların bilik və bacarığından məharətlə istifadə edirlər. Bəs onda bizim polis orqanları niyə bu sahədə geri qalırlar? Axı, kiber cinayətkarlar yolda adam vurub qaçan maşın deyil ki, polis ya arxasına düşüb onu tutsun, ya da kameralar vasitəsilə maşının nömrəsini müəyyən edib, cinayətkarı tezliklə tapsınlar.

Əvvəllər kriminal ünsürlər ən müasir bərk gedən maşınlarla hadisə yerindən qaçırdılar və polisin köhnə model maşınları onlara çata bilmirdi. Amma bu gün hüquq-mühafizə orqanları ən son model avtomobillərlə təmin olunublar ki, bu da cinayətkarın tapılmasında və məsuliyyətə cəlb edilməsində polislərə yardımçı olub. Əgər bu gün müasir dövrə uyğun olaraq kiber  cinayətkarlıq mövcuddursa, nəyə görə bu sahədə polis orqanları da belə bacarıqlı mütəxəssislərlə təmin olunmasın? Belə çıxır ki, bu gün kompüter texnologiyasını və proqramlarını yüksək səviyyədə bilən istənilən adam, istədiyi banka və bankın müştərisinə ciddi problem yarada bilər. Nəticədə böyük sərvət əldə edən bu cinayətkar cəzasız qalacaq.

Axı biz hansı əsrdə yaşayırıq? Nəyə görə hüquq-mühafizə orqanları və banklar müasir texnologiyalardan və bu texnologiyaları yüksək səviyyədə idarə edə bilən mütəxəssislərdən istifadə etmirlər? Nəyi gözləyirlər? Gözləyirlər ki, kiber cinayətkarlardan zərər çəkən böyük bir insan ordusu yaransın və onlar da ictimai sabitliyi pozsunlar? Axı biz əlimizi-qolumuzu çarəsiz halda yanımıza sallayıb otura bilmərik... Bunun üçün ən son model proqramlar əldə olunmalıdır. Bu səhəni mükəmməl bilən mütəxəssisləri ən yüksək əmək haqqı ilə hüquq-mühafizə orqanlarında, banklarda işə qəbul etmək lazımır. Əgər bu deyilənlərə əməl olunsa, çox qısa bir zamanda kiber cinayətkatlar ələ keçər və əhalinin də narahatçılığına son qoyular.

 Deməli, bu sahədə çox böyük axsama var. İstər  banklar, istərsə də hüquq-mühafizə orqanları bu barədə çox ciddi düşünməsələr, bu kiber cinayətkarlar xalqımızın və dövlətimizin başağrısına çevriləcəklər.

Elçin Məmmədli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN