Hidayət Elvüsalın SÖZ dünyasının astanasında duyduqlarımız, eşitdiklərimiz və oxuduqlarımız...
...Onun haqqında illər öncə yazmaq istəsəm də, qələmimin qüdrəti yetmədi ki, ikicə cümlə ilə ürəyimdən keçənləri ümumiləşdirib sevimli oxucularına təqdim edim, hansısa qəzet səhifələrində. Axı, bu, həm də mənim üçün bir mənəvi, psixoloji-sosioloji yük idi. Bu yükü daşımaq da asan gəlməsin sizə.
Deyim ki, hələ doğma yurdda - Kəlbəcərdə dünyaya göz açıb, dilim kəlmə tutandan bir köklü-köməcli nəsil haqqında öz doğmalarımdan, daha doğrusu, kəlbəcərlilərimizdən az eşitməmişdim. Bundan qürur hissi keçirmişdim ki, əsilli-nəsillilər rayonumuzda barmaqla sayılacaq qədər az deyil.
Belə ulu nəsillərdən (əslində, Kəlbəcərlə yaşıd-M.N.) biri də Nağılardır. Qol-qanadına, nəsil şəcərəsinə baxanda görürsən və hiss edirsən ki, bəlkə elə kəlbəcərlilərin əksəriyyətinin kökü gedib Nağılara qovuşur.
Bu nəslin ağsaqqal-ağbirçəklərinin hörmət-izzəti də başdan uca saxlanıb həmişə. Mənim yaşımdan da illər öncə belə deyiblər.
Məqsədim bu nəsili yenidən tanıtmaq deyil. Bu nəsili təkcə kəlbəcərlilərə yox, ümumilikdə xalqımıza, əslində isə böyük Türk aləminə, TURAN dünyasına sevdirən həm də ulu, odu sönməyən, istisi-tüstüsü azalmayan ocaqda dünyaya göz açan saz-söz vurğunları, qələm və könül adamlarıdır.
Nəslin qələm-söz adamlarının şair Sücaətdən başlamış, bugünkü nümayəndələrinə kimi hər biri tanınıb, sevilib, oxunub və yaddaşlara yazılıb. Mən, əslində, bəlkə də günah elədim: bu yolun Sücaətimizdən başlandığını önə çəkdim. Axı, sevimli şairimizin əmisi Həbib Əhmədovun poeziyası heç də digərlərininkindən zəif olmayıb. Sadəcə, Sücaət (sevgi, qəm-möhnət şairimiz) dillərdə ona görə dastana çevrildi ki, onun taleyində dolanbaclar az olmadı. Dörd divar arasında saxta hökmlərə, o dövrün eybəcər ictimai quruluşuna üsyan edən şeirləri həbsxananın tikanlı məftillərlə mühasirəyə alınan səddi ildırım sürətilə yarıb keçirdi.
Toy məclislərində aşıqların dilinin əsbərinə çevrilmişdi Sücaət. Elimizin gözəl saz ifaçısı, tar müəllimi Ziyadxan Süleymanov şairimizin təkcə vurğunu, dostu deyildi, həm də daha çox təbliğatçısı kimi tanınır. Elə bilirdilər ki, bu nəsildən yalnız Sücaət yaza bilir. Sən demə, onun kimi qələmi, bədii dünyası, söz kəhkəşanında xəzinəsi olanlar az deyilmiş. Mən bunu Həbib Əhmədovun şeirli dünyasına bələd olduqdan sonra ürəklə demişəm: Nağıların müdrikliyini elə onların poetik dilindəncə duymaq olur.
Sözün qısası, istəməm ki, yazmaq istədiklərimlə sizi yorum. Uzun illər boyu neçə qələm-söz adamlarından yazdımsa da, Sücaətimizdən, əmisi Həbib müəllimin bədii yaradıcılığından, Hidayət Elvüsalın publisistikasından söz açmağa cəsarət eləmədim. Bunun da əsas səbəbi onların yanında hər ötənin söz deyə bilməməsi olub. İstəməmişəm ki, onların yaradıcılığı yanında mənim dediklərim çox zəif görünsün. Bu barədə Həbib müəllimin oğlu, Hidayət Elvüsalla uzun illər mətbuatda birgə çalışan jurnalist həmkarım Nəsimi müəllimə də demişəm. Buna görə də illərlə nə Sücaətimizdən, nə də qardaşı, yaxından bədii təfəkkürünə, insanlığına bələd olduğum Hidayət Elvüsaldan heç nə yaza bilməmişəm.
Açığını deyim ki, heç, əslində, əlində qələmi, dilində bədii kəlamı olan kəlbəcərlilərimiz də onlar haqqında söz açmayıblar. Bəlkə elə mən haqlıymışam, çəkinməyimdən?!
“Belə-belə işlər”, yaxud Mirzə Cəlil yolu ilə...
Hidayət Elvüsal Azərbaycan mətbuatında öz dəst-xətti olan jurnalistlərimizdən biridir. Vallah bu yazdıqlarıma nə ehtiyacı var, nə də umacağı. Onu da xatırladım ki, mən çoxsaylı qələm, saz-söz adamlarından kifayət qədər yazmışam. Düşünməmişəm ki, layiqli yazmışam, yoxsa zəif. Kəlbəcər ədəbi dünyasından toplayıb kitablar buraxanda da onların qələminin zəif-güclü olmasına fikir vermədik. Kəlbəcərlilərin dil açan balalarının qafiyəli danışması idi əsas səbəbimiz. Dədə Şəmşir demişkən, “... hər meyvənin bir dadı-tamı olur”. Poeziyada, şeiriyyatda, səsdə də elədir. Burada bir məsələ də var axı: kimsə kimisə yamsılayırsa, öz yolu-izi olmursa, ondan sənətkar çıxmaz.
Hidayət Elvüsalın məqlələrini özüm orta məktəb illərimdən oxuyandan onun ədəbi düşüncələrinə, dilinin rəvanlığına (el dilində daha çox yazıb, satirik qələmi ilə Mirzə Cəlilimizi, Mirzə Ələkbər Sabirimizi xatırladıb bizə) həmişə heyran olmuş və yaxşı mənada qibtə etmişəm.
Yaxından görmədiyim və tanımadığım, 1949-cu il iyun ayınınn 25-də Kəlbəcər rayonunda dünyaya göz açan Hidayət Elvüsal zaman-zaman bir sıra mətbu orqanlarda fəaliyyət göstərib.
Kəlbəcərdə çıxan “Yenilik” rayon qəzetində, yerli radio verilişləri redaksiyasında çalışmaqla bərabər, Azərbaycan Dövlət Radiosu ilə əməkdaşlıq edib. Daha sonra “Azərbaycan gəncləri”, “Kommunist” (indiki “Xalq qəzeti”) də işləyib. 20 Yanvar günlərində milyondan artıq oxucusu olan “Səhər”in yaradıcılarından biri kimi, baş redaktorun müavini, “Belə-belə işlər”, “Kriminal” qəzetlərinin isə təsisçisi və baş redaktoru olub.
Dövri mətbuatda oçerkləri, müsahibə və reportajları, hekayə və povestləri ilə çıxış edib. “Belə-belə işlər” rubrikası ilə dərc etdirdiyi saysız-hesabsız yazıları ilə populyarlaşan Hidayət Elvüsal sonralar elə bu adda da satira qəzetini təsis etdi. O, eyni zamanda mahnı mətnlərinin müəllifi və həvəskar bəstəkar kimi də tanınır...
Humanistlikdən himayədarlığadək:
Kəlbəcərli jurnalistlərə Hidayət nədən “yalan danışıb”?
Kəlbəcərdə çıxan “Yenilik” rayon qəzetində çalışdığım günlərin birində eşitdik ki, Hidayət Elvüsal redaksiyamızın qonağıdır. Redaktor Zimistan Həsənovun otağında keçirilən görüşdə ilk dəfə idi ki, onu yaxından görürdüm. İllər öncə olan arzularımın biri gerçəkləşmişdi. Sevincimin həddi-hüdudu yox idi. Axı, mən onunla redaksiyada görüşürdüm, jurnallist həmkarı kimi. Səhv eləmirəmsə, doxsanıncı illər idi. Deyəsən, “Azərbaycan gəncləri” qəzetindən gəlmişdilər. İki nəfər idilər. Məncə, Kəlbəcərin Sarıdaş kəndindən olan bir gənc müxbirlə (adı, səhv eləmirəmsə, Sədiqə, özü də sarışın qız idi.) gəlmişdilər.
Yaylaqlardakı, eləcə də Emənistanla həmsərhəd kəndlərimizdəki vəziyyətlə maraqlanırdılar. Yay ayları olsa da, havalar qəfildən dəyişmiş, təbiət, nədənsə, boz üzünü onlara göstərmişdi: a z qala, qar yağacadı. Qız müxbirin, Bakıda isti olduğuna görə, nazik geyinməsi onun dağlarda titrəməsinə səbəb olmuşdu.
Redaksiyanın əməkdaşları ilə birlikdə həmkarlarımıza bir qonaqlıq təşkil edilmişdi. Bax, ilk dəfə o günlərdə mən Hidayət Elvüsalın dilinin şirinliyinə, qələminin qüdrətinə bələd oldum. Geri qayıdanda gözəl bir reportajlarını oxuduq...
...Kəlbəcərsizlik günlərimiz başlamışdı. “Yenilik” qəzetinin redaksiyası da öz əməkdaşlarını itirmişdi: kim harada imkan tapırdısa, orada məskunlaşırdı. Tale bəzilərimizi Bakıyadək gətirib çıxarmışdı. Gözlərimiz yaşlı, “başıdaşlı” hərə bir yanda iş axtarırdı. Bir gün Bakının Yasamal rayonundakı “Azərbaycan” nəşriyyatına getdim. Orada Kifayət Umudqızı ilə, redaktor müavini olan Vidadi Məmmədovu gördüm. Qan-yaş süzülən gözlərimizlə kimisə axtarırdıq. O zaman Məmməd Aslan, Hidayət Elvüsal və Adil Cəmil nəşriyyatda işləyirdilər, hərəsi bir redaksiyada. Hidayət Elvüsal “Ədalət” qəzetində baş redaktorun müavini idi.
Deyəsən, Allah üzümüzə baxmışdı ki, ünvanına gəlmişdik. Onun da bizim kimi, qan-yaş axıdan günləri idi. Bizi redaksiyada elə qarşıladı ki, sanki illərdir bir süfrədə çörək kəsmişik. Təsəlliedici nə var idisə, hamısını deyir, bizi inandırmağa çalışırdı ki, tezliklə Kəlbəcəri erməni əsarətindən xilas edəcəyik və biz də öz redaksiyamızda çalışacağıq.
hidayet
Sözün qüdrəti onun necə deyilməsindən çox asılı olduğunu ilk dəfə Hidayət qardaşımızdan öyrəndim o günlər. Vaxtilə kəlbəcərlilərin təsis etdiyi və nəşrinə başlaya bilmədikləri “Murovdağ” adlı bir qəzet redaksiyasının da həmin bu mərtəbədə olduğunu görüb sevindik. Hidayət Elvüsal bizi başa saldı ki, ağlamaq yox, mübarizə aprmaq, el-obamızın camaatına təsəlli olacaq məqalələrlə çıxış etmək, yurd-yuvalarımızın azad ediləcəyinə inamı möhkəmləndirmək bizim üzərimizə düşür.
Bizim hər üçümüzün də tezliklə iş tapacağımıza söz verir, dost-tanışlardan xahiş etməyi ilə qəlbimizə bir az da girirdi. “Murovdağ” qəzetinin redaktoru Nizami Şabnoğlu ilə bizi tanış edib, ona tapşıranda dedi ki, bax, bunların haqqı daha çoxdur bu qəzetdə işləməyə: “Hər üçünün də qələmi var, istifadə eləmək lazımdır...”
Beləliklə, biz müvəqqəti, iş tapana kimi “Murovdağ” qəzeti redaksiyasına gedib-gələsi olduq.
Aradan bir müddət keçmiş, ay ola- ya olmayadı, Hidayət müəllim bizi öz otağına çağırıb dedi:
-Görürsüz, sizi bəy də unutmayıb...
O, İsgəndər Həmidovu nəzərdə tuturdu, Allah rəhmət eləsin!
Hərəmizə bir konvert verib dedi:
-Bunlar, hər nədirsə, Sizə yardımdır, bəy göndərib...
Konvertdəki pulları (hər birində 2 ədəd 250 manatlıq var idi. Bu da hərəmizə 500 manat yardım demək idi) görüb üçümüz də kövrəlib, onun boynunu qucaqladıq. Kifayət Umudqızı (Allah rəhmət eləsin) pulu götürmür, eləcə hey ağlayırdı. Onun bu halı Hidayətimizi də kövrəltmişdi: o da bizə qoşulmuşdu.
Nə isə, birtəhər ki, Hidayət müəllim Kifayət bacımıza anlatdı ki, darıxmasın, belə günümüzün ömrü qısa olacaq.
Sən demə, həmin pulları bizə Hidayət Elvüsal öz ailə büdcəsindən ayırıb - cibindən, halal qazancından verirmiş. Bizi isə müqəddəs “yalan”la “aldadırmş” ki, puldan imtina etməyək. Sonralar İsgəndər bəydən bunu soruşduqda, o gülüb:
-Siz hələ Hidini yaxşı tanımırsız. O, bunu ona görə belə edib ki, utanmayasınız və pulu mən göndərdiyim üçün alasınız,-deyib qələm dostumuzu bizə bir az da yaxından tanıtdı...
Məhz elə həmin ağır günlərin biri idi. O zaman indiki kimi, aşkarlıq, demokratik cəmiyyətdə yaşamırdıq. Mətbuat üzərindəki senzura inkan vermirdi ki, həqiqəti olduğu kimi yazasan. Hidayət Elvüsal da sözün necə deyilməsi çəmini taparaq, klassiklərimizn satira-yumor yoluna sadiqlik göstərərək, əvvəllər rubrika kimi istifadə etdiyi “Belə-belə işlər” adlı qəzet buraxmağa başlamışdı. Burada fakt yerində qalırdı, lakin el diliylə, satirik janrda elə deyilirdi ki, sətiraltı mənasını çinovniklər, məmurlar anlamırdılar, ya da bunun bir zarafat olduğuna inanırdılar.
Bir gün tanınmış şair-publisist, Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Şamil Dəlidağ nəşriyyata gəlmişdi. Biz bir “Kəlbəcər harayı” adlı qəzet buraxmaq istəymizi ona bildirdik. O, bu fikrimizi bəyəndi və üzünü Hidayət Elvüsala tutaraq:
-Bəlkə elə sənin bu qəzetinin iç səhifələrində bizə yer ayırasan, hələlik, “Kəlbəcər harayı”nı yazaq?!
Bu fikir elə, əslində, Hidayət Elvüsala məxsus idi. Odur ki, həmin nömrədə biz səkiz səhifəlik “Belə-belə işlər” qəzetinin ortadakı (4-5-ci səhifələr) qoşa səhifəsində “Kəlbəcər harayı” adlı qəzet buraxdıq. Qəzetin başlığını isə mən “Sovet kəndi”nin rəssamı, əslən gədəbəyli Buluda işlətdim, həm də təmənnasız.
Bu gün də həmin qəzet Kəlbəcər Rayon İcra Hakimiyyətinin rəsmi orqanı kimi ayda-ildə bir dəfə buraxılır, yəni “Yenilik” qəzetinin kollektivinin hamısı da olmasa, yeni nəsil jurnlistlər orada çalışırlar.
Bütün bunları xatırlatmaqda məqsədim odur ki, Hidyət Elvüsal o ağır günlərimizdə qələmli kəlbəcəlilərimizə arxa-dayaq durmağı unutmayıb. Bəs biz onu unuda bilərikmi? Buna haqqımız varmı?!
Güldürə-güldürə öldürən qələm sahibi
Hidayət Elvüsalın jurnalistlik fəaliyyəti ilə xalqa (milyonlarla oxucularına) göstərdiyi xidmət əvəzsiz olub. Hələ bir dəfə də eşitmədik ki, o, hansısa məmurdan qələm haqqı (ona qonorar da deyirlər, hörmət də...) alıb, onu bayağı tərifləyib. Buna yol verməyən Hidayət Elvüsal daim haqqın, ədalətin yanında olub. Onun illərlə səhifələrində dadlı-duzlu atmacaları sevilə-sevilə oxunan “Ədalət”də çalışanda da, ondan əvvəl, milyonlarla oxucu olan “Səhər”də qələmini süngüyə çevirəndə də amalı xalqı maarifləndirmək, cəhalət zəncirində boğulanlara nəfəs vermək olub.
Yazıları nə qədər güldürürdüsə, bir o qədər də tərbiyəviliyi ilə seçilirdi. Satira, yumor onun qanındadır,-deyək. Buna inanaq, çünki kiçikhəcmli, minatür yazıları da bunu söyləməyə bizə haqq verir. Bəs ondasa, onun poeziya dili ilə çəkdiyi haraylar haradan boy verir?
Hidayət Elvüsalın həyatında ömür axar su kimi olsa da, onu yoran, üzən, saatlarla əlini çənəsinə dayaq edib papirisunu tüstülətdiyi yuxusuz gecələri də az olmayıb. Erkən ömür-gün yoldaşını itirib. İki oğul balasına həm də ana kimi, nəvaziş göstərib.
Ömür-gün yoldaşı 20 ildən çoxdur vəfat edib. Bəzilərindən fərqli olaraq, ikinci dəfə ailə qurmaq ağlından belə keçməyib. Bunu özünə ayıb hesab edib. Oğlanlarının hər ikisi də ali təhsillidir. Lakin, özünün də dediyi kimi, adi işlərdə çalışırlar: sürücü və işıq idarəsində.
Demək, bu qədər dostlardan birinə ağız açıb ali təhsilli oğlanlarına layiq olduqları iş istəməyib qələm, söz adamı. Lakin elələri var ki, bu sahədə çalışmağından istifadə eərək, özünə, balalarına karyera qurub...
Halallığı özünə həyat amalı seçən Hidayət Elvüsalın iki oğlundan beş nəvəsi var, maşallah olsun. Nəvələri Yunis (atasının adını verib), Fərid və Fuad 44 günlük Vətən müharibəsində döyüşən igidlərimizdəndir. 44 günlük müharibədə 18 yaşlı nəvəsi medallarla, başqa mükafatlarla təltif olunub. O biri nəvəsi isə bu gün də Xankəndindədir. O da vuruşalardan biridir. Bir nəvəsi də hərbi xidməti başa vurub. Qocaman jurnalist-publisistimizin nəvələrindən biri də bu gün-sabah Vətənə xidmətə yola düşməyə hazırlaşır və babası bundan qürur duyur.
Hidayət Elvüsal, yoxsa Hidel Kastro Türk?.
Hidayət Elvüsalın yaradıcılıq nümunələrindən olan məqalələrinin bəzilərində imzası da oxucunu həm düşündürür, həm də güldürürdü. Vaxtilə Kubanın baş naziri, dövlət səviyyəsində rəhbəri olmuş Fidel Kastronun Rus ləqəbindən də məcazi mənada istifadə edərək, özünün türk olduğunu oxucularına belə təqdim edirdi: Hidel Kastro Türk!
90-cı illərin oxucuları bu imza ilə çoxsaylı maraqlı mövzulara həsr edilmiş satirik yazıların müəllifinin kim olduğunu axtarmalı olmuşdular. Elə oxuculardan biri də bu sətirlərin müəllifi idi. Öyrənəndə ki həmin imza Hidayət Elvüsala məxsusdir, bir daha hörmətli jurnalistimizə heyranlığım birə-min artmışdı.
Jurnalistika, əlbəttə, ədəbi-bədii düşüncəlilərin peşəsidir. Əslində, bu peşəyə elmi baxış olmalıdır. Çünki hər inşa yazan jurnalist kimi formalaşa bilməz. Hidayət Elvüsal kimi jurnalistlər (mən elə bu məqamda “Press-fakt” qəzetinin yaradıcı Məqsəd Nurun adını çəkməyi özümə borc bildim) öz dəst-xəttini yazılarında göstərir. Məqalənin sonunda imzası olmasa da, sevimli oxucuları onun Hidayət Elvüsal qələmindən çıxdığını o andaca hiss edir, duyurdu.
Qocalıq, yoxsa, sənətdə ucalıq?
Hidayət Elvüsal həm də poetik dilli qələm sahibidir. Onun illərlə gizli saxladığı (bəlkə də şair qarşı Sücaətin poeziyasına vurğunluq imkan verməyib ki, o şeiriyyatda da sözünü deyə biləcək qələm adamı olmasını üzə çıxarsın) şeirləri ilə ilk dəfə “Kəlbəcər: yüz şairin bir kitabı” antologiyasını çapa hazırlayanda bilmişəm. Həmin kitaba şeirlərindən nümunə verməyə belə xəsislik edən Hidayət Elvüsal sonralar sevilən, insanları həm düşündürən, həm də ağladan mahnılar müəllifi kimi də tanınacaqmış.
Mahnıların, hətta, diski də çıxıb. YOUTUBE kanalında var. Tağı Salehoğludan başqa, Mustafa Mustafayev, Pünhan və digər müğənnilər şairin özünün bəstəsi olan "Kəlbəcər" və "Ağlama, gülüm, ağlama" mahnılarını oxuyurlar ki, onların da hər biri əsl sənət nümunəsi kimi sevilir və geniş yayılıb.
Hidayət Elvüsal “qocalır”, amma Dəlidağ kimi ucalır və əlimizi uzadırıq o əzəmətə, vüqarlı, başı qarlı, ətəyi barlı zirvəyə. Şeirlərinin hamısında da bir nisgil, həsrət ritmi, notu var. İlk mahnısı kimləri ağlatmayıb ki? Tağı Salehoğlunun ifasında lentə alınan bu mahnı toylarda təkcə kəlbəcərliləri deyil, yurd nisgilli hər kəsiı ağladıb. Necə deyərlər, “anamızı ağladan” şeirləri və onlara bəstələdiyi mahnılar Hidayət Elvüsalın ilahi təbinin məhsullarıdır. Barlı-bərəkətli olsun.
Qocalığı özünə yaxın buraxma, bizim üçün doğmadan-doğma qardaşım, həmkarım, eloğlum. Mənim heç vaxt yadımdan çıxmaz “Azərbaycan” nəşriyyatında, giriş qapısında yarızarafat-yarıgerçək söylədiklərin. Heç vaxt da unutmayacam mənə verdiyiniz dəyəri:
-Məhəmməd, “ay əclaf”, bilirsən səni niyə çox istəyirəm? Təkcə kəlbəcərli və həm də özünəxas yazı üslubuna görə yox. Bəlkə də kəlbəcərlilərin hansının qələmi varsa, elə sənin kimi yazar. Sənin fərqin bir başqadır.
O, nəşriyyatın mühavizə polislərinin komandiri, Laçın rayonundan olan, qartal baxışlı-duruşlu, Qarabağ qazisi Etibara üzünü tutub fikrini davam etdirdi:
-Etibar, mən illərdir ki, bu binada işləyirəm. Özümün də qəzetim və redaksiyam var, bilirsən. Mətbuatda imzamı tanıyanlar da az deyil. Həm də bu binada kəlbəcərli təkcə mən deyildim. Burada Məmməd Aslan kimi söz azmanı, dilişirin publisistimiz, “Ədəbiyyat” qəzetində çalışan Adil Cəmil kimi şair-jurnalistimiz var. Məhəmməd Nərimanoğlu isə bura, nəşriyyata 1993-cü ildə Kəlbəcərdən didərgin düşdükdən sonra gəlib.
Etibar qardaşımız onun sözünü “balla kəsib” dedi:
-Ay Hidi, mən Məhəmmədi pis tanımıram ey. Əmioğlu, əsl kəlbəcərlidir. Qələminə, yazılarına da hörmət qoyan eloğlumuzdur. Mən də onu çox istəyirəm.
Hidayət müəllim qolunu onun boynuna salıb güldü və məni “qaldırıb dağın başına qoydu”. Ağlıma da gəlməzdi ki, o, mənim yazılarımın oxucusudur. Axı, özünün yaradıcılıq nümunələri onu milyonlara sevdirib. Haradan vaxt tapıb mənim yazılarımı oxuduğundan həm sevindim, həm də bir az utandım, bir az da qızardım.
O, fikrini davam etdirməyi unutmadı:
-Məhəmməd, bilirsənmi sən bu binaya gələnə kimi bir kəlbəcərli bizim burada olduğumuzu bilibsə də, qapımızı açmayıb, dost-tanışlardan başqa. Amma, ayə, ay təmiz kəlbəcərli, neçə müddətdir ki, mən təkcə sənin yazılarını oxumur ey, həm də özünün burada qazandığın hörməti görür və qürur duyuram ki, kəlbəcərlimizsən! Burada bir “Kəlbəcər ocağı” qalamısan. Nəşriyyata gələn həmyerlilərimizdən savayı o qədər adam görmüşəm ki, polisə sənin yanına getdiyini bildirir. Heç polislər də soruşmur ki, ay balam, kimdir bu Məhəmməd Nərimanoğlu?! Nəşriyyatın yiyəsidir ki? Hansı qəzetin redaktorudur?! Soruşmurlar və gələn qonaqların da birbaşa yanına gəlir. Nədir bunun sirri?! Qələmindən başqa, həm də sən kəlbəcərliliyini qoruyub-saxlamağı bacrmısan. Bu, yaxşı əlamətdir. Bir şey də deyim, unutma. O qəzetlərin səhifələrindəki bir-birindən maraqlı məqalələrini topla, bir kitab elə. Qəzetlərdəkilər bir qalın kitablıq materialdır. Doğru sözümdür, zarafat etmirəm...
Bir neçə dəqiqə əvvəl biz onunla nəşriyyatın kafe-yeməkxansında günorta naharı edib, “boğazımızı da babat yaşlamışdıq”. Düşündüm ki, yəqin içkinin təsirindəndir. Doğrusu, belə məclislərimiz son vaxtlar az olmurdu. Bir-birimizi görən kimi “getdik ey, dünya beşgünlükdür, onun da ikisi şənbə-bazara düşür”,-deyib naharımızı birlikdə edirdik.
Bu dəfə də elə düşündüm ki, içkinin təsirindəndir ki, Hidayət Elvüsal mənə kitab yazmağı təklif edir. Axı, məqalələrdən də kitab olar? Bunu düşünüb, xatirimə dəydiyini gizlədib dedim:
-Ay Hidayət müəllim, mən Kəlbəcərdəikən kitab yazmışam, qardaş. Kitab yaza bilmərəm ki, məqalələrimi toplayıb çap etdirim?
Bunu eşitcək o, gülümsündü və məni qoltuqlayıb, baş redaktoru olduğu, nəşriyyatın birinci mərtəbəsindəki “Kriminal” qəzeti redaksiyasına apardı. Burada çay içə-içə qayıtdı ki:
-Sən məni bəlkə düzgün anlamadın, ayə! Mən zarafat-zad eləmirəm. Heyfdir o yazdıqların, vallah tarixdir, həm Qarabağın, həm də Kəlbəcərin beşillik mühasirə və işğal olunduğu günlərin acı mənzərəsidir. Niyə kitab olmur ki, bəs məqalələr toplusu olan müəlliflər tanımırsan ki?!
Bundan sonra o, məni hərtərəfli başa saldı. Mən 4-5 il ərzində ayrı-ayrı qəzetlərin səhifələrindəki məqalələrimi toplamaqla bir-iki kitablıq materialının olduğunu gördüm. Bəli, bu gün çoxlarının oxuduğu və Birinci Qarabağ müharibəsinin şəhidlərinin nakam ömürlərindən bəhs edən “Yurd göynərtisi”, “Ümid işığı”, “Ağdaban faciələri”, “Qiyamətə qalan qisas”, “Kəlbəcər-Azərbaycanın qala qapısı”, “Türklərə qarşı törədilmiş erməni terrorlarının xronikası” və s. kitablarım işıq üzü gördü.
Təbii ki, həmin gün Hidayət Elvüsalın mənə tövsiyəsi ilə qələmə aldığm kitabların sayı (çap olunub-olunmayanları birlikdə) 30-a yaxındır. Bu işlərdə mənə doğru yol göstərdiyi üçün ilk kitabımın redaktoru olmuş Əli Qurban Dastançıya və Hidayət Elvüsala ömrüm boyu minnətdar olmalıyam.
“Sözün də su kimi lətafəti var,
Hər sözü az demək daha xoş olar...”
Hidayət Elvüsalın qəlbi və şeirləri dumdurudur-bulaq suyu kimi. Az yazır, təmiz yazır. O, yaxşı bilir ki, Ulu Nizamimiz demiş:
Sözün də su kimi lətafəti var,
Hər sözü az demək daha xoş olar.
Bir inci saflığı varsa da suda
Artıq içiləndə dərd verir o da.
İnci tək sözlər seç, az danış, az din,
Qoy az sözlərinlə dünya bəzənsin.
Kəlbəcər həsrəti Hidayət Elvüsalın poetik yaddaşından süzülən bu ağlargözlü misralarda açıq-aydın görünür. “Kəlbəcər” qoşmasına bəstələdiyi mahnı da elə bu ritmdədir. Məhəbbət Kazımovun “Laçınım, Laçınım, Laçınım mənim...” mahnısına qol götürüb oynayanlar unudurlar ki, bu haraydır, dərddir. Dərdə qol götürüb oynayanlar havalanmış hesab edilər. Hidayət Elvüsalın “Kəlbəcərim” mahnısına, şükürlər olsun ki, toyxanalarda oynayanı görməmişəm. Tağı Salehoğludan sonra Əməkdar artist Babək Niftalıyevin ifasında səslənən mahnıya, musiqiyə oynamaq olarmı? Adam göz yaşlarını saxlaya bilmir:
Nə zamandır toy-büsatı qurulmur,
Bulaqların göz yaşları durulmur.
Qartalları göy üzündə qıy vurmur,
Yad əllərdə əsir olan Kəlbəcər.
Lalə, nərgiz saçlarını yolurmu,
Bənövşələr böynubükük solurmu?
Bu ayrılıq bir bu qədər olurmu,
“Oğul!”-deyib , haray salan Kəlbəcər?!
Sənin adın dodağımda bal dadır,
Xəyalımda bir köç gedir, yoldadır.
Elvüsalın el-obası hardadır,
Həsrət gözü yolda qalan Kəlbəcər?!
Mən Hidayət Elvüsalın yaradıcılığını saf-çürük etməkdən çox uzağam. Sadəcə, ilk növbədə peşəkar jurnalist olan şair-bəstəkarın qələmindən və qəlbindən axan söz bulağı gözüyaşlı, başıdaşlı, itirdiyi yurdla bağrı-badaşlı anaları xatırladır. Belə anaları görüdkdə nə hala düşürsə, insan oğlu onun şeirlərini oxuyanda, mahnılarını dinləyəndə eynən həmin halı yaşayır. “Apar məni o yerlərə” rədifli gəraylısında nümunəyə baxaq:
Ürək daha dözə bilmir,
Apar məni o yerlərə.
Könlüm həsrət, üzüm gülmür,
Apar məni o yerlərə.
O dağların zirvəsinə,
Bulaqların nəğməsinə,
Həsrətəm elin səsinə,
Apar məni o yerlərə.
Uzaqda bir ev görünür,
Dörd yana duman sürünür.
Çəmənlər çənə bürünür,
Apar məni o yerlərə.
İstedadlı jurnalistin yaradıcılığı vaxta, zamana sığmasa da...
Bu da bir taixi əlamətdar gün - 28.06.2019
Beynəlxalq Mətbuat Mərkəzində tanınmış yazıçı-jurnalist Hidayət Elvüsalın 70 illik yubileyi qeyd olunub. Bu münasibətilə keçirilən tədbirdə daha çox onun qələminin məhsulu olan felyeton, pamflet, eləcə də digər janrlardakı yazılarının ədəbi-bədii və publisistik keyfiyyətindən danışılıb.
Yubiley tədbirini “Xalq qəzeti”nin baş redaktoru ( tədbir keçiriləndə o, Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı idi-M.N.) Əflatun Amaşov açaraq Hidayət Elvüsalın yaradıcılıq keyfiyyətlərindən bəhs edərək deyib: “Ötən əsrin 90-ci illərində ən populyar qəzetlərdən olan “Səhər”in çox satılmasının və oxunmasının bir səbəbi oradakı operativ və dolğun informasiyalar idisə, digər bir səbəbi onun səhifələrində demək olar ki, hər gün dərc olunan “Belə-belə işlər” rubrikası idi. Həmin rubrikanın müəllifi isə Hidayət Elvüsal idi”.
Tədbir iştirakçılarından “Səhər”in redaktoru, Əməkdar mədəniyyət işçisi Məzahir Süleymanzadə qələm dostunun istedad və yaradıcılığının böyük rəğbətlə qarşılandığını söyləyərək deyib: “O vaxt oxucuların düz sözə, həqiqəti əks etdirən yazılara ciddi ehtiyacı vardı. “Səhər”in oxucuları Hidayətin haqq sözünə inanmışdılar. Hətta Xalq şairi Bəxtiyar Vahabzadə bir gün mənə zəng edərək onun yazılarını çox böyük maraqla oxuduğunu bildirdi və onu “müasir dövrümüzün Mirzə Cəlili” adlandırdı”.
Tanınmış jurnalist, Əməkdar mədəniyyət işçisi Şakir Yaqubov Hidayət Elvüsalın yaradıcılıq məziyyətlərindən, publisist kimi üstün keyfiyyətlərindən, bir yerdə işlədikləri dövrdəki fəaliyyətindən danışıb.
Qələm dostları adından çıxış edən Fazil Güney, Maral Poladova, Akif Cabbarlı, Əlipənah Bayramov, Rafiq Hacıyev, Tahir Aydınoğlu, iş yoldaşları adından Rizvan Hilaloğlu, Sənubər Əkbərova və başqaları Hidayət Elvüsalın qələmindən çıxan müxtəlif janrlı yazıların gənc jurnalistlər üçün örnək, yaradıcılıq məktəbi olduğunu qeyd ediblər. Son illər həm də bəstəkarlıq fəaliyyəti ilə məşğul olan Hidayət Elvüsalın “Aşıq Şəmşir Mədəniyyət Ocağı” İctimai Birliyi tərəfindən buraxılan “Kəlbəcər” adlı mahnılar toplusu da mərasim iştirakçılarına təqdim olunub.
Həmkarları, qələm dostları və iş yoldaşlarının iştirakı ilə keçirilən yubiley tədbirində ona Mətbuat Şurasının diplomu və Ahıl Jurnalistlər Birliyinin xatirə hədiyyəsi olan qol saatı təqdim edilib.
Yubiley mərasiminin yekununda Hidayət Elvüsal çıxış edərək ona göstərilən diqqət və qayğıya görə həmkarlarına və mərasim iştirakçılarına minnətdarlığını bildirib.
HİDAYƏT ELVÜSALIN ÜSYANI
“...Ruslar erməni sürüsünü az qala hər gün Kəlbəcərə daşıyır. Güya, kilsəni ziyarət edirlər. O kilsəni ki, haylara qətiyyən dəxli yoxdur, qədim alban abidəsidir”...
Bu fikirlərin müəllifi Əməkdar jurnalist Hidayət Elvüsala məxsusdur. Ermənilərin Kəlbəcərdəki bütün madi-mədəniyyət və dini abidələri saxtalaşdıraraq özününküləşdirməyə, kəlbəcərlilərin isə işğaldan azad edilsə də, ora “portal”la, həm də təsərrüfatla bağlı icazə verilməsinə münasibət bildirərkən deyib. Qocaman qələm sahibi olan Hidayət Elvüsal daha sonra bildirib ki, bunu adət şəklinə salmaq, bizi də indidən bu erməni gəliş-gedişinə alışdırmaq istəyirlər: “... Həyasız düşmən ermənistana bir yolun da məhz Kəlbəcərdən keçməyini tələb ediir. Rus oynaşları da bunun üçün ciddi-cəhdlə çalışır”.
H. Elvüsal fikirlərində göstərir ki, amma biz indi heç olmasa, qrup şəklində doğma yurda gedə bilmirik: “... Kəlbəcər həsrətilə dünyasını dəyişənlər var. Kütləvi qayıdışa qədər heç olmasa yaşlılara imkan yaradılmalıdır ki, o yerləri görsün, havasını yenidən udsun, bir qurtum suyunu içsin,gülünü-çiçəyini qoxlasın. Doğrudanmı bu çətin məsələdir ?
Bu turist səfəridir, ata-baba yurduna niyə.belə getməliyik? - deyənlər olacaq. Bəs neynəyək? Hələlik heç olmasa yaşlılarımıza belə şərait yaradılmasını tələb edirik.. Bu işlə Kəlbəcər İcra Hakimiyyəti məşğul ola bilər. Sadəcə olaraq məsələni səlahiyyətli orqanlar qarşısında qaldırmaq lazımdır.
Axı, yurd həsrətli yaşlılarımız indi daha həyacanlı, daha səbrsiz olublar. Son günlər məhz bu səbəbdən dünyasını dəyişənlər var.
Yurdumuza heç olmasa yaşlılarımızın baş çəkə bilmələri hələlik mümkün deyilsə, o erməni sürüsü nədən Kəlbəcəri su yoluna döndərib?”
Kəlbəcər adına ucalıq gətirən imza - Hidayət Elvüsal
Dalidag.az saytından Sevinc Qəribin yazısında deyilir: “İqlimin, torpağın qoynunda yurd salan insanlara birbaşa təsirini o məkandan boy göstərən istedadlara rəğmən təyin etmək çox da çətin deyil məncə. Tanrı qələminin bütün rəng çalarında dünyanın ən gözəl məkanlarını üstlənən, görənlərin gözünü oxşayan, könlünü ovsunlayan əsrarəngiz təbiətli Kəlbəcərin yetişdirdiyi, ədəbiyyat, elm və digər sahələrdə nailliyyət, uğur qazanan istedadlı insanlar dediklərimə bariz nümunədi. Ədəbiyyatda olduğu kimi jurnalistikada da istedadı, iti qələmi, kəsərli sözü, əqidəsi ilə Kəlbəcər adına ucalıq gətirən sanballı imzaları var Kəlbəcərin. Sadaladığım keyfiyyətləri özündə birləşdirən, əslində xüsusi təqdimata ehtiyacı olmayan Hidayət Elvüsal imzası var jurnalistikamızda. 27 ildir Kəlbəcərsizlik qələminin "dadı"nı dəyişsə də, sözünə, özünə, peşəsinə sadiqdir H.Elvüsal. Yurd həsrəti, torpaq dərdi, Sücaət boyda itkinin ağırılarına dözmək düşüb qismətinə...
Bu gün qüdrətli sözün hökmündə dəyişməz missiyası ilə dərdə güc gələn Hidayət Elvüsalın doğum günüdür”.
Müəllif fikrinin sonunda hörmətli yubilyarımızı belə təbrik edir: “Dalidag.az olaraq dəyərli ziyalımız Hidayət Elvüsalı doğum günü münasibətilə təbrik edir, sağlıqlı uzun ömür və yaradıcılıq uğurları diləyirik. Kəlbəcərə qovuşmaq, Qələbə nəğməsinin müəllifi kimi yurd yerində təbrik etmək arzularımızın ümdəsidir”.
Ata Millət, Ana Millət, ağlama
1992-ci ildə Hidayət Elvüsalın qələmindən çıxan bir qəm notlu, lirik-epik duyğulu publisitik yazıya yenidən nəzər yetirək
...Dərd içinə qovrulan Məmməd Araz titrəyən əlləri ilə Qarabağdan perik düşmüş balaları qucaqlayanda,Rauf bu təkrarsız anı lentə aldı. Məmməd Araz sanki balaları qucaqlamadı, Azərbaycan boyda dərdi sinəsinə basdı:
Pəncərəni külək döyüb ağlasa,
Eyvanına quşlar qonub ağlasa,
Ürəyini nalən yonub ağlasa,
Içində yan, ağı deyib ağlama,
Ağlamağın yeri deyil, ağlama!
Ata nəvazişinə, ana sığalına həsrət körpələr Məmməd əmiyə sığındılar. Isti od-ocaqlarından uzaq düşəndən bəri bəlkə də ilk dəfə bu an, məhz bu an köyrəkliyə bələnmiş bir xoşbəxtlik duydular: bizim atamız var, arxamız, torpağımız, xalqımız var:
Bu döyüşdü - əzilən var, əzən var,
Ölüm hökmü qoltuğunda gəzən var.
Burda “bizik” , nə “mən” vardı, nə “sən” var.
Yox, ağlama, ana millət, ağlama,
Qorxuram ki, sına millət, ağlama.
O körpənin məhzun baxışında Məmməd Araz ürəyi çırpındı, Məmməd Araz qələmi yazdı. Yuvası dağıdılan bu körpələr şair ürəyində, ata istisində ovunası bir söz, bir misra axtardılar. Axtardılar və tapdılar:
Əyilməkdir ağlamağın tərs üzü,
Dərdi dartıb üzməyəni dərd üzür,
Ağlayanı tez də tapır dərd-hüzür...
Bəlkə belə tanrı yazıb, ağlama,
Səsini boğ, millət qızı, ağlama.
Bir döyüş havası qalxdı, Xətai qılıncı sıyrıldı şair misralarından. “Ağlamağın yeri deyil” dedi şair.
Baxışlarını körpələrdən çəkib, üzünü bütün Azərbaycana tutdu:
Bu torpağın son qurbanı mən olsam,
Öz odumda yanıb külə tən olsam,
Eldən ötən güllələrə dən olsam!
Ata millət, “öldü” deyib, ağlama,
Ağlamağın yeri deyil, ağlama.
Sən də ağlama, Məmməd əmi.
Sən Allah ağlama. Sinənə sığınmış körpələri şerinlə, sözünlə ovundur...
Dağılmaz Dədə Şəmşir OCAĞI
Hidayət Elvüsalın daha bir məqaləsi
Azərbaycanın bölgələri müqəddəs insanlarla, yəni ağır seyidlərlə, pirlərlə, ocaqlarla tanınır. Kəlbəcər DƏDƏ ŞƏMŞİR AİLƏSİ - OCAĞI İLƏ tanınıb. Tərtəmiz həyatı, sənəti, hətta vücudu ilə müqəddəs bilinən Şəmşir kişinin ocağına kim üz tutmayıb? Böyük Səməd Vurğundan tutmuş Məmməd Araza, Zəlimxan Yaquba, Əli Vəliyevə, Səyavuş Sərxana...kimi az qala bütün Azərbaycan məşhurları, söz adamları onun görüşünə gəlib.
Bu ocaq Kəlbəcər camaatı ücün müqəddəs ünvan olub.Bu ailənin bütün üzvləri yalnız xeyirxahlıq ediblər. Təsəvvür edin, Şəmşir kişi o qədər müqəddəs olub ki, camaat onu uşaq məzarlığında, yəni günahsızlar arasında dəfn eləyib. Məmməd Aslan sağlığında o məzarlığı həmişə yad edərdi.
Kəlbəcərdə məhz Şəmşir kişinin təsiri ilə Bəhmən, Ənvər, Məmməd, Cücaət, Adil, Abbas, Şamil, Mehdixan,Yusif, Elşən, Ələmdar... yüzlərlə qələm əhli yetişib.
Bütün bu və başqa məziyyətlərinə görə, DƏDƏ ŞƏMŞİR ÜNVANI MÜQƏDDƏS OCAQ kimi tanınıb. O ocağa, o ocağın hər hansı üzvünə qara yaxmaq, ünvanına xoşagəlməz söz söyləmək, hərəkət etmək namərdlik, nakişiluk, alçaqlıq sayılıb. Ermənilər bu ocağa zülm ediblər- ERMƏNİIƏR yəni KAFİRLƏR. Camaatı qoca,qadın, uşaq demədən qırıb, kəndə , Ağdabana od vurublar,insanları diri-diri o odda yandırıblar. Qəsdən, müqəddəs olduğunu bilə-bilə. Azərbaycan xalqının sinəsinə dağ çəkmək niyyəti ilə.
Sən demə... Dədə Şəmşirin qızını, ciyərparasını namərdcəsinə pusqu quraraq qətlə yetirən ermənilərin əməllərini başqa cür davam etdirən kafir, şərəfsiz, namərd, nankor biqeyrətlər də varmış . O müqəddəs ocağa ləkə yaxmağa çalışan...( əgər bu yazıda söhbət o müqəddəs ocaqdan getməsəydi, söyüş arsenalımdan gen-bol istifadə edərdim ) gədə-güdələr varmış. O ocağın insanına küfr etmək bütün kəlbəcərlilərin ünvanına yönəlmiş qəsddir.Ay... ora-bura qaçıb, bizə hürməyin, kişiliyiniz varsa buralarda söyləyin. Ermənilərin kölgəsində yallanıb zingildəməyin.
Unutmayın, nə qələt qırsanız da, o OCAQ müqəddəsliyini itirməz, əksinə, inancımızı daha da artırır və..
İnanın - günlərin birində cəzanızı alacaqsınız - ya Yaradandan, ya dövlətdən, ya da millətdən!
Siz uzaqda olsanız da, o gün uzaqda deyil!
Deyilənlər gəldi başa...
Hidayət Elvüsalın illər öncə yazdığı kimi, o gün uzaq deyildi. Əsrlər çəkmədi. Əsgər libaslı ərən igidlər düşmənlərimizə öz layiq olduqları yeri göstərdilər! Qarabağ, o cümlədən Şuşa... Kəlbəcər də azad edildi. Cəmi 44 günlük Vətən müharibəsi ilə Kəlbəcərə gedən yolumuzu açdıq, yolağamızı yalaqlardan təmizlədik.
Deyirlər ki, qəlbi İlahi sözlə silə olanlar zamanları qabaqlayırlar: Nizamimiz, Füzulimiz, Sabirimiz, Mirzə Cəlilimiz, H.B. Zərdabimiz kimi. Onlar yüz illər qabağı görən dühalarımız kimi bugünümüzdən narahat olublar. Sabahımızın daha işıqlı, nurlu olması üçün qələmlərini süngüyə çeviriblər, elə Hidayət Elvüsal da ulularımızıln qaçdığı ədəbi irs yolunda müdrikcəsinə addımlayan biri kimi tanınır, sevilir, az-az yazdıqları ürəklərə dağların, bulaqların suyu kimi, sərinlik gətirir. Nə gözəl xəbər ki, Qarabağımızın, o cümlədən Kəlbəcərimizin işğaldana zad edilməsində Hidayət Elvüsalın nəvələri də iştirak ediblər. Bu, nəvələrin babalara ən böyük hədiyyəsi, töhfəsidir.
Hidayət Elvüsal vüsalına qovuşan şair-publisistdir. Onun ömür-gün dostundan sonra yetişəcəyi bircə vüsalı var idi Kəlbəcər adlı...
Qələminizə, Sözünüzə həmişə ehtiyacımız var, ustad! Vaxtilə mənə göstərdiyiniz haqq-ədalət yolu ilə gedib, 30 ildir ki, yataqxana həyatına “alışsam” da, Kəlbəcərə dönməyə yaradanımızdan umacağım, diləyim var. tanrı bizi uşaqlıq və gənclik illərimizə qovuşdursun baba yaşımızda. Gözlərimiz sevinc yaşları axıtsa da olar.
Əziz qardaşım, elimizin söz sərrafı, Sücaət ünvanlı, Kəlbəcər sevdalı Hidayət Elvüsal, bu yazıma nöqtə qoymağa əlim gəlmir, baxmayaraq ki, uzun-uzadı oldu. Oxucunu yormasın deyə, onu hissələrə bölürəm. İstəyirəm ki, sizə oxşayım, kiçik yazıda böyük mətləb olsun. Nə bacardımsa onu da yazdım. Yazmaq istədiklərimin mində birini qələmə aldım. Gecənin bu aləmində sizdən məsləhət ala bilmədim. Ötənlər- ömrümüzdən itənləri, gözlərimizdə bitənləri dilə gətirməyə çalışdım, amam məəmn deyən alınmadı. Ona görə də bu dərd yumağını sarıyıb buraa saxladım.
Xəyalım dolanır, fikrim perikir,
Ruhum o dağlara uçur bu gecə.
Yuxum ərşə qalxıb ah-nalə kimi,
Sinəm dərd-sərini açır bu gecə.
Qələminə qüvvət, dilinə qurban,
Yurddan perik düşən elinə qurban.
Solan çəməninə, gülünə qurban,
Dərdlərim üstümə qaçır bu gecə...
Kəlbəcər qışda da gülüstan idi,
Bu hüsnü dillərdə bir dastan idi.
Məhəmməd, bir barlı bağ-bostan idi,
Talanıb, dağılıb uçür bu gecə..
Məhəmməd NƏRİMANOĞLU
Bakı, 14 noyabr 2023-cü il...
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN