Ermənistanın baş naziri bu ölkənin Milli Məclisində Qarabağ erməniləri üçün yaşayış evlərinin tikintisinə dair proqramı elan edib.

Çətin ki bu proqram geniş olsun, çünki Qarabağ erməniləri Ermənistan vətəndaşı olmaq istəmirlər. Bu ölkənin on minlərlə işçiyə ehtiyacı var, orada işçi çatışmazlığı problemi Hindistan vətəndaşlarına iş icazələrinin verilməsilə həll olunur. Hökumət qarabağlıları Ermənistanda saxlamaqda maraqlıdır. Amma Azərbaycandan gedən adamlar Ermənistan vətəndaşlığını almaq istəmirlər. 2023-cü ilin noyabrında bu ölkənin polisi müvəqqəti müdafiə statusu almış qarabağlı qaçqınlardan Ermənistan vətəndaşlığı almaq üçün ərizə qəbul etməyə başlayıb. İki ay ərzində 100 mindən çox Qarabağ qaçqınından cəmi 735 nəfər Ermənistan vətəndaşlığı almaq üçün müraciət edib. Müvəqqəti müdafiə haqqında şəhadətnaməni isə  qaçqın statusunu seçmiş 53 mindən çox köçkün alıb. "Laçın" sərhəd-keçid məntəqəsi vasitəsilə Azərbaycandan gedən ermənilərin çoxu jurnalistlərə Rusiyaya köçmək niyyətində olduqlarını bildirib. Hələlik Rusiya ilə Ukrayna arasında davam edən müharibə buna mane olur.

Ermənistanda "Qarabağ xalqının kollektiv repatriasiyası və digər fundamental hüquqları üzrə" Komitə yaradılıb və bu komitəyə Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan rəhbərlik edəcək. Oskanyanın namizədliyi "komitəçilərin" sırf siyasi niyyətinə işarə edir ki, onların məqsədi dünyada antiazərbaycan aksiyalarının konsolidasiyası olacaq. Qarabağ ermənilərinin liderləri bilərəkdən Bakının qarşısında qəbuledilməz tələb irəli sürüblər ki, onlara Azərbaycan qanunlarından kənar status verilsin və bütün güc strukturları Qarabağdan çıxarılsın. O zaman qayıdacaqlar.

Bakı da buna cavab olaraq qeyri-mümkün tələb irəli sürüb. Prezident İlham Əliyevin dediyi kimi, ermənilər Qarabağa Azərbaycan vətəndaşlarının hüquqları ilə, onlara status verilmədən və Ermənistan SSR-in keçmiş sakinləri olan  azərbaycanlıları qəbul etmək üçün Ermənistanın siyasi razılığı ilə qayıda bilərlər. Yerevanda bu təklif müzakirə olunmur.

Beləliklə, ermənilərin Qarabağa qayıtması mümkün görünmür. Son erməninin regiondan çıxdığı gündən dörd ay keçib (26 sentyabr 2023). Bu müddətdə Qarabağdakı boş evləri Azərbaycan polisi qoruyur, Xüsusi icazə olmadan Azərbaycan vətəndaşlarının regiona daxil olması mümkün deyil. 120 minə yaxın adamın yaşadığı boş evlər necə olacaq? Təkcə Xankəndidə 55 minə yaxın sakin vardı. Müqayisə üçün deyək ki, Lənkəran şəhərində 53 min adam yaşayır.

Belə olan halda azad edilmiş Qarabağın Xankəndi, Ağdərə, Hadrut və digər şəhər və kəndlərində kim yaşayacaq? Belə hesab edirlər ki, doxsanıncı illərdə qiyamlardan xilas olmaq üçün Dağlıq və Mil Qarabağdan 500 min azərbaycanlı qaçıb. Onların  evlərinin hamısı mövcud infrastruktur, iqtisadiyyat, mədəniyyət, səhiyyə və təhsil obyektlərilə birlikdə ermənilər tərəfindən tamamilə dağıdılıb. İşğal illərində anadan olan yeni nəsil qarabağlılar da daxil olmaqla, əslən bu bölgədən olan azərbaycanlıların sayı bir milyona çata bilər. Onların hamısı azad edilmiş ərazilərdə yerləşə bilməz. Tikintinin mövcud tempilə yaxın beş ildə bu ərazidə bütün keçmiş qaçqınlar üçün yeni evlər tikmək mümkün deyil. Odur ki, söhbət seçmə məskunlaşmadan gedə bilər.

"Atlas" Analitika Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun fikrincə, ermənilərin boş evlərinə azərbaycanlıların yerləşdirilməsi risklidir, çünki belə olduğu halda Ermənistan ermənilərin mülkiyyət hüquqlarının pozulması ilə bağlı Beynəlxalq məhkəmədə minlərlə iddia qaldırılmasına təşəbbüs göstərər. Məhkəmələr iddiaçıların tərəfini tutacaq, Bakının qarşısında maddi kompensasiya tələbi qoyacaqlar.

Ekspert daha altı ay gözləməyi, ermənilərə Azərbaycan vətəndaşlığını qəbul etmək barədə düşünmək üçün vaxt verməyi təklif edir. Ümumi illik müddət (Qarabağdan çıxdığı gündən) başa çatdıqdan sonra imtina edildiyi təqdirdə, Bakı qanun səviyyəsində keçmiş Azərbaycan SSR vətəndaşlarının daşınmaz əmlakına mülkiyyət hüququna xitam verildiyini elan edə bilər. Prezident İ. Əliyev bildirib ki, 2024-cü ildə Xankəndidə və keçmiş Dağlıq Qarabağın digər yaşayış məntəqələrində azərbaycanlıların məskunlaşmasına başlanılacaq. 2024-cü ilin sentyabrında ermənilərin Qarabağdan çıxmasından bir il ötəcək. O zaman boş evlərin və mənzillərin yeni qanuni sahibləri olacaq.

Kamal ƏLİ,

Ekspert

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN