Ötən şənbə günü -mayın 4-də Bakının Əmircan qəsəbəsindək Səttar Bəhlulzadə adına Mədəniyyət Evində Müsavat Partiyasının XI Qurultayı açılıb.
Tezadlar.az bildirir ki, qurultayda 300-dən çox nümayəndə iştirak edib. XI Qurultay partiyanın yeni başqanını, Mərkəzi Nəzarət Təftiş Komissiyasını (MNTK) və Məclisini seçir. Müsavat Partiaysının başqanlığına yeganə namizəd İsa Qəmbər ölkədə demokratik dəyişikliyə keçid üçün iqtidarla ictimai saziş təklifi ilə çıxış edib. Türkiyədə fəaliyyət göstərən Azərbaycan Kultur Dərnəyinin başqanı Cəmil Ünal təbrik nitqində deyib ki, Azərbaycan prezidenti Əbülfəz Elçibəy Azərbaycan Xalq Cəbhəsinin sədri olarkən Müsavat bayrağını Azadlıq meydanında qaldırıb. “Müsavat Partiyası dəyərlərini reallaşdırmaq üçün yüz minlərlə şəhid verən bir siyasi qurumdur. Müsavat Partiyası 72 il mühacirtədə yaşamağa məcbur edilmiş böyük bir siyasi təşəkküldür”, o qeyd edib.
Cəmil Ünal Müsavat Partiyasına seçkilərdə uğurlar diləyib. “Seçkilər bir partiyanın amacı olaraq iqtidarda qalması üçün keçirilməməlidir. Seçkilər bir partiyanın iqtidardan getməməsi üçün vasitə edilməməlidir. Çünki demokratik ölkələrdə dövlətlə hökumət ayrıdır. Dövlət başdır, dövlət millətdir. O daim qala bilir. Amma hökumətlər millət istəyəndə gedir. Bu baxımdan seçimlər iqtidarın seçilməsində əsas olmalıdır. Seçkilər iqtidarın əbədi olaraq işğalına amac olmamalıdır”, o qeyd edib. Partiyanın lideri Arif Hacılı hesabat məruzəsi ilə çıxış edib. O bildirib ki, bütün mübarizə tarixində partiya müsavatçılıq yolunu davam etdirib. Partiya başqanlığına namizəd İsa Qəmbər isə hesab edir ki, ölkədəki problemləri həll etmək elə də asan olmayacaq. “Ancaq bu mümkündür. İnanıram ki, birgə səylərlə hədəflərə çata bilərik, problemləri həll edə bilərik. Çünki biz millət olaraq çox böyük hədəflərə çatmağı bacarmışıq. Biz 80-ci illərdə hərəkata başlayanada əsas üç hədəfi qarşımıza məqsəd qoymuşduq. Azərbaycanın istiqlalı, ərazi bütövlüyü və demokratiya, haqq-ədalət, xalqın xöşbəxtliyi. İstiqlal hədəfinə Elçibəyin liderliyi ilə xalqın, milyonların iştirakı ilə çatdıq. Istiqlalı əldə etdik. Ərazi bütövlüyü məsələsi indiki dövrdə, indiki hakimiyyətin zamanında həll olundu. Əlbəttə bu xalqımızın, qəhrəman ordumuzun qələbəsidir. Düzgün yolun nəticəsidir... Amma fakt budur ki, torpaqlarımızın azad edilməsi indiki hakimiyyətin (Prezident İlham ƏliyevinRed.) dönəmində baş verib və biz bunu reallıq kimi qəbul edirik”.
Qurultay İsa Qəmbəri yenidən Müsavat partiyasının başqanı seçib. Müsavat Partiyası 1911-ci ildə Məhəmməd Əmin Rəsulzadənin İstanbuldan göndərdiyi təlimata əsasən Bakıda yaradılıb. Müsavat Partiyasının ilk qurultayı 1917-ci il oktyabrın 26–31-də Bakıda, “İsmailiyyə” binasında keçirilib. 1918-ci il mayın 28-də Tiflisdə Müsavat Partiyası (30 nəfər sayla) bir neçə azsaylı partiya ilə birgə Azərbaycan İstiqlalını elan edib. 1918–1920-ci illərdə dövlət quruculuğu prosesində, parlament seçkilərində, Azərbaycanın dünya dövlətləri tərəfindən tanınmasında Müsavat Partiyasının böyük xidmətləri olub. Rusiya imperiyası Azərbaycanı işğal edəndən sonra partiya 1922-1989-cu illədrə mühacirətdə faəliyyətini davam etdirib. 1992-ci ildə Müsavat Partiyasının yenidən təşkili ilə bağlı Bərpa mərkəzi yaradılıb. Azərbaycan Milli Məclisinin o vaxtkı sədri İsa Qəmbər partiyanın başqanı seçilib. 1993-cü ildən partiya müxalifətdədir. 2014-cü ilə kimi partiyaya İsa Qəmbər rəhbərlik edib. 2014-cü ildə partiyanın VIII qurultayında Arif Hacılı başqan postuna seçilib.