Mayın 4-də Sumqayıt şəhərində polis əməkdaşları məhkəmənin qərarını icra edərək Azərbaycan siyasətçisi və alimi Qubad İbadoğlunun evində ona hərəkətlərinə məsafədən aramsız nəzarət etməyə imkan verən elektron qolbaq tətbiq ediblər.
Bu elektron nəzarət vasitəsinin tətbiq olunması İbadoğlunun yerdəyişmələrini müəyyən ərazi ilə məhdudlaşdırmaqla onun hüquqi problemlərinin davam etdiyini göstərir. Q.İbadoğlunun qanuni təmsilçilərinin qeyd etdiyi kimi, Azərbaycanda elektron nəzarət hətta məhkəmə qərarı ilə də nisbətən az hallarda tətbiq olunur. İbadoğluna həmin şəkildə nəzarət etmək barəsindəki qərar, xüsusən onun 9-aylıq həbs ərzində səhhətində yaranmış problemlər nəzərə alınmaqla, əlavə diskussiyalara səbəb olub.
Qubad İbadoğlu qaçaqmalçılıqda və saxta pul kəsməkdə ittiham edilib. Bu ittihamlar onun ilkin həbsinə və sonrakı beynəlxalq ictimaiyyətin təzyiqi altında yüngülləşdirilmiş ev dustaqlığına səbəb olub. İbadoğlu və onun tərəfdarları iddia edirlər ki, ittihamlar siyasi amillərlə şərtləndirilib və onun müxalifətçi kimi hakimiyyətə qarşı mübarizəsinə son qoymaq məqsədini güdür.
Bu iş beynəlxalq ictimaiyyətin diqqətini cəlb edib, ABŞ və Avropanın bir çox siyasət və elm xadimləri, insan haqları təşkilatları rəsmi Bakını İbadoğluna qarşı ittihamlara xitam verməyə və onun təqib olunmasına son qoymağa çağırıblar. İbadoğluya elektron qolbağın tətbiq oluması ilə Azərbaycanda siyasi azadlıq və insan haqlarının durumu üzrə beynəlxalq müzakirələr yeni ölçü kəsb edir.