Ötən gün Zaqatalada 40 nəfərin dönərdən zəhərlənib xəstəxanalıq olmasının üstündən, dünən Səbail rayonu ərazisindəki adı hələ də gizli saxlanılan iaşə obyektində 2 nəfərin ölməsi, 2 nəfərin isə zəhərlənməsi faktı ilə bağlı araşdırma aparılır...
Baş Prokurorluğun mətbuat xidmətindən "Təzadlar"a verilən məlumatda belə deyilir. Məlumatda bildirilir ki, mayın 6-da paytaxtın Səbail rayonu ərazisində yerləşən iaşə obyektlərindən birində Kənan Mustafayev (1998-ci ildə anadan olub) və Orxan Əmirovun (1993-cü il) ölməsi, Nicat Cabbarlı (1991-ci il) və Xəzər Cabbarlının (1998-ci il) isə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilməsi faktı ilə bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır. Hadisənin baş vermə şəraitinin, eləcə də zərərçəkmiş şəxslərin ölüm və zəhərlənmə səbəbinin müəyyən edilməsi məqsədilə müvafiq ekspertizalar təyin edilib, habelə digər zəruri prosessual hərəkətlər icra olunub.
Bu barədə ölkə mediasında da narahatlıq doğuran məlumatlar yayılmışdır. Lakin nədənsə, həmin iaşə obyektinin-restoranın (kafenin) adı gizli saxlanılır. Bunun özü də əlavə suallar yaratmaqdadır... "Təzadlar" bu istiqamətdə araşdırmalar aparmaqdadır...
A.Məmmədli