...ƏVVƏLİN SONU, SONUN ƏVVƏLİ... ONU YAZMAQ, YOZMAQ VƏ İZ QOYMAQ BACARIĞI İFADƏ OLUNMUŞ ƏSƏR HAQQINDA PUBLİSİSTİK DÜŞÜNCƏLƏR...

...Real hadisələrə əsaslanaraq ərsəyə gətirilmiş " Sonuncu əmr" romanında, oxucu olaraq, cərəyan edən hadisələrə ayna tutmaq istərdim. Sözü gedən kitabın müəllifi "Təzadlar" qəzetinin təsisçisi və baş redaktoru Asif Mərzilidir.

Asif müəllim özü Ağdamın Mərzili kəndində anadan olmuşdur. Qarabağ həsrəti Azərbaycanın parçası olaraq bu səbəbdəndir. Tarixi bir əsərin sətirləri arasında var- gəl etdikcə, 44 günlük Qarabağ müharibəsi gözlərimiz önündə yenidən canlanır və bizlər bu müharibənin canlı şahidləri oluruq. İki əsrə bərabər erməni şərəfsizləri Qarabağı özününküləşdirmək məsədilə demək olar ki, Avropa dövlətləri daima ermənilərin yanında olublar. Bizlər isə heç vaxt haqqımızı bu günə qədərdə müdafiə edə bilməmişik. Yüksək səviyyəli beynəlxalq qurumların verdikləri qərarlar mütəmadi olaraq kağız üzərində qalıb. Tarixə nəzər yetirsək, bu günə qədər Qarabağ üğrunda şəhid olanların sayı minlərlədir.
 Bu kitabı səhifələdikcə, sanki hadisələr bu gün baş vermiş kimi  gözlərim önündə yenidən cəryan edir. Əvvəllər Qarabağ adı gələndə dilim ağzımda yanardı. Hətta elə anlar olurdu ki, belə söhbətləri eşidəndə qeyzlə və ikrahla deyərdim: "Amandı, Qarabağın adını çəkməyin". Çünki mən və digər vətənsevənlər vardı ki, ümidlərini tamamilə itirmişlərdi. Lakin bir deyim doğruymuş ki, "ümid sonda ölür". Nəhayət, o gün bu gündür... O gün gəldi ki, bizim əzəli və əbədi torpağımız olan Qarabağı zamanında düzgün aparılmayan səriştəsiz  siyasətin qurbanlarının oğul- uşaqları otuz il sonra erməni vandallarından təmizlənərək yeni yetişən nəslə təhfil verildi. Onlar 44 günlük müharibədə qəhrəmanlıq nümunəsi göstərərək, vətən uğrunda şəhid olmuşlar.
 Belə bir qəhrəman "Sonuncu əmr" romanında da öz əksini tapmışdır. Kitabda, həmçinin Azərbaycan Ordusunun 2016- cı ilin 4 aprel və 2020- ci ilin 44 günlük döyüş əməliyyatları, nəhayət, 2023 - cü ilin 19- 20 sentyabrda həyata keçirdiyi sonuncu qısa hərbi əməliyyatları 30 il ərzində işğal altında qalmış bütün əraziləri azad edərək düşmən üzərində qələbə qazanmışdır və ermənilərin "Dağlıq Qarabağ Respublikası" adlı qondarma - separatçı qurumu tarixin arxivinə göndərilmişdir.
XXX
 Kitabda gənclərimizə örnək olacaq çox nüanslara rast gəlinir. Sanki milli ruh gənclərimizin qəlbinə toxum tək səpilərək, yeni yetişən nəslə nümunə göstərilir.  Belə ki, müəllif əsərin qəhrəmanını önə çəkərək gənc nəslə tanıtmağa çalışır. Təqdim edilən bədii əsərdə qazanılan Zəfər öz sözünü real faktlara söykənərək romanda öz əksini tapmışdır. Hər bir şəhid və qazinin döyüş səlnaməsi faktlara söykənərək oxuculara təqdim edilir.
 Vətən Müharibəsi Qəhrəmanı, kəşfiyyat komandiri Polkovnik -Leytenant Orxan Əkbərovun göstərdiyi şücaət xüsusi vurğulanmışdır. Müəllif Orxan Əkbərovu bir qəhrəman kimi önə çəksə də, mənə belə gəlir ki, Orxan Əkbərovu ideal qəhrəman kimi yetişdirən onun düşmənə qarşı kin və nifrətidir. Çünki bütün hadisələr onun gözləri önündə cəryan etmişdir. 
Birinci Qarabağ müharibəsi başlayanda Orxanın cəmi 8 yaşı, Xocalı, Şuşa, Laçın... işğal ediləndə, Ağdam, Kəlbəcər, Fizuli, Zəngilan, Ağdərə, Xocavənd, Qubadlı, Cəbrayıl... işğal olunanda isə on bir yaşı tamam olmuşdu. O dövrün uşaqlarının həyatlarında elə anlar yaşanmışdır ki, dillə deyiləsi kimi deyil. Acınacaqlı dövdə yetişən gənclərdən biri də Rəşaddır. Bu əsərdə Rəşad ön sıralarda yer alan qəhrəmanımızdır. Müharibə vaxtı Rəşadgilin ailəsi  təsadüfən dumana düşdüklərindən yolu itirdikləri üçün Xocavənd istiqamətində ermənilərlə rastlaşırlar. Ermənilər bütöv bir ailəni azərbaycanlı olduqları üçün əsir götürür. Bütün bəlalar da  bu hadisədən sonra başlayır.
Haşiyə: Əsərdə faktlara əsasən ermənilərin şərəfsiz, qansız, zalım, vəhşi olmalarının daha bariz nümunələrilə tanış oldum. Belə ki, gitovluqda olan balaca Rəşadın gözləri önündə elə hadisələr baş verir ki, vətən sevgisi və ermənilərə  qarşı üsyankar nifrət onda elə həmin anlardan yaranmışdır. Atası, anası gözləri qarşısında erməni qəsbkarlarına baş əymədikləri üçün yandırılaraq öldürülür. Rəşad balaca olduğundan əli heç yerə çatmır. Ancaq fəryad edərək, öz uşaq dililə ermənilərə təpki verdiyi üçün ona da işgəncə verir, zülm edirlər. Rəşadın yaddaşına isə anasının son məqamında oğluna eşitdirdiyi söz qalır. "Oğlum, sən yaşa ki,  böyüyüb bu qisası yerdə qoymayarsan". Rəşadın qulağında səslənən bu fəryad daima onu qisasa yaxınlaşdırır və qəlbini qisas atəşilə  yandırır. Rəşad məqsədinə çatmaq üçün çox keşməkeşli həyat yolu keçir.
 Bütün bunlar kitabda real olaraq onu tanıyanların dediklərində öz əksini tapır. Rəşad Rusiyada yaşayan dayısının himayəsinə verilir, Sankt- Peterbuqda əsgərlik xidməti keçir, hərbi akademiyanı bitirir... Və arzusunu reallaşdırmaq üçün Azərbaycana qayıdıb Qarabağ müharibəsində kəşfiyatçı kimi iştirak etmək istəyir. Hətta qayıdır da... Rəşad nümunəvi kəşfiyyatçı "Qartal" ləqəbli Orxan Əkbərovu axtarır. Ən böyük istəyi onunla görüşüb düşmənə qarşı qəlbindəkiləri ona danışmaq və nə etmək istədiyini ondan öyrənmək idi. Rəşad böyüdükcə onun qəlbindəki kin və nifrət də böyümüşdü, qisasa ünvan idi. Nəhayət, günün birində təsadüfən elə şərait yaranır ki, "Qartal" ləqəbli qəhrəman kəşfiyyatçı Orxan Əkbərovla  görüşə bilir. Kiçik yaşından ailəsinin başına gələnləri kəşfiyyat komandirinə danışır. İstəyi də bu olur ki, Qarabağın işğal olunmuş ərazilərinə keçərək ailəsini öldürmüş Ruben adlı erməni hərbi komandiri tapsın, qisasını alsın. 
Rəşad onu da qeyd edir ki, o erməni dilini yaxşı bilir. Rəşad başa düşürdü ki, qisas almaq üçün nümunəvi hərbçi  olmalıdır. Buna da nail olmuşdur... İlk baxışda kəşfiyyat komandiri "Qartal" Rəşada inanmaq istəməsə də, Rəşadın həyacanla hadisələri anlatması Orxan Əkbərovun qəlbində müsbətə doğru iz buraxır. Rəşad danışıqlarında özünü kəşfiyatçı kimi onunla çalışmağı arzu edirdi. İstəyirdi kəşfiyyatçı kimi  ermənilərin arxasına keçərək, düşmənin gizli planlarını üzə çıxarıb, məhv etsin. Və anasının son sözlərinə əməl edərək erməniləri diz çökdürsün, qisasını alsın. Onun ən böyük istəyi Ruben adlı erməni cəlladını tapıb ondan günahsız olaraq xüsusi amansızlıqla gözləri önündə qətlə yetirilən Azərbaycan vətəndaşlarının və ələlxüsus da anasının sön sözlərinə əsasən, qisasını almaq idi. Həm də istəyir ki, Rubeni tapıb oldürdükləri azərbaycanlılarla yanaşı, körpə qardaşı, atası, anasıə bibisinin çalaya gömüldüyü yeri öyrənib ziyarət etsin. Və desin ki, "bax, mən böyüdüm və gəlmişəm qisasınızı almağa".

Rəşad hələ girovluqda olanda ermənilərin gözündən yayınaraq, hərdən fürsət düşən kimi atası və anası gömülən yerə qaçıb çiçək dərib qoyur, özünə söz verirdi ki, "Mən ailəmin qisasını mütləq alacam".

O bunları "Qartal"a danışır. Onun bu yolda iddialı olmağı da "Qartal"ı axtarıb tapmasına zəmin yaradır.

Doğrudan da "qisas qiyamətə qalmaz" deyilən fikir düz imiş. Nəhayət, Rəşad Orxan Əkbərovun kəşfiyyatçı qrupuna daxil olur və bir çox əməliyyatlarda iştirak edir. Kəşfiyyat zamanı Rəşad ilk fürsətdə Rubeni tapır. O Rubeni tapanda görür ki, bu mənfur qaniçən tamamilə qocalmış və əldən düşmüşdür.

XXX 

 Onu da qeyd edim ki, Rəşadın erməni adı və soyadı ilə Rusiya pasportu olduğundan və erməni himayəsində yetişdiyindən murdarların dilini yaxşı bilir, onun erməni olduğuna heç şübhə etmirlər.
 Rəşad Rubenlə görüşəndə illər önçə olanları xatırlatma edərək onun yadına salır. Müəllif əsərdə bunları yerli- yataqlı və peşəkarlıqla təsvir edir. Mənə elə gəlir Ruben Rəşadı erməni olduğunu hesab etdiyi üçün onun suallarına olduğu kimi cavab veririr. Hətta azərbaycanlı girov və əsirlərə necə işğəncə verdiyini həvəslə nəql edir. Ancaq danışdıqca bir şeyə təəssüflənir ki, o balaca "dələduz" uşaq əlindən necə çıxdı. Və Rəşada deyir ki, "O balacanı öldürmədim ona görə ki, bacımın uşağı böyrək xərçəngindən əziyyət çəkirdi...". Demək, erməni o uşağın böyrəklərini bacısı uşağına köçürtməli imiş... Bu üzdən onu öldürməyiblər...(Buda bir bəxtdir... taledir ki, Allah öz pənahında saxlayıb.).

 Beləcə, Rəşadın Rubenlə danışığı böyrək köçürtmək söhbətinə çatanda o əsəblərini cilovlaya bilmir. Rubenin boğazından tutub sürüyə- sürüyə həmin məzarların doğru olduğu yerə gətirir və deyir ki, öldürə bilmədiyin o uşaq qarşındadır, indi dur gedək öldürdüyün günahsızların basdırıldığı yerə. Səsi boğazında ilişib qalan Ruben xırıltı ilə danışır, imdad diləyir. Və Rəşad Rubeni həmin qəbirlərin üstündə diz çökdürüb: "İndi de ki, mənim qanım sizə halaldır, əliyalın, köməksiz insanlar, mən sizi insanlığa yaraşmayan zülm ilə öldürdüm... De... De... De... Əclaf...".

Vəziyyətin ciddiliyini görən Ruben bu dəfə "yazıqlaşan" erməni hiyləsindən istifadə edərək, Azərbaycan dilində yalvarmağa başlayır:
"- Məni bağışla, öldürmə qoca adamam, biz qonşuyuq, vaxtilə azərbaycanlılarla dost olmuşuq... Bizləri Koçaryan, Ohanyan, Sarkisyan kimi əclaflar yoldan çıxartdılar, məcbur etdilər, bizi sizlərlə düşmən elədilər...
Rəşad: -Səsini kəs, yaramaz qoca... Sizlər Xocalıda törətdiklərinizi unutdunuzmu? Biz unutmadıq...".

XXX 

 Bəli, bütün bu törədilmiş vəhşilikləri unutmadığımız üçün Azərbaycan xalqı yumruq kimi birləşərək, müsəlləh əsgərə çevrilib qələbə qazandı. Bu qələbə bütün dünyaya sübut etdi ki, Vətən sevgisi, yurd həsrəti necə olur. Azərbaycanın 44 günlük Zəfər müharibəsi qəhrəmanları ilə dillərdə dastan oldu.
 Əsərdə bir epizod məni çox təsirləndirdi, həm də qürurlandırdı. Müəyyən fasilədən sonra N saylı hərbi hissələrdən birində döyüşlərə möhkəm hazırlıq gedir. Düşmən gülləsi dolu kimi yağır, onlar mühasirəyə düşürlər. Hücum planına isə kəşfiyyat komandir Orxan Əkbərov rəhbərlik edirdi... Hələlik sakitlik idi. Əsgərlər komandirin ətrafında toplanmışdılar... Hər kəs xoş əhval- ruhiyyədə olsa da, düşüncəli görünürdülər. Çünki aralarında oğul- uşaq sahibi olanlar da var. Nədənsə Polkovnik- leytenant Orxan Əkbərovun əsgərlərindən birini xəyal lap uzaqlara, məktəb illərinə aparmışdı. O bir hadisəni danışır: Müəllimin verdiyi tapşırığa əsasən sərbəst inşa olaraq müharibədə döyüşən atalar haqqında inşaa yazmaq tələb olunur. Müəllim hər kəsin yazısını özlərinə oxudaraq fikrini öyrənir... Növbə şagirdlərdən birinə çatanda o inşaanı  yazmadığını deyir...  Səbəbini öyrənməyə çalışan müəllim çox təəsirlənir. Başını aşağı salan şagird müəlliminə deyir ki, yaza bilmədim, çünki mənim atam yoxdur, ermənilər öldürüb... Bu xatirəni kəşfiyyata gedən əsgərindən eşidən "Qartal" xəyaldan ayılaraq, əsgərlərini toplayıb əmr verir ki, ailəsi, uşaqları olanlar döyüş meydanını tərk etsin, subaylar qalsın... Bu fikir əsgərlər tərəfindən birmənalı qarşılanmır və hər biri bu döyüşdə iştirak etmək istədiyini bildirir. Az keçmiş döyüş əmri verilir. Polkovnik Əkbərov önə keçərək əsgərlərə qəzəbli şəkildə yenidən əmr verir ki, ailəlilər mühasirədən çıxmaq üçün geriyə çıxsınlar... Komandirin əmrindən çıxmaq nə demək idi, əsgərlər çox gözəl başa düşürdülər. Bu döyüşdə humanist komandir istəmirdi ki, zamanında özü atasız böyüdüyü kimi himayəsində olan əsgərlərin balaları da atasız qalıb daima qəlbləri nisgilli olsun. Orxan Əkbərov həm də belə bir ürəyə, qəlbə sahib idi.
 Bu və bunun kimi nümunələri əsərdə çox önə çəkmək olar. Çox təəssüflər olsun ki, bu döyüş və verilən əmr sonuncu olur. Polkovnik- leytenant Orxan 
Əkbərov Qarabağ uğrunda gedən döyüşlərdə öndə gedərək, qəhrəmancasına şəhid olur və Vətən torpağına tapşırılır. O, bu gün Azərbaycanın real qəhrəmanıdır- Vətən Müharibəsi Qəhrəmanıdır! Onun adı əbədiləşdirilərək hər bir Azərbaycan vətəndaşının qəlbində yaşayır! Allah bütün şəhidlərimizə rəhmət eləsin...

XXX
Mənə elə gəlir ki, Asif MƏRZİLİ bu kitabı yazmaqla ağzına su alıb oturan qələm əhlinə yeni yol açdı. Qeyd edim ki, roman qələbəmizdən bəhs edən ilk əsərdir! Amma müharibədə şəhid olan və Milli Qəhrəman adını daşıyan vətən sevdalılarımız çoxdur. Onların hər biri bir əsərin, bir romanın qəhrəmanıdır!
Hörmətli qələm sahibi olan yazıçılar, qələminizi itiləyin və yazmağa başlayın ki, millətimizin döyüş rəşadətini dünyada tanıda bilək... Axı Azərbaycan xalqı təkcə 44 günlük Vətən savaşında üç mindən çox şəhid verib. Bu gün onların ruhları şaddır ki, doğrudan da "Qisas qiyamətə qalmadı"!

 Mən elə düşünürəm ki, " Sonuncu əmr" romanı tarixi əsər olaraq məktəblərdə müasir Qarabağ tarixi kimi tədris edilməli və gənclərimizin şüur və təfəkkürünə həkk edilməlidir. Həkk edilməlidir ki, arxamızca gələn yeni nəsil ürəklə və qürurla "Qarabağ Azərbaycandır" desin! Bu gün ermənilər tərəfindən viran edilmiş Qarabağ torpağında yenidən abadlıq işləri aparılır. Azərbaycan prezidenti İlham Əliyev var qüvvəsi ilə çalışır ki, vaxti ilə elindən, obasından didərgin düşmüş insanlar öz ana torpaqlarına qayıtsınlar.
Qeyd: Tarixlər boyu "sonun əvvəli" ilə düşünənlər anlamalı idilər ki, vaxt gələcək "əvvəlin sonu" ilə də tarixin arxivinə gömüləcəklər...

Müəllifə daha böyük yaradıcılıq uğurları arzusu ilə:
Təranə Şəms,

Ədəbi tənqidçi, filoloq

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN