Bələdiyyə torpaqlarını müxtəlif şəxslərə ayırmaqda şübhəli bilinən Daşkəsən rayonu Əhmədli kənd bələdiyyəsinin sədri Sərvaz Quliyevin məhkəməsi başlayır.
Bu barədə Daşkəsən Rayon Prokurorluğu məlumatı verib. Məlum olur ki, istintaqla Sərvaz Quliyevin vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi, habelə vəzifə səlahiyyətlərini aşaraq bələdiyyə üzvlərinin əvəzinə imza etməklə kollegial orqan olan Əhmədli bələdiyyəsinin mülkiyyətindəki torpaq sahələrinin müxtəlif şəxslərə ayrılmasına dair təkbaşına qərarlar qəbul etməsi, habelə torpaq sahəsinin icarəyə verilməsi barədə yalan vədlər verərək dələduzluq yolu ilə vətəndaşa məxsus pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib. Sərvaz Quliyev 178.2.2, 178.2.3 (təkrar və qulluq mövqeyindən istifadə etməklə dələduzluq), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 309.1-ci (vəzifə səlahiyyətlərini aşma), 313-cü (vəzifə saxtakarlığı), 326.1-ci (rəsmi sənədləri, ştampları və ya möhürləri oğurlama, məhv etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında həbs qətimkan tədbiri seçilib. Cinayət işi üzrə ittiham aktı təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.