Güman ki, evinə çağırdığı xanımın xasiyyətini bilməyən məşhur şəxs 340 min manatı elə-belə güdaza verməyib və…
Bakının Binəqədi rayonu ərazisində adı nədənsə gizli saxlanılan bir şəxsin evindən içərisində 340 min manat olan seyf oğurlanıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti bu barədə məlumat yayıb. Mətbuat Xidməti oğruların adını qeyd edib fotoşəkillərini paylaşsa da, bu oğurluğa şərait yaratmış zərərçəkmişin adını gizli saxlayıb. Niyə? Axı necə olur ki, bəzən narkomanların dəstə ilə fotoşəkli və adları qeyd olunur, amma evinə yad qadını dəvət edib seyfinin yerini göstərən, evinin açarını ötürən şəxs isə məxfilikdə saxlanılır. Və zərərçəkmişin adı və ya kimliyi (söhbət təkcə evindəki seyfində 340 min manat saxlayan şəxsdən gedir) niyə açıqlanmasın ki?! Heç olmasa, adı ictimailəşdirilər, camaatın da ona yazığı gələr... Bu da bir təsəlli olar!
***
Rəsmi məlumatda diqqəti çəkən bir məqam da var: «…Hadisə barədə zərərçəkən şəxs polisə məlumat verən kimi dərhal araşdırmalara başlanılıb. Binəqədi Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törədən qabaqcadan əlbir olan dəstənin üzvləri - 1986-cı il təvəllüdlü Şəbnəm Hüseynova, bacısı 1996-cı il təvəllüdlü Zemfira Sultanova, onların əmisi oğlu 1991-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Qurban Sultanov və tanışları 1996-cı il təvəllüdlü Əli Qurbanov saxlanılıblar. Dindirmə zamanı məlum olub ki, hadisədən əvvəl Şəbnəm Hüseynova müxtəlif vasitələrlə mənzilin açarlarını əldə edib. Daha sonra gecə saatlarında evə girərək dəmir seyfi oğurlayıb və əmisi oğlu Q.Sultanova təhvil verib. O isə öz növbəsində seyfi Şəmkir rayonuna apararaq içərisində olan 340 min manatı ələ keçirib. Bir neçə gün sonra Q.Sultanov pulun 194 min manatını Ə.Qurbanovun vasitəsi ilə əmisi qızlarına göndərib. Hadisədən sonra Q.Sultanov ona çatan pulla 4, Ş.Hüseynova isə Ə.Qurbanovun köməkliyi ilə 2 avtomobil alıb. Dəstənin digər üzvü Z.Sultanova isə oğurlanan pulun bir hissəsi ilə estetik əməliyyat etdirib. Polis əməkdaşları saxlanılan şəxslərin ünvanlarına baxış keçirən zamanı oğurlanan pulun bir qismi aşkarlanaraq maddi sübut kimi götürülüb. Faktla bağlı cinayət işi başlanılıb, dəstə üzvləri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir…».
Rəsmi məlumata diqqət edin: «…Hadisədən əvvəl Şəbnəm Hüseynova müxtəlif vasitələrlə mənzilin açarlarını əldə edib və…»! Bu hansı vasitədir, niyə məlumatda açıqlanmır? Bakıda adicə qonşu qonşusunun evinin açarlarını «müxtəlif vasitələrlə» əldə edə bilmirsə, Şəbnəm Hüseynova bu açarları necə ələ keçirib və ya yad evdə pul seyfinin harda olmasını nədən bilib?
Bu və ya suallar, əslində, həm də elə onun cavabıdır… və redaksiyamıza daxil olan məlumatda «müxtəlif vasitələrlə»nin mahiyyəti barədə maraqlı məqamlar var. Bu barədə ətraflı bəhs etməyə çalışacağıq…
SƏBUHİ