Bəzi məktəblərdə işçilərdən COVID-19 pasportu tələb olunmayacaq.
Qeyd edək ki, təhsil müəssisələrinin işçilərinin azı 80 faizinin COVID-19 pasportunun olması tələb edilir. Baş nazir Əli Əsədovun bu gün imzaladığı qərara əsasən, bu tələb təhsil alanların sayı 200 nəfərdən az olan təhsil müəssisələrinə şamil edilməyəcək.
Xatırladaq ki, bir müddət öncə Təhsil Nazirliyi vaksinasiyadan keçməyən təhsil işçilərinə xəbərdarlıq edib.
Belə ki, yeni tədris ilində ənənəvi təhsilə qayıdışın əsas şərtinin təhsil işçilərinin vaksinasiyası ilə bağlı olduğu qeyd olunub. Bildirilib ki, təhsil işçiləri cari ilin yanvar ayından həyata keçirilən vaksinasiya prosesinə ilk qoşulanlardandır: "Hazırda təhsil işçilərinin 80 faizdən çoxu COVID-19 əleyhinə vaksinasiyadan keçib. Bununla belə yeni tədris ilinin başlanmasınadək təhsil işçilərinin daha çox sayda vaksinasiya prosesinə qoşulması vacib məsələdir. Vaksin olunmayan təhsil işçilərinin təhsil müəssisələrinə girişinə icazə verilməyəcək. Bütün təhsil müəssisələrində çalışan işçilər özlərinin və ətrafdakıların sağlamlığı üçün vaksinasiya prosesində aktiv iştirak etməlidirlər. Həmçinin vaksin əleyhinə əks göstəriş arayışı təqdim edən təhsil işçiləri rəsmi qaydada “Əks göstəriş sertifikatı”nı təqdim etməlidirlər. Təhsil Nazirliyi olaraq bütün təhsil işçilərini virusdan qorunmaq üçün peyvənd olunmağa və sanitar-gigiyenik normalara əməl etməyə çağırırıq", - deyə nazirliyin məlumatında qeyd olunub.
Y.MƏMMƏDLİ