Gürcüstanda siyasi gərginlik fonunda Baş naziri İrakli Kobaxidze ölkədə əvvəlcədən yazılmış və razılaşdırılmış bir inqilab planının olduğunu və bu planın həyata keçirilməsinə xarici maliyyə yardımı alındığından danışıb...
Tezadlar.az Gürcüstan mediasına istinadla xatırladır ki, Baş nazir bu barədə yeni hökumətin ilk iclasında deyib. Sitat: "Biz görürük ki, razılaşdırılmış və əvvəlcədən yazılmış bir plan var və bu plana xarici maliyyə dəstəyi cəlb edilib. Bu planın həyata keçirilməsi məqsədilə bəzi insanlar qanun qəbul edilməsi zamanı şəffaflıqdan qaçmaq istəyirdilər. Beləliklə, inqilabi ssenarilər qeyri-müəyyən şəkildə maliyyələşdirildi. Son 4 ildə 3 inqilabi cəhd gördük. Biz bu prosesi xarici maliyyə dəstəyi ilə müşahidə etdik".
Baş nazir onu da bildirib ki, zorakılığın arxasında Saakaşvili, Qvaramiya, Xazaradze və Qaxariyanın partiyaları dayanır. Baş nazir vətəndaşlara səslənərək təklif edib ki, cari hadisələrə etiraz edən “səmimi vətəndaşlarla” istənilən formada və istənilən formatda müzakirə etməyə hökumət hazırdır. Kobaxidze həmçinin qeyd edib ki, hazırda Gürcüstanın Qərblə münasibətləri qarşı tərəfin addımları əsasında ciddi zədələnib: “Xarici siyasətə gəlincə, burada bizim iddialı planlarımız var. Bizim qarşımızda ciddi vəzifələr var. Əsas xarici siyasət prioritetimiz Avropa İttifaqına inteqrasiyadır. Seçki proqramımıza görə, 2028-ci ilə kimi biz assosiasiya gündəliyində və azad ticarət sazişində nəzərdə tutulan öhdəliklərin 90%-dən çoxunu yerinə yetirməli idik və təbii ki, bu vəd birmənalı şəkildə yerinə yetiriləcək. Həmçinin, həm Amerika Birləşmiş Ştatları, həm də Avropa İttifaqı ilə münasibətlərin keyfiyyətcə bərpa olunacağına çox böyük ümidlər bəsləyirik. Yanvarın 20-də Donald Trampın andiçmə mərasimi keçiriləcək və buna görə də ABŞ və Avropa İttifaqının yeni lideri olacaq. Bu liderlərin şəraitində biz hesab edirik ki, əlaqələr keyfiyyətcə yenidən başlana bilər. Münasibətlərin sağlam olması üçün hər şeyi etməliyik. Ötən 4 ildə bu münasibətlər ciddi problemlərlə üzləşib, bu da bizim günahımız deyil. Gürcüstanın Avropaya inteqrasiyası yolunda süni əngəllər yaradılırdı. Ciddi şantaj, kobud şantaj olub. Ümid edirik ki, münasibətlər keyfiyyətcə bərpa olunacaq, onun sağlam olması üçün hər şeyi etməliyik".
Ən pisi odur ki, ölkə hakimiyyətində Baş nazirlə Prezident arasında tamamilə fərqli fikir ayrılıqları var. Bu isə ölkədə siyasi gərginliyi durmadan artırır...
A.Məmmədli