«Təzadlar»ın apardığı araşdırmalar informasiya siyasətimizdəki bəzi problemləri üzə çıxardı…

…Azərbaycanın media qanunvericiliyi daim yenilənir, təkmilləşdirilir, dünya standart və ənnələrinə uyğunlaşdırılır. Hazırda çoxsaylı rəsmi və yarırəsmi, eləcə də müstəqil informasiya agentlikləri, çoxsaylı elektron media subyektləri, həmçinin ənənəvi çap mediası «Media haqqında» qanunlarımızın tələblərinə uyğun fəaliyyət göstərir. Hamı çalışır ki, qanunun tələblərinə uyğun olaraq daha dəqiq və dürüst, maraqlı, ictimai əhəmiyyətli özəl xəbərlərlə oxucusunun hüzurunda olsun. Amma…

***

 Bu araşdırma yazısında məqsəd mövcud media subyektlərimizin təkcə bu «Xəbərçi»likdəki rolunu deyil, həm də bu «Xəbəçilik»də istehsal olunan informasiyaların Azərbaycan mənsubiyyətini müəyyənləşdirməkdir.

 «Təzadlar»ın Araşdırma Qrupu bununla bağlı bir neçə rəsmi və yarırəsmi informasiya agentliklərinin, eləcə də bir sıra elektron media subyektlərinin «Xəbərçi»liyini araşdırdı. Bir az da sadə dildə desək, məqsədimiz konkretdir: təbii ki, hər bir yerli media subyektinin əsas məqsədi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasıdır. Həmçinin Azərbaycanda baş verən bu və ya digər ictimai əhəmiyyətli hadisələrlə bağlı ölkə ictimaiyyətini məlumatlandırmaq! Bəs biz bunu necə edirik??? Gəlin görək hazırda Azərbaycan mediasında bu iki vacib şərt mediamızda özünə necə tətbiq tapır? Məsələn, «Media haqqında» Qanunun 60.5.-ci maddəsində yazılır ki, «Onlayn media subyekti (redaksiyaları) hər ay 20 (iyirmi) gün ərzində bu Qanunun 13.1-ci və 13.2-ci maddələrinin tələblərinə əməl etməklə və bu Qanunun 13.3-cü maddəsində göstərilən informasiya istisna olmaqla, gündəlik azı 20 (iyirmi) kütləvi informasiya dərc etdikdə onun fəaliyyəti davamlı hesab olunur». Bu o deməkdir ki, özünü normal media subyekti sayan saytlar (bayram günləri, şənbə və bazar istisna olmaqla), gündə ən azı 20 özəl xəbər yayımlamalıdır. Bu qanunda yazılıb və mübahisə və müzakirələrdən uzağıq! Və Azərbaycanda iddialı belə saytların sayı təxminən 50-dir. Bu o deməkdir ki, ölkəmizdə fəaliyyət göstərən bu saytlar gündə 1000 özəl xəbər hazırlayıb ölkə ictimaiyyətinə, yəni oxuculara təqdim etməlidir.

 Etiraf edək ki, bu olduqca böyük rəqəmdir. Şou-biznesdəki boşanmaları və xəyanət hallarını, onların qəttəzə klip təqdimatlarını, hər gün baş verən kriminal hadisələri (bunların da sayı az deyil) istisna etsək, keyfiyyətli özəl xəbər prizmasından yanaşsaq, Azərbaycan üçün bu olduqca böyük rəqəmdir. Necə deyərlər, ucuz ətin şorbası dadsız olduğu kimi, qeyd olunan şərtlər daxilində də özəl xəbər axtarışının son məhsulu «dadsız» olmaya bilməz!

 Elə aşağıda təqdim ediləcək araşdırma və təhlillərin də məqsədi odur ki, mediamızdakı mövcud 20 özəl xəbər tələbinə yeni tətbiqlər əlavə olunmalı, Azərbaycan kimi əhali və buna rəğmən oxucu sayı elə də çox olmayan ölkə üçün hər gün 1000 özəl xəbər hazırlamaya yeni forma qatılmalıdır. İndiki sosial şəbəkələşmə zamanında oxucunu «duzu-istiotu» olmayan xəbərlərlə məşğul etmək fayda verməz! Və hesab edirik, daha əhəmiyyətli, gərəkli -fərqli şərtlər irəli sürmək olar. Hazırkı-mövcud tələblərə məcburən boyun əyən media subyektləri də mütləq qaydada xarici ölkələrin mediasına baş vurmalı olur. Belə olanda isə biz süni olaraq xarici ölkələrin həyat və siyasətini, idman və mədəniyyətini… təbliğ etmiş oluruq.

komputer-2

 «Təzadlar»ın aşağıda təqdim olunan araşdırmasında nəticə çıxarılmalı mənzərə ilə qarşılaşdıq. Məsələn, nümunə üçün seçilən elektron media və agentliklərdə ABŞ-dan olan müğənninin başına gələn hansısa bir xəbəri oxuduq. Amma ABŞ mediasında axtarış apardıq, Azərbaycanın hansısa müğənnisi barədə eyni mahiyyətli və məzmunlu xəbərə rast gəlmədik.

Yaxud, Braziliyada baş verən zəlzələ barədə xəbər yaymışıq. Amma Braziliya mediasında Azərbaycandakı hansısa tipik bir hadisə barədə nəyəsə rast gəlinmir.

Eləcə də, Hindistanda və İndoneziyada baş vermiş sel təhlükəsi barədə. Az qala bütün media subyektlərimizdə bu barədə xəbərlər yer alıb. Amma nə Hindistanın, nə də İndoneziyanın mediasında Azərbaycanın Lənkəran şəhərindəki son su basma və evakuasiya tədbirləri barədə hansısa xəbərə rast gəlmədik.

 Saytlarımızda Keniyadan olan futbolçunun transferi barədə xəbər yayımlanıb. Lakin Keniya mediasında Azərbaycan və Bakı şəhəri barədə axtarış aparsaq da, bir sözə belə rast gəlmədik.

Qısası, düşünürük ki, Azərbaycan Medianın İnkişafı Agentliyi, eləcə də Azərbaycan Mətbuat Şurası ortaq təkliflərlə çıxış edərək bu məsələdə yeni və yekdil qərarlar ortaya qoymalı, elektron mediamızdakı bu tendensiyanın qarşısının alınmasına, yaxud xarici ölkələrin Azərbaycanda qeyri-ixtiyari təbliğatına qarşı addım atılmalıdır.

 Yeri gəlmişkən, eyni hal radio və TV-lərimizdə də hökm sürür. Radiolarımız efir vaxtının böyük hissəsini xarici müğənnilərin mahnılarına-ifalarına yer ayırır. Bəs həmin əcnəbi müğənnilərin mənsub olduqları xarici ölkələrin hansının efir məkanında Azərbaycan müğənnilərinin bircəciyinin adı belə çəkilir, yaxud mahnısı səsləndirilir??? Yoxdur…

***

…Bəri başdan xatırladırıq ki, aşağıda nəticəsini təqdim etdiyimiz araşdırma və müşahidələrimiz sərbəst seçimə söykənir, seçilmiş media subyektlərinə qarşı hansısa niyyəti ortaya qoymaqdan uzağıq, sadəcə, məqsəd sözün yaxşı mənasında real vəziyyəti diqqətə çatdırmaqdır.

***

 Müşahidəmizin ilk subyekti AzərTAC dövlət agentliyidir. Bunun üçün agentliyin fevralın 5-də yaydığı xəbərlərin sayına və xarakterinə, mənsubiyyətinə baxaq.

 AzərTAC 2025-ci ilin fevralın 5-də 173 (rəqəmdə 1-2 yanlışlıq ola bilər) xəbər yayıb. Bu xəbərlərin 114-ü Azərbaycanla bağlıdır (az qismi məişət xarakterli məsləhətlər və s.), qalan 59 xəbər sırf xarici ölkələrə aiddir. Yəni, Azərbaycana aidiyyəti yoxdur. Bu isə ümumi xəbərlərin təxminən 51, 8 faizini təşkil edir.

 APA İA isə fevralın 5-də 153 xəbər yayıb, onların 77-si bu və ya digər formada Azərbaycanla bağlıdır, qalan 76 xəbər isə xarici ölkələrə aiddir-ümumi xəbərlərin təxminən 50 faizi!

«Yeni Müsavat» saytında isə mənzərə belədir: fevralın 5-də 247 xəbər paylaşılıb, onların 146-sı Azərbaycana bağlıdır, qalan 101 xəbər isə sırf xarici ölkələri əhatə edir- ümumi xəbərlərin 41 faizi!

 Nəhayət, «Qafqazinfo» saytı: sayt fevralın 5-də 108 xəbər paylaşıb ki, bunların 69-u Azərbaycanla əlaqəlidir, qalan 39 xəbər isə sırf xarici ölkələrə aiddir-36,1 faiz!

***

 Göründüyü kimi, təqdim edilən media subyekt və informasiya ağentlikləri xəbərlərinin böyük hissəsini xarici ölkələrə həsr edir. Düzdür, bu xəbərlərin sırasında məlumat və bilgi baxımından maraqlı olanları da var, amma… Özləri də təhlil aparsalar, görərlər ki, adlarını təqdim etdikləri ölkələrin mediasında Azərbaycanın adı hansısa formada çəkilir və ya heç çəkilmir. Biz isə bu ölkələri nəyəsə görə, qeyri-ixtiyari olaraq təbliğ edirik. Təki xəbər sayımız çox olsun, buna görəmi?!

***

 Biz bu nümunəvi təhlildə xəbərlərin keyfiyyətinə toxunmadıq. Sadəcə, bircə faktı deyək ki, xəbərlərə keyfiyyət baxımından yanaşsaq, yəni ictimai əhəmiyyət indeksinə görə bölüşmə aparsaq, rəsmi xəbərləri çıxmaq şərti ilə, yayımlanan xəbərlərin (xarici və daxili) ən azı 30 faizi xəbər naminə xəbərdən ibarətdir! Məsələn, Argentinada ilanın bir uşağı sancması barədə olan xəbər kimi! Və ya, filan müğənni artıq beşinci dəfə ərə getdi və s. kimi xəbərlər…

«Təzadlar»ın Araşdırma Qrupu

P.S.Araşdırma yazısı ilə bağlı istənilən müsbət, dəyərli fikir və mülahizələri, təklifləri dəstəkləməyə, yayımlamağa hazırıq…

    

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN