Çox istərdik ki, Azərbaycan və İsrail dövləti arasında əlaqələrimizin inkişafına böyük töhfələr verən, hər iki dövlətin Yazarlar Birliyinin üzvü olmuş, vətənini, dövlətini canından artıq sevmiş ünlü şair Simax Şeydanın adı Bakının hansısa küçələrindən birinə verilsin...
Simax Şeydasız ötən bir il...
Fevralın 13-də Simax Şeydanın vəfatının ildönümüdür. Düz bir ildir Simax Şeydasız yaşayırıq. Düzdür, Bakıda yaşamadığından tez-tez görüşə bilmirdik. Amma yaşadığı Almaniyanın Münhen şəhərindən hər ilin yayında mütləq vətəni Azərbaycana gəlirdi. Təbii ki, onda da mən də onunla dəfələrlə görüşürdüm və maraqlı söhbətlər edirdik. İstəyirəm sevimli oxucularımız üçün Simax Şeyda haqqında bir daha ətraflı məlumat verim.
Yuşvayev Simax Barux oğlu (Simax Şeyda) 1936-cı il iyunun 20-də Oğuz rayonunda anadan olub. 1940-cı ildə ailəliklə Gəncə şəhərinə köçüb. İlk təhsilini Gəncə şəhərindəki Sabir adına 5 nömrəli orta məktəbdə alıb. Sonra Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsində təhsilini davam etdirib.
Simax Şeyda əmək fəaliyyətinə Gəncə şəhəri Rayonlararası Xalq Yaradıcılığı Evində teatr və təsviri incəsənət üzrə metodist, sonra isə direktor kimi davam etdirib. Sonrakı əmək fəaliyyəti Bakı şəhəri ilə bağlıdır. Burada Azərbaycan Teatr Cəmiyyətinin xalq teatrları kabinetinin müdiri (1965–1990) və “Azərteatr” Yaradıcılıq İstehsalat Birliyində redaktor vəzifəsində çalışıb.
Dağ yəhudisi olmasına baxmayaraq, Simax Şeyda həmişə Azərbaycan dilində yazıb, yaradıb. Sovet dövründə “Ədəbiyyat və incəsənət, “Azərbaycan pioneri”, qəzetlərində, “Azərbaycan” və “Göyərçin” jurnallarının səhifələrində uşaq şeirləri, mənzum nağılları dərc olunub. Simax Şeyda uşaqların sevimli şairi olub. Uşaqlar üçün qələmə aldığı beş mənzum pyes oxucular tərəfindən rəğbətlə qarşılanıb. Simax Şeydanın “Təyyarə”, Mən balaca kosmanavtam”, “Yaxşı qız”, “Tülkü-tülkü- tünbəki”, “Nəğməli meşə”, son illər yazdığı “Kimin belə qızı var”, “Nağıl istəyən qız”, “Yoxdur belə nənədən”, “Qızım qızlar içində”, “Topçu Həsən” və s. kitabları kütləvi tirajla nəşr olunub. Şairin bu günə kimi 24 kitabı işıq üzü görüb. Onlardan 11-i uşaqlar üçündür. Bu kitabların hər biri seçilmiş əsərlər adı ilə 5 cilddə çap olunub. Əsərlərini də iki dildə, həm Azərbaycan türkcəsində, həm də dağ yəhudilərinin dilində yazıb. Azərbaycan klassik və müasir ədəbiyyatını öz təqaüdü hesabına dağ yəhudilərinin dilinə tərcümə edərək, bütün dünyaya yayıb. Onun tərcümələri Amerikada, Kanadada nəşr edilib. Nizami Gəncəvidən Əmirulla Gəncəviyədək 75 azərbaycanlı şairin şeirlərini dağ yəhudilərinin dilinə tərcümə edib, antologiya şəklində çap edib.
Uşaqlar üçün yazdığı şeirlərə bəstəkar Oqtay Zülfüqarov mahnılar yazıb. Bunlara “Təyyarə”, “Mən balaca kosmonavtam” şeirlərini nümunə göstərmək olar. “Bir xoruzum var” adlı şeirinə də Yusif Əzimzadə mahnı yazmışdı.
Quba rayonundan olan Qod Mixaylov adlı həvəskar bəstəkar S.Şeydanın 20-dən artıq şeirinə musiqi yazıb. Mahnıların sözləri həm yəhudi, həm də Azərbaycan dilindədir.
S.Şeyda “Parlaq ulduz”,”Qürbət rübailəri”, “Yadında saxla”, “Yağlı iki”, “Uşaqların dostları” adlı bir çox məşhur şeirlərin müəllifidir.
16 iyul 2015-ci il Azərbaycan Respublikası Mədəniyyət və turizm naziri olmuş Əbülfəs Qarayev Simax Şeydanı 80 illik yubleyiərəfəsində “Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif edib.
Azərbaycan və İsrail Yazarlar Birliyinin üzvü idi.
13 fevral 2024-cü ildə Almaniyanın Münhen şəhərində vəfat edib.
Simax Şeydanın ən üstün cəhətlərindən biri, doğulub boya-başa çatdığı Vətəni Azərbaycanı canından artıq sevməsi idi. Onun şeirlərində Azərbaycanın dağları, dərələri, meşələri, çayları, bulaqları, bir sözlə, insan ömrünü uzadan təbiəti yenidən canlanıb. Səhhəti ilə bağlı ömrünün son 30 ilini Almaniyanın Münhen şəhərində yaşayıb. Buna baxmayaraq, nəinki hər il yayda vətənə gəlirdi, həmçinin orada olduğu müddətdə tez-tez bütün dostları ilə, o cümlədən mənimlə də telefon əlaqəsi yaradırdı. Elə hey deyirdi, yayda gələcəyəm, görüşərik. Hər il yayda gəlirdi və görüşürdük də. Gələn kimi birinci redaksiyamıza təşrif buyurub, baş redaktor Asif Mərzili və kollektivlə görüşürdü. Onun Almaniyadan göndərdiyi şeirlərini və burada olarkən aldığımız müsahibələrini, mütəmadi olaraq dərc etdiyimiz üçün baş redaktor kimi Asif bəyə təşəkkürlərini bildirirdi. Çay süfrəsi arxasında bütün mövzularda söhbətlərimiz olurdu. Simax Şeyda ilə hər görüşümüz çox maraqlı idi. Mən şeiri və ədəbiyyatı sevən bir insan kimi, həmişə şairlərə, yazıçılara yüksək dəyər vermişəm. Belə dəyər verdiyim və yaxından dostluq etdiyim yazarlardan biri də, təbii ki, Simax Şeyda idi.Şairlə olan maraqlı söhbətlərin çoxsu da, sonradanhansısa bir yazıya və ya müsahibəyə çevrilib, “Təzadlar” qəzetində, həmçinin eyni adlı saytımızda dərc olunurdu.
Simax Şeyda Qarabağın işğalına yurd həsrətli çoxsaylı şeirlər həsr edib. Bu şeirlərdə balacaları Vətəni sevməyə, işğal olunan torpaqlarımızı unutmamağa səsləyirdi. Şuşanın Azərbaycanın baş tacı olduğunu bildirir və bu əsrarəngiz şəhərə neçə-neçə şeirlər həsr edib. Onun “Azad edək” şeirində şuşalı bir atanın balaca oğlu Babəkə doğma yurdunun, onun təbiətinin, küçələrinin necə gözəl olduğunu danışması təsvir edilir. Atasının söhbətlərinə diqqətlə qulaq asan Babək şeirin sonunda belə deyir:
“Fikrə gedib bir qədər,
Belə söylədi Babək:
“Ata, onda gəl gedib,
Şuşanı azad edək””.
Bəli, Simax Şeyda uşaqlarda belə şeirləri ilə vətənpərvərlik hissini aşılayır və o yerlərin yenidən doğma sahiblərinə qayıdacağına inamını ifadə edirdi.
Qürbətdə olsa da, şair hər an işğalda olan Qarabağ dərdi ilə yaşayıb və bu yanğısını şeirə çevrərək yazırdı:
“Ürəyi yaralı, qəlbi yaralı,
Vətəndən aralı, eldən aralı,
Gəzirəm qürbətdə “Qarabağ”-deyə
Ötüşür günlərim ağlı-qaralı.”
Şairin vətən nisgilli daha bir şerininə nəzər salaq:
Vətəndən uzaqlara düşüb güzarım mənim,
Çıxmır bir an yadımdan Bakım, Ucarım mənim.
Qəlbimdə yuva salmış Oğuz, Quba, Qəbələ,
Qazaxdır, Lənkərandır əhdim, ilqarım mənim.
Səsli-küylü Gəncədən könlüm ayrı düşəli,
Daim gəlir yadıma Göygöl, Qoşqarım mənim.
Gül-çiçəkli Ağdamı röyalarda görürəm,
Görən səndən harda var Şəkim, Qusarım mənim?
Füzuli, Şuşa üçün qəlbin göynəyir, Simax,
Laçındır, Kəlbəcərdir dildə şüarım mənim.
Elə ona görə də Şair 44 günlük ikinci Qarabağ müharibəsində qazanılan Zəfərdən ilhamlanaraq çoxsaylı şeirlər yazıb. Bu Zəfərimizin memarı olan Ali Baş Komandan, Prezident cənab İlham Əliyevə, öz humanistliyi və xeyirxahlığı ilə xalqımızın dərin rəğbətini qazanmış Birinci-vitse prezident Mehriban xanım Əliyevaya, həmçinin bu möhtəşəm qələbəmizdə pay sahibi olmuş şəhidlərimizə, yaşayan qəhrəmanlarımıza, o cümlədən qazilərimizə, veteranlarımızaşeirlər həsr etməklə, doğma Vətəninə sevgisini göstərmişdir.
Amma çox təəssüf edirəm ki, qanı, canı və bütün varlığı ilə Vətənimizə, dövlətimizə bağlı olan, qürbət eldə yaşasa da, getdiyi tədbirlərdə Azərbaycan həqiqətlərini yayan, erməni saxtakarlığının iç üzünü açan Simax Şeyda kimi bir insan sağlığında lazım olan qiymətini almadı. Həttta onun 80-85 illik yubileyləri belə yüksək səviyyədə qeyd olunmadı. Yalnız 80 illik yubileyi Yazıçılar Birliyində qeyd edildi. Heç bir dövlət təltifinə təqdim edilmədi. Bu Vətən, bu torpaq, bu xalq üçün bir manatlıq xeyirləri dəyməyən, getdikləri toyların yarım saatına 10-15 min manat pul alaraq, ciblərini dolduranşou-əhlinə “Xalq artisti”, “Əməkdar artisti” kimi yüksək adlar verilir. Üstəlik də, hər ay Əməkdar artisti 150 manat, Xalq artisti isə 200 manat təqaüd alır. Hələ bircə dəfə olsa, eşitmədim ki, Azərbaycan xalqının musiqisinə, mənəviyyatına, əxlaqına ağır zərbələr vuran,layiq olmadığı adları daşıyan bu şou-əhli onlara verilən o 150-200 manatı hansısa şəhid ailəsinə, qaziyə və ya veterana ödəsin. Onlar üçün “semiçka” pulu olan bu təqaüdlərə heç birinin ehtiyacı yoxdur. Amma belə bir addım atmağa cəsarətləri çatmır. Çünki qanlarında dağ yəhudisi Simax Şeyda kimi Vətən sevgisi və vətənpərvərlikləri yoxdur.
Amma Simax Şeyda dövlətdən heç bir yardım almadan, öz təqaüdü hesabına Azərbaycanın Nizami Gəncəvidən tutmuş, son XX və XXI əsr şairləri də daxil oımaqla onlarən şeirlərini dağ yəhudisi dilinə çevirib, antologiya şəklində və iki dildə - yəhudi və Azərbaycan dilində bütün dünyaya yayıb. Azərbaycan həqiqətlərini yaşadığı Münhen şəhərində geniş təbliğ edib, ermənilərlə söz davasına çıxıb və onların haqsız olduğunu, başqa millətlərin yanında tarixi faktlarla sübut edib.
Mən bir jurnalist olaraq, sağlığında, yəni Azərbaycana gəlib-getdiyi illərdə dəfələrlə yazılarımda yuxarı dövlət qurumlarına müraciət etmişəm ki, Simax Şeydaya Vətənimizə göstərdiyi bu xidmətlərinə görə hansısa bir ad, mükafat verilsin ki, şair mənəvi cəhətdən rahatlıq tapsın. Tanınmış yazar, bir vaxtlar “Lider” TV-də aparıcılıq edən, vətənpərvər bir xanım Reyhan Mirzəzadə də dəfələrlə sabiq mədəniyyət naziri Əbülfəs Qarayevə və bir çox aidiyyətı dövlət qurumlarına rəsmi müraciətlər edib, qəbullarına gedib ki, Simax Şeydanın Vətənimiz üçün çəkdiyi zəhmətinin qiymətləndirilməsinə az da olsa, nail ola bilsin. Ancaq heç birimiz buna nail ola bilmədiyimiz üçün, şairin ruhu qarşısında xəcalət çəkirik. Amma buna görə xəcalət çəkməli insanların heç tükü də tərpənmir. Bəlkə bu gündən sonra kimsənin qəlbində, ürəyində bir mərhəmət hissi yarana və Simax Şeydanın adının əbədiləşdirilməsi üçün hərəkətə keçə. Çox istərdik ki, Azərbaycan və İsrail dövləti arasında əlaqələrimin inkişafına böyük töhfələr verən, hər iki dövlətin Yazarlar Birliyinin üzvü olmuş, Vətənini, dövlətini canından artıq sevmiş Simax Şeydanın adı Bakının hansısa küçələrindən birinə verilsin. Bəlkə bununla şairin ruhu qarşısında günahlarımızı müəyyən qədər yuya bildik.
Yazımı bir vaxt müsahibələrinin birində verdiyim “niyə təxəllüsünüzü Şeyda götürmüsünüz” sualına Simax müəllimin verdiyi cavabla tamamlayıram:
- Şeyda vurğun deməkdir. Mənim soyadım Yuşvayevdir. Şeyda təxəllüsümdür. Tarixdə Şeyda təxəllüsü ilə yazan Şeyda Əziz adlı aşıq olub. Bir də dahi Hüseyn Cavidin "Şeyda" pyesi var. Bunlardan sonra Şeyda adı mənim təxəllüsümdə çəkilir. Yaddaşlarda da belə qalacam. Simax Şeyda kimi...
Əlbəttə, 87 yaşında dünyasını dəyişmiş Simax Şeydanın adı Azərbaycan durduqca yaşayacaq, yəhudi və Azərbaycan xalqları arasında dostluğun simvolu kimi xalqımızın yaddaşında əbədiqalacaq.
***
P.S. indi isə, S.Şeydanın uşaqlar, böyüklər, vətənimiz və qəhrəmanlarımız haqqında yazdığı bir neçə şeiri istəkli oxucularımıza təqdim edirəm:
Oğuzda izim var mənim
Bir zaman beşiyim olmuş,
Oğuzda izim var mənim!
Dağlar ev-eşiyim olmuş,
Gülündə nazım var mənim!
Göyündə mələklər uçar;
Göy qurşağı dağı qucar...
Yazda daş da çiçək açar;
Nə gözəl yazım var mənim!
Simax, bəxtəvər halına!
Yaşılın uyğun alına.
Oğuzun gül-camalına,
Hələ çox sözüm var mənim!
***
İynə
Nə axtarırsan,
Nənə, ay nənə?
Bu saat tapıb
Qaytarım sənə.
İynəm düşübdür
Əlimdən, qızım.
Onu gəzirəm
İndi mən, qızım.
Eh, bir iynəni
Tapmağa nə var!
Mənim gözümdən
Şeymi yayınar?..
Axtardı xeyli
İynəni Ceyran,
Tapa bilməyib,
Utandı yaman.
***
Saatsaz
Saatsaz saatı sazladı,
Saatı əl üstə saxladı.
Saatdan saata saatı,
Saatla sazlığın yoxladı...
***
Fəxr edir Vətən
(Qarabağ döyüşlərində tank komandiri kimi ermənilərin başına od ələmiş, Azərbaycanın Milli Qəhrəmanı Albert Aqaronova ithaf edirəm)
Qarabağ göylərini,
Tüstü, duman alanda.
Ağır toplar, mərmilər,
Hər yana səs salanda.
İgid Albert könüllü,
Cəbhəyə getdi bir gün.
Vətənini, xalqını,
Xilas eyləmək üçün.
Vuruşurdu düşmənlə,
Əsil qəhrəman kimi.
Qorxutmurdu əsgəri,
Nə top-tüfəng, nə mərmi.
Düşmən onun əlindən
Hər gün cana gəlirdi.
Böyük itki verirdi,
Həyəcana gəlirdi.
Azərbaycan mənim də,
Vətənimdir deyirdi.
Baş qaldıran yağıya,
O, nifrət bəsləyirdi.
Canı kimi sevirdi,
Bu torpağı, bu yurdu.
Vətəni qorumaqdan,
Sevinc, qürur duyurdu.
Minib dəmir atını,
Şir tək hücuma keçdi.
Atdığı mərmilərlə,
Düşməni qırıb, biçdi.
Qəflətən bir gülləyə,
O, tuş gəldi bir səhər.
Keçdi Şuşa yolunda,
Canından igid əsgər.
Şəhidlər Xiyabanı,
Albertə oldu məkan.
Öz qəhrəman oğluyla,
Fəxr edir Azərbaycan.
***
Xocalıdan sür atını
Sürücüdür atam mənim,
Gedir uzaq şəhərlərə.
Bilməm hansı el-obaya,
Bilməm hansı uzaq yerə.
Qucaqlayıb atamı mən,
Öpüb dedim: - Dinlə bir an.
Sür maşını bir zamanlar,
Doğulduğum Xocalıdan.
Atam fikrə gedib bir az,
Sonra dedi: - Oğlum, Fuad,
Apararam bir gün səni,
Bir qədər də böyü, boy at.
O vaxtadək düşmənlərdən,
Azad olar yurdum-yuvam.
O torpaqda uyuyurlar,
İndi mənim atam, anam.
Bu gün, sabah Qarabağda,
Ucalacaq bayrağımız.
Şuşada da, Laçında da,
Yanar onda çırağımız.
Onda köçüb gedəcəyik,
Ata-baba torpağına.
Düşmənimiz qalacaqdır,
Öz içindən yana-yana.
(18 sentyabr 2014-cü il)
***
Yaşasın almaq
Rüşvətxorlara həsr olunmuş bu şeirin çapına Sovet dövründə icazə verilməyib və ilk dəfə, şairin sağılığnda, 19 iyun 2023-cü ildə tezadlar.az saytında dərc olunub.
Ay məni qınayan gözün kor olsun,
Gör hansı zamanda yaşayıram mən.
Dünyanın qəmini, dərdi-sərini,
Bu zərif çiynimdə daşıyıram mən.
Pisə pis söyləsəm, yaxşıya yaxşı,
Kəsərlər dilimi bir an içində.
Əgər tənqid etsəm bir yekəbaşı,
Baxarlar üzümə həyəcan içində.
Qanun-qanun demə, hardadır qanun,
Qanun cibindəki pulundur sənin.
Cəhd et varın olsun, dövlətin olsun,
O zaman çoxları qulundur sənin.
Bu dayı, bu əmi zamanəsindən,
Düzü baş çıxartmaq çox çətin işdir.
Əmi zəng eyləsə namizədsən sən,
Dayı zəng eyləsə, hər yerdə bitir.
Toplayın bir yerə, yığın bir yerə,
Belə əmiləri, dayıları siz.
Od vurun tüstüsü qalxsın göylərə,
Bəlkə yola düşər onda işimiz.
İliyə işləmiş, qana işləmiş,
Rüşvətlə oturmaq, rüşvətlə durmaq.
Rüşvət alanlardan biri söyləmiş,
Almaq yaxşı şeydir, yaşasın almaq.
***
Gözəllər xası öldürür məni
Bir dilbərin işvəsi, nazı öldürür məni,
Çoxu zülm eyləyir, azı öldürür məni.
Onun qarlı, yağışlı günlərinə dözürəm,
Ancaq güllü-çiçəkli yazı öldürür məni.
Bilirəm ki, sevməkdən başqa yoxdur günahım,
Onda neyçün zalımın qızı öldürür məni?
Bəzən olur çıxıram onun ilə gəzməyə,
Qalmır bir yol sözümdən razı, öldürür məni.
Eşq məhəbbət olmasa insan yaşaya bilməz,
Simax Şeyda, gözəllər xası öldürür məni.
***
Nizamilər yaşayacaq
Heç kim tutub bu dünyanı, zaman-zaman qalmayacaq,
Gələn insan gedəcəkdir, heç bir tufan qalmayacaq.
Hanı Adəm, hanı Həvva, bəs nə oldu Yaqub, Yusif?
Dünya dolub boşalacaq aqil, nadan qalmayacaq.
Fəxr eyləmə, ey nazənin, gözəlliyinlə sən də,
Gələr bir gün qocalarsan, cismin cavan qalmayacaq.
Vaxt gələcək yer üzündən yox olacaq fitnə-fəsad,
Ürəklərdə qəm-qüssədən əsər-nişan qalmayacaq.
Şeyda, elə qəzəllər yaz, qınamasın ellər səni,
Nizamilər yaşayacaq, xaqan, sultan qalmayacaq.
***
Allah sənə qəni-qəni rəhmət eləsin Simax müəllim! Qəbrin nurla dolsun. Biz səni heç vaxt unutmayacağıq!
Hazırladı və təqdim etdi:
Elçin MƏMMƏDLİ