Yaxşı, Azərbaycan Təhsil Nazirlyinin xəbəri yoxdur, uzaqdadır, bəs Tovuz rayon İcra Hakimiyyətinin, rayon Təhsil Şöbəsinin rəhbərliyinin də uçub-dağılan, viranə gündə olan məktəbdən xəbərləri yoxdur???

“Təzadlar” qəzeti redaksiyasına Tovuz rayonunun İbrahimhacılı kənd tam orta məktəbinin acınacaqlı durumu barədə müraciət daxil olub. Ürək yanğısı ilə yazılmış müraciəti və əlavə edilmiş foto və video görüntüləri olduğu kimi təqdim edirik:

Hörmətli Redaksiya!

Sizə Tovuz rayonunun İbrahimhacılı kənd tam orta məktəbinin acınacaqlı durumu barədə məlumat vermək istəyirəm. İnanıram ki, ölkənin təhsil ictimaiyyəti, aidiyyəti dövlət qurumları, xeyirxah insanlar, iş adamları bu mənzərəyə biganə qalmayacaq.

Bildirirəm ki, 1959-cu ildə inşa edilmiş köhnə məktəb 20 il öncə yararsız vəziyyətə düşdüyündən kənddə yeni tipli ikimərtəbəli məktəb tikilmişdir. İllər keçdikdən sonra yeni məktəbin vəziyyəti köhnə məktəbdən betər günə düşməyə başlamışdır. Mən hər il məktəbin məzunları ilə görüşəndən sonra çox utanır və xəcalət çəkirəm. Bu il şagirdlərdən çoxu ali məktəblərə  - Azərbaycan Tibb Universitetinə, Bədən tərbiyəsi və idman Akademiyasına, Azərbaycan Texniki Universitetə, Bakı Dövlət Universitetinə, Dillər Universitetinə və kolleclərə, orta ixtisas məktəblərinə qəbul olmuşlar. Yenə də dağılmaq, uçmaq təhlükəli məktəbi bitirmiş bu məzunlardan utandığımdan bu dəfə məzunlarla görüşə gedə bilmədim və gizlincə olaraq məktəbə üz tutdum, mənzərəni bir daha görməyə və video çəkiliş aparmağa başladım. Axı bu il ali məktəblərə qəbul olunub kəndimizin, elimizin, rayonumuzun və məktəbimizin, ryaon Təhsil Şöbəsinin, Tovuz rayon İcra Hakimiyyətinin üzünü ağ eləmiş bu  məzunlar bu məktəbdə təhsil alıblar!

***

...Tovuzun şəhid Akif Sadıqov adına İbrahimhacılı kənd tam orta məktəb tablosunun altında yerləşən boş büst yerini görəndə şəhidimizin ruhu qarşısında xəcalət çəkdim. Sonra məktəbin çöl tərəfdən divarlarının uçub sküldüyünü və pəncərələrin yerinin daş-kəsəklə, parta qırıqları ilə yamandığını görəndə kövrəldim, təəsirləndim, qəhər məni boğdu (fotolar və video təqdim edilir).

 Dünyanın bir şox ölkələrində olsam da, belə dəhşətli mənzərəni heç yerdə görməmişəm. Bizim ölkəmizin ən ucqar dağ kəndlərində belə göz oxşayan yeni tipli məktəbləri görmüşəm. Belə bir məqamda özümün boya-başa çatdığım kəndimizin uşaqlarının məktəbə kitab əvəzinə odun daşıdığını görəndə isə fikirləşirəm ki, kənddə o cür evlərdən gedib o buzxana məktəbdə oxuyaraq ən yüksək ballarla ali məktəblərə qəbul olunan şagirdlər əsl qəhrəmandırlar.

Məktəbin yuxarı tərəfindən dam örtüyünə baxanda içərisində nə mənzərə ilə qarşılaşacağımı göz önümə gətirdim... İçəriyə daxil olanda I Qarabağ müharibəsinin şəhidləri - Sahib Əsgərovun və Akif Sadıqovun büstlərini gördüm. İstər-istəməz kəndin mərkəzində sakinlərin öz vəsaitləri hesabına düzəltdikləri şəhidlər güşəsini və bulağını xatırladım. Düşündüm ki, kaş məktəbdə də belə gözəl güşə olaydı. Ölkəmizin iqtisadiyyatının belə yüksəlişi dövründə bu cür məktəb binası utanc verir. Dam örtüyü bərbad gündə olduğunundan beton örtük də dağılmışdır. Hər dəqiqə şagird və müəllimlərin başına uçmaq təhlükəsi var. Yağışlı-qarlı havalarda  dəhlizdə yaranan gölməçələrdən keçmək mümkün olmur. Zəlzələdən sonra divarlarda çatlar olduğundan böyük təhlükə var. Müəllimlər və şagirdlər qış aylarında daim yuxarı tənəffüs yollarının iltihabı xəstəliklərindən və revmatoid tipli xəstəliklərdən əziyyət çəkirlər. Ona görə ki, nəinki pəncərələr, hətta pəncərələrin altının divar örtüyü də sökülmüşdür. Şagirdlərin II mərəbədən - boş pəncərə yerlərindən və ya sökülmüş pəncərəaltı divardan yıxılması təhlükəsinin qarşısını almaq məqsədi ilə, həmin yerlərə kəndin könə evlərindən sökülmüş pəncərələr, parta qırıqları və daşlarla yamaq vurulmuşdur. Bu dəhşətdir!

  Sinif otaqlarında partalardan və stullardan istifadə mümkünsüz olduğuna görə müəllimlər uşaqlara evlərindən stul gətirməyi təklif edirlər. Yazı taxtası o qədər köhnəlmişdir ki, istifadə etmək mümkünsüzdür. Məktəbdə içməli su və ya texniki su məsələsi acınacaqlı vəziyyətdədir. İndiki pandemiya dövründə nəinki əllərin yuyulması, şagirdlərin içməyə su tapması problemi bir nömrəli poblemdir. Bu vəziyyət mənə elə gəlir ki, suda boğulanların SOS siqnalından daha ağırdır. Onu da öyrəndim ki, dəfələrlə aidiyyatı orqanlara müraciət olunsa da, Təhsil Nazirliyinə, İcra Hakimiyyətinə... 500 nəfər valideynin adından  şikayət, müraciət ərizəsi yazılsa da, bu həyəcan siqnalına cavab yoxdur. Anti-sanitariya vəziyyətinə görə bu məktəbdə uşaqlara təhsil vermək heç bir ölçüyə sığmır.

Hörmətli redaksiya!

Hörmətli təhsil ictimaiyyəti!

Hörmətli xeyirxah insanlar!

Yəqin mənim düşdüyüm psixoloji halı qiymətləndirdiniz. Mən Azərbaycan Dövlət Tibb Universitetinin Ağız və üz-çənə cərrahiyyəsi kafedrasının dosentiyəm. Bu məktəbin məzunuyam. İbrahimhacılı kənd ağsaqqallarının, müəllimlərin, şəhidlərin ruhu, qazilərimizin, yüksək ballarla abituriyent olanların və vicdanım qarşısında məsuliyyət daşıyaraq bu müraciət-yazını yazdım. Aidiyyəti dövlət orqanlarından köməklik istəyirəm! Və inanıram ki, mütləq olacaq! Bu gün təhsilə, elmə pul qoymaq, dəstək olmaq, Azərbaycanımızın gələcəyinə yatırım etməkdir!

Fərman Həsənov,

Azərbaycan Dövlət Tibb Universitetinin dosenti

Redaksiyadan: Biz də inanırıq ki, təqdim edilən foto və video görüntülərdən sonra aidiyyəti dövlət qurumlarının rəhbərləri məktəbin gələcək aqibəti barədə ciddi düşünməli olacaqlar.

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN