Professor Qulu Məhərrəmlinin doğum günü münasibəti ilə...
Onunla görüşmək, fikir mübadiləsi aparmaq, sadəcə, danışıb-dinləmək insanı həmişə məmnun edir. Məmləkətdə onun kimi müasir düşüncəli insanlar çox azdır Söhbət bu noyabrın 2-də doğum günü olan ustad jurnalist, alim-ziyalı, populyar teleaparıcı, publisist və teletənqidçi, AZLEKS elektron lüğətlər toplusunun baş redaktoru, professor Qulu Məhərrəmlidən gedir..
Çoxları onu televiziya ekranlarından bir aparıcı və siyasi şərhçi kimi tanıyır. Vaxtilə AzTV-də “1000 saniyə” və “24 saat” xəbər verilişlərini aparıb. 1994-cü ilə kimi AzTV-nin əsas xəbər proqramlarının aparıcısı kimi fəaliyyət göstərib. 1993-1995-ci illər arasında çox populyar olan “7 gün” analitik-informasiya verilişinin, həmçinin AzTV ekranında efirə çıxan ilk müəllif proqramının (“Təfsilat”, 1995) müəllifi və aparıcısı olub. 1995-ci ilin martında Azərbaycan televiziyasının siyasi icmalçısı təyin edilib. Qısa müddətdə “Xəbərlər” baş redaksiyasına da rəhbərlik edib. Həmin il “Səhər” musiqi-informasiya proqramını yaradıb və 12 il bu proqramın baş redaktoru olub. Qulu müəllim 2007-ci ildə o vaxtkı qeyri-peşəkar buxalter sədri A.Alışanovun fitnəsi sayəsində AzTV-ni tərk edərək fəaliyyətini Xəzər TV-də davam etdirməyə məcbur olub. 2007-2012-ci illər arasında həmin TV-də “Dost məclisi” və “Gündəm” proqramlarını aparıb. Eyni zamanda ilk dövrdə həmin televiziyanın proqram siyasətinin qurulmasında iştirak edib, məsləhətçi və siyasi icmalçı vəzifələrində çalışıb. 2014-2016-cı illərdə AMEA-nın Nəsimi adına Dilçilik institutunda Monitorinq şöbəsinin müdiri olub. 2016-2019-cu illərdə Gunaz TV-də yayımlanan “Mətbuat aynasında” proqramının aparıcısı olub və bu kanalın populyarlaşmasında ciddi rol oynayıb.
Qulu Məhərrəmli müxtəlif mövzularda 20-yə yaxın sənədli filmin ssenari müəllifidir. Bu filmlərin bəziləri beynəlxalq festival və müsabiqələrdə nümayiş etdirilib. Bir neçə xarici çoxseriyalı filmin Azərbaycan dilinə dublyajının bədii rəhbəri olub.
Elmi ictimaiyyət Qulu müəllimi nüfuzlu jurnalistika mütəxəssisi, nəzəriyyəçi-alim, bu sahənin aktual problemlərinə dair əsaslı tədqiqatların, dərslik və lüğətlərin müəllifi, Azərbaycan türkçəsinin müasir problemlərini araşdıran və Ana dilinin təmizliyi uğrunda əzmlə mübarizə aparan alim kimi tanıyır. 1982-ci ildən elmi fəaliyyətlə məşğul olan Q.Məhərrəmli 1989-cu ildə “Radiodramaturgiya dili” mövzusunda namizədlik, 2004-cü ildə isə “Televiziya dili: funksiya və struktur” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. Jurnalistika üzrə ölkədə ilk elmlər doktorudur. Elmi araşdırmalarında jurnalistikanın və medianın ümumi nəzəriyyəsi, televiziya və radionun tarixi, aktual elmi-nəzəri problemləri, o cümlədən ekran-efirin mürəkkəb dil sisteminin öyrənilməsi əsas yer tutur.
Milli dəyər daşıyıcısı olan Qulu Məhərrəmli həm də ölkədə Qarabağ və Cümhuriyyət mövzusunun gündəmdə qalmasına ən çox çalışan, bununla bağlı saysız-hesabsız məqalə və şərhlər yazan istedadlı publisistdir. Onun “Zamanın rəngləri” (2013) və “Gələcəyə ön söz” (2019) publisistik məqalələri toplanmış kitablarında əsas mövzular da elə bunlardır. Mən Qulu müəllimi Azərbaycanda ziyalıları bir araya gətirən, müxtəlif görüşlü məslək adamları arasında körpü yaradan, milli məsələlərdə faydalı insanlarımızı tapıb üzə çıxaran ictimai şəxs kimi tanıyıram. Noyabrın 2-si dəyərli Qulu Məhərrəmlinin doğum günüdür. Daim haqq sözü deməyə çalışan, hər zaman ədalət və həqiqətin yanında olan, həmişə bu cəmiyyəti maarifləndirən, ləyaqətini, prinsipiallığını, qürurunu və illərdir qazandığı hörməti qoruyub saxlayan professoru doğum günü münasibətilə ürəkdən təbrik edirəm!
Azad Nurulu
REDAKSİYADAN: "Təzadlar" ailəsi adından professor Qulu Məhərrəmlini ürəkdən və qəlbdən gələn arzularla təbrik edir, uzun ömür və can sağlığı arzu edirik!