Niyə Azərbaycanın daxilində investisiya mühiti yaratmalı olan, pulunu burada xərcləməli olan  deputat Cavanşir Feyziyev xarici ölkəyə investisiya yatırmağa daha çox üstünlük verib?

…Bəli, gülməlidir və gülməli olduğu qədər də ağlamalı. Ölkənin Ali Qanunverici orqanında əyləşib müharibədən çıxmış Azərbaycanın investisiya mühitinə yeni qanuni ovqat gətirməli olan deputat, bilə-bilə ki, Prezident xarici investisiyaları Qarabağın bərpasına cəlb edir, pula ehtiyac var, o isə tərsinə yol tutub: pullarını xaricə daşıyıb, əcnəbilərə yatırım şəraiti yaradır!!! Sonra da vətənpərvərlikdən, dövlətpərvərlikdən, deputatpərvərlikdən danışırlar…

***

Tanınmış QHT rəhbəri Osman Gündüzün bu barədə maraqlı statusu diqqəti cəlb edir:

- Artıq məlumat verilib ki, Böyük Britaniyanın Milli Cinayət Agentliyi (NCA) Azərbaycan parlamentinin üzvü Cavanşir Feyziyevə məxsus bank hesablarındakı 20,5 milyon dollara həbs qoya bilər. Agentlik belə hesab edir ki, sözügedən vəsaitlər “çirkli pullardır” və Azərbaycandan köçürülüb. Bildirildiyinə görə, bu vəsaitlərin bir hissəsi Böyük Britaniyanın investisiya vizası proqramına yatırılıb. Məlum olduğu kimi Tier 1 (İnvestor) tipli bu vizanı ölkə iqtisadiyyatına $2,5 milyon məbləğində investisiya qoymağa hazır olan investorlar əldə edə bilərlər. Həmçinin, bu viza  ölkədə qalıb yaşamaq icazəsini almaq istəyən şəxslər üçün əlavə fürsət yaradır… Cavanşir Feyziyev bununla bağlı mediaya açıqlayıb ki 2017- ci ildə Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya hesabatı layihəsində dərc olunmuş məlum məqalə ilə bağlı belə bir araşdırma başlanılıb və mülki iş açılıb. Yeni qanuna görə İngiltərəyə daxil olmuş bütün vəsaitlərin mənbəyi bir daha yoxlanılmalıdır və biz də bunu normal hal kimi qəbul edirik... Əslində ölkəmizdə deputatların böyük əksəriyyəti açıq-aşkar bizneslə məşğuldur. Kimin hansı biznesi, hansı obyektləri olması da məlumdur və vaxtaşırı siyahıları da mediada dərc olunur.

Görünür ki, indi də sadəcə, Cavanşir Feyziyev üçün hesabat məqamı yetişib. Məsələnin başqa tərəfi də var: zaman-zaman biz məsələ qaldırırq ki, nə üçün bizdə investisiya mühiti inkişaf etmir, startapların maliyyələşməsi üçün mənbələr tapılmır? Ölkədə investisiya ala bilməyən startaplar regional və qlobal bazarlara üz tutaraq investisiya əldə edirlər.

 Maraqlıdır ki, investisiya mühiti üçün normativ-hüquqi bazanı yaratmalı olanlardan biri də elə Cavanşir Feyziyevdi. Səhv eləmirəmsə, 10 ildir ki, deputatdır. Dəfələrlə səsləndirilməsinə, təkliflər verilməsinə baxmayaraq 10 ildə cəmi 10 maddədən ibarət olan Vençur maliyyələşmə və Vençur Fondlar haqqında qanun qəbul edilməyib. Bu qanun həm də xarici investisiyaların ölkəmizə cəlb olunmasında mühüm rol oynayır.

Belə görünür ki, deputatımız daxildə investisiya mühiti yaratmaq vəzifəsini icra etmək əvəzinə daha çox xaricə investisiya yatırmağa üstünlük verib… İngilislər 2.5 milyon $ qarşılığında oturumluq veriblər. İndi bu vəsaitlər və biznesə yatırılanlar həbs təhlükəsi qarşısındadır.

Təcrübə göstərir ki, adətən ingilislər “çirkli hesab” olunan pulları aid olduğu ölkəyə qaytarmaqda maraqlı deyillər… Odur ki, biz də Cavanşir müəllimə və hökumətimizə təklif veririk ki, həmin vəsaitləri ingilislərə verməkdənsə, elə indidən cəld tərpənib ölkəmizdə bir Vençur Fondu yaradılaraq ora yönəldilsin. Ümid edirəm hökumətimiz də Cavanşir Feyziyevin ekosistemin və innovasiyaların inkişafına verdiyi töhfəni nəzərə alaraq , mandat və toxunulmazlıq məsələsində də güzəştə gedə bilər.

Cavanşir müəllim indiki anda tez bir zamanda ölkədə «Vençur maliyyələşmə haqqında» qanun layihəsini hazırlayıb müzakirəyə təqdim etsə, düşünürəm ki çox faydalı olardı. Olmasın İngiltərədəki investisiya biznesi, olsun Azərbaycandakı vençur biznesi. Həmin qanun layihələri RİNN-də, ASAN-da, elə mənim özümdə də var, köməklik göstərə bilərik…

Təqdim etdi: A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN