Ermənistanın hərbi-siyasi rəhbərliyi nə qədər gizlətməyə çalışsa da, son diversiya hərəkəti zamanı itkilərini gizlədə bilmədi...
Belə ki, noyabrın 16-da Azərbaycanla dövlət sərhədində törətdiyi təxribat zamanı nə qədər itki verdiyi nəhayət, indi artıq məlum oldu... Bu barədə “Caliber” Azərbaycan və Rusiyadakı hərbi dairələrdə olan mənbələrinə istinadən məlumat yayıb. Məlumatda bildirilir ki, Zəngəzur bölgəsindəki sərhəd döyüşlərində Ermənistan Silahlı Qüvvələri 21 hərbçisini itirib. Azərbaycan tərəfindən saxlanılan erməni hərbçilərinin sayı 30 nəfər olub. Ermənistan Silahlı Qüvvələrinin yaralılarının sayı isə 100-ə çatır...
***
Məlumat üçün bildirək ki, Ermənistan Silahlı Qüvvələrinin bölmələri dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində ölkəmizə qarşı genişmiqyaslı təxribat törədib. Ermənistanın hərbi birləşmələri dövlət sərhədinin bu istiqamətindəki yüksəklikləri ələ keçirmək və hərbi üstünlüyə nail olmaqla daha əlverişli mövqelərə yiyələnmək məqsədilə noyabrın 16-sı saat 11.00 radələrində qəfil hərbi əməliyyata başlayıb. Basarkeçər və Qarakilsə rayonlarında yerləşən sərhəd-döyüş mövqelərinə əlavə canlı qüvvə, hərbi və xüsusi texnika cəmləşdirən Ermənistan hərbi bölmələri Azərbaycan Ordusunun Kəlbəcər və Laçın rayonlarındakı döyüş postlarına hücum edib. Qarşı tərəf Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı atıcı silahlar və qumbaraatanlardan intensiv atəşə tutaraq döyüş postlarımıza atəşlə zərər vurub. Ermənistan Silahlı Qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq məqsədilə Kəlbəcər və Laçın istiqamətində yerləşən birlik və qüvvələr tərəfindən dərhal təxirəsalınmaz əməliyyat həyata keçirilib. Əvvəlcə qarşı tərəfin hərəkəti məhdudlaşdırılıb, onun qüvvə və vasitələrinə zərər vurulub. Görülmüş qəti tədbirlər nəticəsində erməni hərbçiləri tərksilah edilərək saxlanılıb, xeyli sayda müxtəlif çaplı silah və külli miqdarda sursat qənimət kimi ələ keçirilib. Genişmiqyaslı təxribat törətməklə qısa müddətli üstünlüyə nail olmaq istəyən Ermənistan hərbi bölmələrinin hücumu əməliyyat-taktiki baxımından tam iflasa uğrayıb və növbəti dəfə rəsmi İrəvanın təxribat törətmək cəhdi uğursuzluqla nəticələnib.
***
Bəli, Ermənistan, nəhayət, anlamalıdır ki, təcavüzkarlığın və işğalçılığın sonu belədir, hətta bundan betərdir...
A.Məmmədli