…Müsahibim var... Xatirələri ürək dağlayan, sözləri adamı yandıran, baxışları qartal baxışına bənzəyən, görkəmi dağlar qədər qürurlu...
Müsahibim var... Torpağı Vətən edən oğul... Canından Vətənə can qıyan oğul... Öz dərdini unudub Vətənin dərdinə dərman olan oğul...
Müsahibim var... Əynindəki hərbi formada Azərbaycanın üçrəngli bayrağını, özünün QAZİ adını, bir də o qələbənin şərəfini daşıyan oğul...
Tanış ol, oxucum... QAZİni sən də tanı... Ən azından borcumuzdur...
***
...Hələ 24 yaşı var... 1997-ci ilin 23 avqustunda Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Kürçülü kəndində anadan olub Əhmədli Nəriman Fazil oğlu. Ailənin həm oğulu, həm kişisidir. Bir anası və 1 bacısı var. Şəhid Qulu Sadıqov adına 11 illik tam orta məktəbin 8-ci sinfini bitirib 2012-ci ildə Naxçıvanda H. Əliyev adına Hərbi Liseyə daxil olub, 2015-ci ildə oranı bitirib, Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub, orda motoatıcı ixtisası üzrə hərbi təhsilini davam etdirib. 2019-cu ildə məktəbi ilkin hərbi rütbə leytenant rütbəsi alaraq bitirir və Ağcabədiyə N saylı Hərbi Hissəyə tağım komandiri olaraq vəzifəsini davam etdirməyə göndərilir. 2020-ci ildə yanvar ayının 14-dən Ağcabədidə xidmət yerini dəyişərək ön xətdə tağım komandiri vəzifəsinə təyin olunur...
VƏ...
***
Müsahibimlə o qürurlu, ağrı-acılı günləri yada salırıq:
-Nəriman, necə xatırlayırsan o günləri?
«QÜRUR OLAN YERDƏ AĞRI-ACI HİSS OLUNMUR...»
-O günlər, ağrı-acılı, dəhşətli olduğu qədər də qürurlu günlər idi. Çünki 30 ildən sonra döyüş əmri almışdıq. Demək ki, Ali Baş Komandan öz xalqına, ordusuna, hərbiçisinə güvənərək bu əmri vermişdi. Bizim hamımızın içində bir QƏLƏBƏ alovu yanırdı sanki. Biz qələbəmizə inanaraq döyüşə qatıldıq. Sevincimizin həddi-hüdudu yox idi. Çox qürurlu idik ki, bu qələbəni məhz biz bəxş edəcəyik xalqımıza, millətimizə... Artıq sentyabrın 22- 23-dən bilirdik ki, düşmənin son təxribatlarına cavab olaraq döyüş başlayacaq, sənədlər hazırlandı, xəritəni çəkdik. Mövqelərimizdə döyüş hazırlığı gedirdi. Xidmət etdiyim hərbi hissəyə gücləndirmə rejimiylə əlaqədar mənə tank verilmişdi. Sentyabrın 26-da məlumat verildi ki, ayın 27-də səhər üzü döyüş başlayacaq, hücuma keçəcəyik… Döyüş başladı, ordumuz qələbə əzmi ilə irəliləyirdi. Tapşırılan ərazilər, kəndlər, yüksəkliklər düşməndən alınırdı. Ermənilər ölə-ölə, itki verərək qaçırdı… İnanmaq olmurdu ki, bu qaçan 30 ildir işğalçılıqla məşğul olmuş həmin o düşməndir…
30 İLLİK HƏSRƏTİN ÜNVANI-QARABAĞ!!!
…Ürəyimiz qələbə arzusu ilə alışıb yanırdı. Orduda ruh yüksəkliyi ən yüksək səviyyədə hiss olunurdu. Sıravi əsgərindən tutmuş, zabit heyətinə qədər hamı qələbə qazanacağımıza inanırdı. Orda əsgərə vətənpərvərlikdən dərs keçmək, könüllüyə qələbə hissini aşılamaq gərək deyildi. Çünki o insanlar orda olduqlarının səbəbini bilirdilər, hamı bir nəfər kimi qələbə arzusunda idi. Biz orda qardaş, ailə olmuşduq. Hər gün gözümüzün qabağında döyüş yoldaşlarımız Şəhid olurdusa da, bilirdik ki, bu, düşmənə son döyüş dərsimizdir… Biz onların da əvəzinə vuruşurduq, həm torpaqlarımızın, həm Şəhid olan qardaşlarımızın qisası bizi daha da güclü olmağa, mətin olmağa səsləyirdi…
ORDUM KEÇİR QARABAĞDAN...
…Mən Naxçıvanda doğulmuşam və heç vaxt Qarabağı görməmişdim. Mən Qarabağın füsunkar təbiətini, gözəlliyini, ancaq dillərdən eşitmişdim. Təbii ki, müharibə gedən ərazilərdə cənnət görməyəcəkdik. Amma kəndləri işğal azad edib ora daxil olanda dəhşətə gəlirdik. Ermənilər bizim əraziləri xarabalıqlara çevirmişdilər. Heç bir quruculuq- abadlıq işləri görməmiş, əksinə, olanları da dağıtmış, viranə qoymuş, yandırmışdılar. Ancaq meşələrimiz və bəzi kəndlərdə yaşıllıqlar qalmışdı. Biz ora girəndə ən birinci mənim gözümün qabağında o yerlərdən qovulmuş, qaçqın düşüb yurd- yuvasız qalan insanların çöhrəsi canlanırdı. Mənə elə gəlirdi ki, o insanlar bizim qələbəmizi görüb hiss edirlər, sevinirlər.
ZABİTİN BAŞI LAZIMDI ORDUYA, ƏL-AYAĞI YOX…
(Fotoda:soldan-qazi Nəriman Əhmədli)
Noyabrın 2-də Xocavənd istiqamətində döyüş tapşırığını yerinə yetirərkən komandirlik etdiyim «BMP-2» döyüş maşını düşmənin minaladığı ərazidən keçərkən atılan raket nəticəsində yararsız hala düşdü. Biz Aşağı Veysəlli kəndinə doğru hərəkət edirdik. Mən «BMP»-dəydim. Hiss edirdim ki, bizi vururlar. «BMP» zirehli maşın olduğundan bizi «TƏİR» (tank əleyhinə idarə olunan raket) ilə vurdular. O da elə bir raketdi ki, zirehi deşib içəri keçir və içəridə partlayır. Allah üzümə baxdı ki, raket içəri düşəndə bütünlüklə məni tutmadı, yarısı motorxananı tutdu. Yoxsa mənim sağ qalmağımdan söhbət gedə bilməzdi. Mən tez əsgərləri içəridən çıxarıb döyüşə saldım. Hələ müharibə başlamamışdan mən onlara tapşırmışdım ki, lap görsəniz yaralıyam, mənə görə ləngiməyin, döyüş tapşırığını yerinə yetirin. Ağır yaralanmışdım, qolum parçalanıb üstümə dağılmışdı, üz-gözümdə, ayağımda və bədənimdə kor qəlpə yaraları var idi, gözümün birini qan örtmüşdü... Əsgərlərim məni qoyub getmək istəmirdi. Mən onlara «İrəli» əmri verib döyüşə yolladım. Maşının alışıb yanması an söhbəti idi. Mən sürünərək ordan bir az irəlilədim və özümü bir çuxura saldım. Artıq güclü qanaxmanın təsirindən huşumu itirmək üzrə idim.
Bu anda, sən demə, bizdən öndə polkovnik Anar Orucovun da texnikası vurulub və o geri qayıdıb ki, yeni texnika götürüb postuna qayıtsın. O, bizim maşının vurulduğunu görür və içəridə kiminsə olub olmadığını öyrənmək üçün yaxınlaşanda mən səsimi çıxartdım. O soruşdu ki, kimsən sən? Dedim leytenant Heydərli. O məni öz BMP-sinə mindirib tibb işçilərinə təhvil verdi. Və orda bir söz işlətdi: «Çalışın həyatını xilas edin, orduya zabitin əli-qolu yox, başı lazımdı...».
«HƏYATIM KİNO LENTİ KİMİ GÖZÜMDƏ CANLANDI...»
…Allah heç kimi çarəsiz qoymasın həyatda. Çox ağır vəziyyətdə, çıxılmaz durumda qalmışdım. Qanım axır, gözüm baxırdı. Bütün ümidlərim puç olmuşdu. Saata baxıb ölməyimi gözləyirdim. Polkovnik Orucov öz maykasını cırıb mənim yaramı sarımışdı ki, qanaxma dayansın. Sanitarlar məni Fizuli rayonunda Diaqnostika mərkəzinə gətirdilər. 6 gün orda müalicə aldım, hətta 1 gün komada olmuşam. Sonra Yevlax Xəstəxanasına gətirdilər, 12 gün də orda qaldım, 3 əməliyyat keçirdim ayağımdan və qolumdan. Ondan sonra Beyləqan Mərkəzi Xəstəxanasına təxliyyə oldum. 3 gündən sonra zabit olduğum üçün Bakıya hərbi hospitala göndərdilər məni. Müayinə və müalicədən sonra mənə 60 günlük ezamiyyə verdilər...
4 ŞƏHİD, 1 QAZİ...
Mən müharibəyə gedəndə anama deməmişdim. Onsuz da hərbiçi idim qulluq edirdim. Ona görə də getməyimdən xəbər tutmadı. Yaralananda da demədim. Anama ağır olardı bilirdim, dərd çəkəcəkdi, həyatda tək arxa dayağı mən idim. Təsəvvür edin, ezamiyyə verilib evə, Naxçıvana gedə bilmirəm. O ərəfədə də liseydə qrup yoldaşlarımla bayramda 5 nəfər şəkil çəkdirmişdik. Qrup yoldaşımın bacısı o şəkli paylaşıb və altında yazmışdı ki, 4 ŞƏHİD, 1 QAZİ... Anamgil də o şəkli görüblər. Mənimlə danışanda anam dedi ki, bu nə şəkildi, deməli, o 5 nəfərdən Qazi olan sənsən?! Artıq mən məcbur qalıb yaralandığımı anama dedim...
NAXÇIVAN MƏNİ QÜRURLANDIRDI...
Beləliklə, evimizə gedəsi oldum. Getdiyim təyyarə gecə saat 23:00-da Naxçıvana endi. İnanın, bəlkə 40 maşın adam məni aeroportda qarşıladı. Çox qürurlandım, statusumla, seçdiyim sənətimlə fəxr etdim. Artıq qolumun yoxluğu məni narahat etmirdi. Mən Qazi olaraq vətən qarşısında borcumu vermişdim. Və çox xoşbəxt idim ki, bu qələbədə mənim də payım var idi...
HƏYATIMI BORCLU OLDUĞUM İNSAN... VƏ YA XİLASKARIMLA GÖRÜŞ...
…2021-ci ilin aprel ayında döyüş yoldaşım Ramin Şirinovla görüşdüm. Biz hərbiçilər, Qazilər görüşəndə, ancaq o şərəfli günlərin xatirələrindən danışırıq. Yaralandığım günü xatırladım və xilas olunduğum anı danışdım. Üstündən bir neçə gün keçmiş Ramin mənə zəng vurdu, danışdıq və o mənimlə bir nəfərin danışmaq istədiyini bildirdi. Telefonda danışan adam, hazırda ehtiyatda olan polkovnik Anar Orucov idi. O mənə yaralandığım günü xatırladıb soruşdu ki, məni yadından çıxarmısan? Səni mən xilas eləmişəm. Nitqim qurudu. Sonra Raminin vasitəsiylə mən polkovnik Orucovla görüşdüm. Təsəvvür edin, xilaskarıma minnətdarlıq üçün söz tapmırdım deməyə... Sanki sözün bitdiyi yerdəydim... Mən xilaskarımla üz-üzə dayanmışdım... Hər ikimiz lal dinməz o dəhşətli günü xatırlayıb sakitcə dayanmışdıq. Həyatımı borclu olduğum insana təşəkkür etmək üçün söz tapmırdım deməyə...
CƏSUR ƏSGƏR... XOCAVƏND UĞRUNDA…
…Mən Qazi oldum. Bir qolumu itirdim. Amma o qələbədə mənim də imzam oldu, əziyyətim, payım oldu... Ali Baş Komandanın əmriylə «CƏSUR ƏSGƏR» və «XOCƏVƏND UĞRUNDA» medalları ilə təltif olundum...
***
…Var ol, Qazim! Haqqını halal et!!!
Sevinc MURADXANLI,
«Təzadlar»ın xüsusi müxbiri
(Foto müəllifindir)
(Fotoda: soldan: qazi Nəriman Əhmədli).