Xəbər verildiyi kimi, millət vəkili Vahid Əhmədovun ardınca deputat Etibar Əliyev də həbsdə olan müxalifətçi Saleh Rüstəmlinin azad olunması üçün Prezidentə müraciət edib.
Tanınmış araşdırmaçı jurnalist Elbəyi Həsənli bu mövzuya həsr edilmiş maraqlı status paylaşıb:
…Deputat Etibar Əliyev həmkarı Vahid Əhmədov kimi Saleh Rüstəmlinin həbsdən azad edilməsi ilə bağlı müraciət edib. Sonra onu başa salıblar ki, bu iş sənlik deyil. Get, müraciəti geri götür. O, yazıq da suyu süzülə-süzülə müraciətini geri çəkib... İndi sosial şəbəkələrdə xorla Etibar Əliyevi söyürlər ki, sən niyə sözügedən müraciətdən imtina etdin...
…Bizim cəmiyyətimiz son dərəcə ədalətsizdir, qərəzlidir. Hamı bilir ki, parlamentdə oturan deputatların heç biri xalq tərəfindən seçilməyib. İqtidar kimə xeyir-dua veribsə, o gəlib Milli Məclisdə oturub… Etibar Əliyevin deputat olmasının tarixçəsi də çoxlarına bəllidir. Tanınmış bloqer Mehman Hüseynov 31 saylı Suraxanı seçki dairəsindəki rəqibi Fərəc Quliyevin səs yazısını yaydı. Nə vardı o səs yazısında? Milli Məclisdə baş ağartmış Fərəc Quliyev Mehman Hüseynova namizədliyi geri çəkəcəyi təqdirdə pul verməyə hazır olduğunu bildirmişdi. Yəni, rüşvət təklif etmişdi. Mehman Hüseynov da Fərəc Quliyevi həmin səs yazısı ilə biabır etdi. Nəticədə iqtidar Fərəc Quliyevə bir quş qoydu. Ancaq iqtidar Mehman Hüseynovu parlamentə buraxa bilməzdi. Fakt qarşısında qalan iqtidar seçkini Etibar Əliyevin xeyrinə düz-qoş elədi və… Etibar Əliyev də parlamentdə iqtidarın etimadını doğrultmaq üçün əməlli-başlı şücaət göstərdi. Amma, əmması o ki, əslində, xalq Saleh Rüstəmli ilə bağlı müraciətini geri götürən Etibar Əliyevə minnətdar olmalıdır. Niyə? Çünki o boyda Milli Məclisdə hörmətli Vahid Əhmədovdan sonra belə bir addım atmağa yalnız o, cəsarət etdi. Fikir verin, həmin o parlamentdə Əbülfəz Elçibəyin neçə silahdaşı yer alıb. Adlarını çəkib ürəyinizi bulandırmaq istəmirəm. Onlar heç Etibar Əliyev qədər də hünərli deyillər... Bir daha deyirəm. Bu məsələyə görə Etibar Əliyevə təşəkkür etmək lazımdır. Bəli, onun öz müraciətindən imtina etməsi yaxşı iş deyil. Doğrudanmı, siz Etibar Əliyevdən qəhrəmanlıq gözləyirdiniz? Mənim düşüncəmə görə, Etibar Əliyevin belə bir müraciət yazması təqdir olunmalıdır. Maksimalist olmayın. Ən pislə müqayisədə pis yaxşı deyilmi?
***
…Bəli, mən də bu statusa bir şərh yazdım. Yazdım ki, Etibarı ona görə söymürlər ki, o niyə müraciətindən imtina edib… Söyürlər ki, o niyə müraciət edib, axı bui ş onun səviyyəsində olan məsələ deyil…
***
Bu yerdə yadıma böyük ustad Məmməd Arazın həyat yoldaşı (Allah hər ikisinə rəhmət eləsin) Gülxanım Fətəliqızının «Ömürdən yarpaqlar» adlı xatirə kitabından bir epizod yadıma düşür. G.Fətəliqızı Məmməd Arazlı illərin xatirəsinə həsr etdiyi kitabının (1999-cu illərin xatirələrini yazarkən) 15-16 sentyabr tarixlərində olan bir hadisəni belə xatırlayır:
« – Yaqub Zurufçunun danışdıqları:
- Bu televiziyon ki, Amerikada açmaq istəyirik ona çəkilişlər etməklə məşğulam. Gəncədə idim, Arazın sahilinə gedə bilmədiyimə görə Kürün sahilində süni sərhəd yaradıb “Ayrılıq” mahnısına klip çəkmişik. Xeyli pul xərcləndi. Sizə gəlmək istəyirdim, ancaq imkan tapmadım. Məmməd müəllimi də çəkmək istəyirəm. Bəlkə saat beşdə gələrəm.
Sonra Bəxtiyar müəllim zəng vurub əvvəl Məmmədlə danışdı. Onların nə danışdığını bilmədim. Bir xeyli keçəndən sonra Prezident Aparatından bir məmur (Fatma Abdullazadəni nəzərdə tutur.RED.) zəng vurub danışmaq istədiyiklərini bildirdilər.
- Buyursunlar, gözləyirəm…
- Bir məsələ ilə əlaqədar olaraq sizə zəng etdim. “Təzadlar” qəzeti ki, var, olub bir faşist qəzeti. Əvvəl Xudu müəllimin şəkli ilə çap olunurdu. Onun redaktoru yaman cığallıq edir. Bir qrup yazıçı Heydər Əliyevin yanına gəlmişdilər. Onlar prezidentə dedilər ki, bu necə olur, belə bir qəzetin redaksiya heyətində Bəxtiyar, Məmməd Araz kimi şairlərin adı var. Mən Bəxtiyar müəllimlə də danışmışam. Bəxtiyar müəllim bildirdi ki, o qəzet çap olunanda biz Xudunun ətrafına yığışmışdıq. Mənim sözlərimi Məmməd müəllimə çatdırın, qoy fikirləşsin, sonra siz mənə çatdırarsınız.
- Vallah, bizə lazım olanda sizi bizimlə calaşdırmırlar. Özünüz zəng edərsiniz.
Sözlərini olduğu kimi Məmmədə çatdırdım.
Bəxtiyar müəllim təzədən telefonla danışdı:
- Ay bacım, mən bayaq Məmmədlə də danışdım. Sən evdə deyildin, sizinlə danışdılarmı? Onlara dedim ki, demokratiyadır, danışırlar. Qəzetdə nə yazılıb ki, elə bir şey deyilmir. Asif Mərzili prezidentə açıq məktub yazıb. Yazıb ki, Qarabağ əldən gedir. Bizim varımız da, əhalimiz də, qoşunumuz da ermənilərdən çoxdur. Prezidentimiz niyə Köçəryanın yanında pərt oturmalıdır? Niyə? Dedim ki, burada pis nə var ki? Deyir ki, yox, qəzet Murtuzu da söyür. Mənə həmişə hücumlar olanda “Təzadlar” qəzeti məni müdafiə edib.
- Sizin işiniz pis olacaq, Bəxtiyar müəllim. Redaksiya heyətindən çıxsanız xalq sizi söyəcək, çıxmasanız hökümət…
- Elədir, qəzetdə mənim və Məmmədin adını çəkiblər. Yazırlar ki, biz bu xalq şairlərindən problemlərin həllində çox şey gözləyirdik, ancaq onlar susurlar. Sən bir Asif Mərzili ilə danış, gör nə edirsən. Hələ bizimlə pişim-pişim danışıblar, Nurəddinin üstünə isə hücum çəkiblər.
- Yaxşı, Bəxtiyar müəllim, danışaram.
- Hə bala, danış görək…».
Allah adları çəkilən böyük ustadların hamısına rəhmət eləsin…
Asif Mərzili