Ukrayna rəsmi olaraq Rusiyadan sərhədləri yaxınlığında hərbi fəaliyyətə aydınlıq gətirməsini tələb edib.
"Təzadlar" "Ukrainkaya pravda"ya istinadla xəbər verir ki, rəsmi Kiyev 48 saat ərzində cavab tələb edir. Ukraynanın xarici işlər naziri Dmitri Kuleba tviter hesabında bildirib ki, Kiyev Moskvadan sərhəd bölgələrində və Krımda hərbi fəaliyyətlə bağlı ətraflı açıqlamalar istəyib. Onun sözlərinə görə, Ukrayna Vyana Sənədinin III bölməsində nəzərdə tutulan risklərin azaldılması mexanizmini rəsmən tətbiq edib: “Vyana Sənədinin müddəalarına əsasən, Rusiya hərbi fəaliyyətin aparılması üçün dəqiq əraziləri təqdim etməli, onun başa çatma tarixini, habelə hərbi birləşmələrin adını, tabeliyini, həmçinin ona cəlb olunan silah və hərbi texnikanın növləri, sayını bildirməlidir”, - deyə nazir əlavə edib. Kuleba bildirib ki, Ukrayna Rusiyaya cavab vermək üçün 48 saat vaxt verib. Ukrayna rəsmisinin sözlərinə görə, əgər Rusiya bunu etməsə və ya “qeyri-kafi və ya uyğun olmayan” məlumat təqdim etsə, Kiyev təcili iclas çağırmaq üçün Vyana Sənədinin digər ölkələrinə müraciət edəcək və bu zaman Moskva aydınlıq gətirməli olacaq: “Biz Ukraynanın təhlükəsizliyini təmin etmək üçün bütün diplomatik imkanlardan istifadəyə davam edəcəyik”, - deyə o, fikirlərini yekunlaşdırıb.
A.Məmmədli