Nərimanov rayon Polis İdarəsinin müstəntiqi və əməliyyatçılar bu dələduzu niyə həbs edə bilmir?
"Təzadlar" qəzetinə İmişli rayonunun Əlyetməzli kənd sakini, 06.11.1974-cü il təvəllüdlü, hazırda Bakı şəhəri, Xəzər rayonunun Buzovna qəsəbəsində yaşayan Bəşirov Rövşən Yusifəli oğlunun Baş prokuror Kamran Əliyevə ünvanlı şikayət ərizəsi daxil olub.
Şikayət ərizəsində deyilir:
"Hörmətli Baş prokuror!
Bildirirəm ki, mən Bəşirov Rövşən Yusifəli oğlu 2021-ci ilin oktyabr ayında əvvəlcə özünü Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətində işləyən Mirsaleh Nağıyev kimi təqdim etsə də, sonradan kimliyi Dilafət Xəlil oğlu Xəlilov olduğu məlum olan şəxsə oğlumu işə düzəltmək məqsədilə iki nəfərdən borc alaraq 17 min manat məbləğində pul vermişəm. Çünki Dilafət Xəlilov mənə dəfələrlə DTX-da işlədiyini, eyni zamanda bir çox yüksək vəzifəli şəxslərlə əlaqəsinin olduğunu bildirmişdir. O, hətta Mədət Quliyev, Fuad Ələsgərov, Arif Paşayev və digər tanınmış şəxslərlə yaxın olduğunu bildirərək etibardan sui-istifadə edib, məndən, eyni zamanda digər daha üç nəfərdən də külli miqdarda pul almışdır. O, dəfələrlə mənimlə görüşərkən taksi göndərərək DTX-nın binasının qarşısından onu götürməyimizi bildirmişdir. Mənim sonuncu dəfə Dilafət Xəlilovla 2022-ci ilin yanvar ayında telefon danışığım olub. O, bildirdi ki, yaxın günlərdə oğlumun işi həll olunacaq. Lakin onun günü-gündən vaxtı uzatmağı bizim şübhələrimizə səbəb oldu. Ona görə də mən Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinə şikayət ərizəsi ilə müraciət etdim. Şikayətim araşdırılması üçün təhqiqatçı Vəzirə Samilovaya verilmişdir. Lakin fevralın 17-də aldığım məlumata görə, şikayətimlə əlaqədar Dilafət Xəlilovun barəsində toplanmış material əsasında cinayət işinin başlanılmasının rədd olunması haqqında qərar qəbul edilib. Bildiyim qədər digər şikayətlərlə bağlı onun barəsində axtarış verilmişdir.
Qeyd etmək istəyirəm ki, mən özüm Birinci Qarabağ müharibəsi veteranıyam. Qardaşım oğlu Bəşirov Hakim İkinci Qarabağ müharibəsində şəhid olub. Hazırda himayəmdə qoca xəstə anam, xəstə həyat yoldaşım və tələbə oğlum var. Mən dənizçiyəm. Maddi gəlirim ancaq iş yerimdəndir. Aldığım məvacib isə ancaq iki xəstə ailə üzvümün müalicəsinə və evin ehtiyaclarına çatır. Bu səbəbdən də borc aldığım 17 min manatı sahiblərinə qaytarmağa maddi imkanım yoxdur. Halbuki mən bu pulu oğlumun işə düzəlib gələcəkdə ailə problemlərimizi yüngülləşdirmək məqsədilə alıb vermişdim. Lakin bu gün həmin borca görə maddi durumumuz daha da ağırlaşıb».
R.Bəşirov Baş prokurordan yuxarıda qeyd edilən təhqiqatçının toplanmış materiallar əsasında cinayət işinin başlanılmasının rədd olunması haqqında qərarının ləğv edilərək, işin Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsinə verilməsi barədə göstəriş verməsini xahiş edir.
Məsələ ilə bağlı Dilafət Xəlilovun münasibətini öyrənməyə çalışsaq da, cəhdlərimiz alınmadı. Ancaq araşdırma zamanı bəlli oldu ki, sözügedən şəxs o Dilafət Xəlilovdur ki, hələ vaxtilə törətdiyi dələduzluq əməllərinə görə axtarışda olub. Belə ki, 2013-cü ildə Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan Dilafət Xəlilov digər cinayət əməlləri də müəyyən edilib. Aparılan araşdırmalar nəticəsində həmin şəxsin Laçın rayon sakinləri Vüqar Məmiyevin, Kamil Məmiyevin və paytaxt sakini Xəyyam Ağayevin etimadlarını qazanaraq müvafiq olaraq onlardan 3 min, 6 min 500 və 6 min 800 manat pul alması müəyyən edilib. Və faktlarla bağlı cinayət işi açılıb...
***
Hesab edirik ki, R.Bəşirovun Baş prokuror Kamran Əliyevə ünvanladığı müraciəti araşdırılacaq və məsələyə hüquqi qiymət veriləcək.
“Təzadlar”a daxil olan digər şikayətlərdən məlum olur ki, Dilafət Xəlilov 4 dəfə həbsdə yatıb və bir çox vətəndaşlara qarşı külli miqdarda maddi ziyan vurmaqla dələduzluq edib. Onun vətəndaşları necə aldatmasını sübut edən səs yazıları və s. ətrafında araşdırma gedir. Əlavə məlumat veriləcək. Bu şəxsin yerini bilənlərdən xahiş edirik redaksiyamıza məlumat versinlər. Anonimlik qorunur.
E.ŞİRİNOV