Avropa Parlamentinin sədri Roberta Metsola Avropanın Rusiyanın enerji resurslarından asılılığının tezliklə azaldılmasının tərəfdarı olduğunu bildirib və sensasion bəyanatla çıxış edib...
Sədr deyib ki, Rusiyadan qaz almaq, dolayısı ilə Rusiyanın silahlı təcavüzünün maliyyələşdirməkdir. "Təzadlar" “European Pravda”ya istinadla bildirir ki, o, bu barədə Litvanın LRT telekanalına müsahibəsində bildirib. Metsola qeyd edib ki, Aİ-nin Rusiyaya təzyiq etmək üçün artıq gördüyü işlər müharibə davam edərkən, hətta kafi belə sayıla bilməz. “Avropa Parlamenti və Aİ hər gün aydın mesaj göndərməlidir ki, Putin dayanana qədər biz də dayanmayacağıq”. Roberta Metsola xatırladıb ki, Avropa Parlamenti dərhal Rusiyanı SWIFT ödəniş sistemindən ayırmalıdır və getdikcə daha çox Rusiya bankının sanksiyalara məruz qalmasını israr etməlidir. Sitat: "İkincisi, biz Avropanın Rusiya qazından enerji asılılığını sıfıra endirməliyik. Əgər bu edilməsə, biz müharibəni birbaşa və dolayısı ilə maliyyələşdirməyə davam edəcəyik, bununla da Putinə yeni tankların alınmasında kömək etmiş oluruq. İgid ukraynalılar hər gün rus tanklarını yandırırlar - yeniləri üçün isə Rusiyaya pulu biz veririk. Parlament öz fikrini çox açıq şəkildə ifadə etdi ki, Aİ heç bir üzv ölkənin Rusiya Federasiyasından qazdan asılı olmaması üçün mümkün olan hər şeyi etməlidir".
O, həmçinin qeyd edib: "Mən başa düşürəm ki, indi ayrı-ayrı ölkələrin Rusiya qazına alternativi yoxdur və bu məsələni həll etmək, o cümlədən Kremlin bu zəiflikdən istifadə edib, onlara qaz nəqlini dayandıracağı hədəsini qarşılamaq lazımdır... Biz Putinin bu ssenarisinə də hazır olmalıyıq...".
Ukraynada isə müharibə davam edir... Ukraynanın ABŞ-dakı səfiri Markarova isə "Amerikanın səsi"nə müsahibəsində deyib ki, ABŞ-ın vəd etdiyi hərbi və digər yardımlar artıq Ukrayna sərhədini keçib: "Mən hər şeyi açıb deyə bilmərəm, düşmən bunu bilməməlidir... Amma tezliklə Ukraynanın hava məkanı da bağlanacaq, iş gedir..."
A.Məmmədli