Bir müddətdir dünya dövlətləri Rusiyanın Ukraynaya qarşı apardığı müharibəni qınamaqda və hərbi, humanitar yardımlar etməkdədir...
Lakin Almaniya bu məsələdə tərəddüdlü yolda idi. Nəhayət, Ukrayna Prezidenti Vladimir Zelenski Almaniya kansleri Olaf Şoltsla söhbətindən sonra Almaniyanın mövqeyinin Ukraynanın xeyrinə dəyişdiyini bildirib. Bunu Zelenski feysbuk sosial şəbəkəsində yayımladığı videomüraciətində deyib. Tezadlar.az "Ukrainskaya pravda"ya istinadən bildirir ki, “Almaniya kansleri Olaf Şoltsla müharibə cinayətlərinə görə məsuliyyət daşıyanların hamısını necə məsuliyyətə cəlb etmək, Rusiyaya qarşı sanksiyaları necə gücləndirmək və Rusiyanı sülhə nail olmağa necə məcbur etmək barədə danışdım”, - deyən Zelenski razılığını bildirirb. O, əlavə edib ki, son vaxtlar Almaniyanın mövqeyi Ukraynanın xeyrinə dəyişir: “Mən bunu tamamilə məntiqli hesab edirəm. Çünki bu kursu alman xalqının əksəriyyəti dəstəkləyir. Mən onlara minnətdaram. Amma mən razılaşdığımız hər şeyin həyata keçiriləcəyini gözləyirəm. Və bu çox vacibdir”.
Rusiyanın Ukraynaya qarşı müharibəsi isə yeni fazaya keçməkdədir. Artıq nəinki dünya ictimaiyyəti, elə rus hərbçiləri də başa düşür ki, Ukraynanı diz çökdürmək mümkün deyil. Əksinə, Rusiya kifayət qədər itkilərə məruz qalıb, geri çəkilir.
A.Məmmədli